Kurt Vonnequt “Çempionlar üçün səhər yeməyi və ya Əlvida, qara bazar ertəsi” (“Breakfast of Champions, or Goodbye Blue Monday”) əsərini özünün əlli illiyinə yazıb. Təsadüfə bax ki, bu roman otuz dörd illiyim münasibətilə mənə hədiyyə edilən kitabların arasında idi. Nə olsun? Heç nə, sadəcə sevdiyim yazıçılarla aramda mistik bağ qurmağı xoşlayıram.

Əlli yaşımda elə proqramlaşdırılmışam ki, özümü uşaq kimi aparıram; Amerika himni barədə hörmətsiz söhbətlər edirəm, flomasterlə nasist bayrağı, balaca götlər və başqa şeylər çəkirəm”.

Romanda hadisələr uydurma şəhərdə – Midlend sitidə cərəyan edir. Şəhər ədəbi mükafatların təqdimetmə mərasiminə hazırlaşır. Tədbirin təşkilatçısı, xeyriyyəçiliklə məşğul olan biznesmen bir əsərini belə oxumadığı yazıçını həmin mərasimə dəvət edir. Həmin yazıçı – Kilqor Traut Vonnequtun alter-eqosu hesab edilir. Mən isə o fikirdəyəm ki, Vonnequt Trautu özünə parodiya məqsədilə yaradıb.

Elmi fantastika janrında əsər qələmə alan müəlliflərin əksəriyyəti kimi onun da elmdən başı çıxmırdı”.

 Traut dəvətnaməni aldıqdan sonra yola düşür. Paralel olaraq Midlend sitinin ən varlı sakinlərindən biri, maşın alverçisi Dueyn Quverin həyatı, yaşayış tərzi, dünyaya baxışı və onun asta-asta dəli olması təsvir olunur. Ancaq nə iş yoldaşları, nə də ailəsi onda başlayan şizofreniyanın əlamətlərini görmür. Real həyatda da bu cür hallarla tez-tez rastlaşırıq. Ətrafımızda kimsə (o kimsə özümüz də ola bilərik) dəli olur, intihara sürüklənir, bir sözlə, uçuruma yuvarlanır, ancaq bunun fərqinə varmırıq. Bir müddət sonra baş verənlərə o qədər laqeydləşir, o qədər öyrəşirik ki, dəyişikliyi görmürük, görsək də, özümüzü gicliyə qoyuruq.

“Məndə mədəniyyət, düşüncələrimdə insanlıq və harmoniya yoxdur. Mədəniyyət olmadan isə artıq yaşaya bilmirəm”.

Qəribədir, Vonnequt bütün əsər boyu qəhrəmanların – həm birinci dərəcəli, həm ikincidərəcəli qəhrəmanların ağ və ya qaradərili olduğunu mütləq qeyd edir. Bunu da cəmiyyətdəki irqi ayrı-seçkiliyin nə qədər dərin olduğunu göstərmək üçün edir. Bəziləri kimi ağlaşma qurmur, vay qaraları belə əzirlər, elə əzirlər, sadəcə olanları soyuqqanlılıqla təsvir edir: mətbəxdə işləyənlər, həbs edilənlər, şəhərə buraxılmayanlar, hoteldə qapı açıb örtənlər qaradərililərdir. Adama təsir edən də yazıçının soyuqqanlılığıdır. Çünki onun bu soyuqqanlı münasibətində cəmiyyətdəki laqeyd münasibətin proyeksiyasını görürük. Səhv olduğunu göstərmir, “səhv olduğun üçün bu əsərin qəhrəmanısan” deyir.

Əsəri oxuduqca özümdən asılı olmayaraq təqdimetmə mərasiminə hazırlaşan Midlend Sitini hər hansı beynəlxalq tədbirə hazırlaşan Azərbaycana, daha dəqiq desək, Bakıya bənzətdim.

Midlend Sitinin öyünə biləcəyi bir özəlliyi var: iki yüz metr məsafəyə brass üsulu ilə üzmə yarışlarının çempionu Meri-Ellis Millerin vətənidir.

Azərbaycan da bir özəlliyi ilə öyünür: 11 iqlim qurşağının 9-u bu ərazidə müşahidə edilir.

Tədbirə yerli məşhurlar deyil, pul müqabilində qonşu ştatlardan tanınmış incəsənət xadimləri dəvət olunur.

Bu epizod Bakıda keçirilən FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 tədbirinə dəvət edilən Cenifer Lopezi xatırlatdı.

Yerli sakinlərin məşhurlardan Midlend Sitini bəyənib bəyənmədiklərini soruşması…

Əlbəttə ki, hava limanına enən kimi mikrofonu qonağın ağzına soxub, “Azərbaycan mətbəxindən ən çox hansı yeməyi bəyəndiniz?” sualını verən jurnalist(lər)i yada salmağıma səbəb oldu.

Midlend sitidə qaradərililərin mühüm tədbirlərdə iştirakına qeyri-rəsmi şəkildə icazə verilmirdi.

Nəyi xatırlatdı? Formula-1 yarışlarında şəhərə buraxılmayan qara camaatı.

Kitabda iki personaj arasında mənasız bir dialoq keçir. Biri digərini inandırır ki, Bermud adalarında güzgüyə “gölməçə” deyirlər. Halbuki, belə bir şey yoxdur. Qarşı tərəf aldığı informasiyanın həqiqi olduğuna inanır və bir müddət sonra şəhər əhalisi arasında bu yalan məlumat fakt kimi qeyd edilir.

Bu səhnə naxçıvanlıların guya çəngələ “cırıq qaşıq” söyləməsi mifini yadıma saldı.

Assosiasiyalarımda belə Azərbaycanı bölgələrə böldüyüm üçün fəxr edirəm!

“Sanki ölkə öz vətəndaşlarına deyirdi: “Güc cəfəngiyyatdadır”.

Vonnequt Amerika, Amerika həyatı, amerikalılar, irqçilik, din, seks, qadınlar, nüfuz, pul, şöhrət və digər başqa mövzular barədə fikirlərini yazıçı Kilqor Traut vasitəsilə dilə gətirir. Müəllifin hər əsərində yaşadığı ölkəni ağ yuyub qara sərməyi gözümdən qaçmadı. Bəlkə də elə bu xüsusiyyətidir ki, Vonnequt SSRİ-də ən çox sevilən amerikalı yazıçılardan biri olub. Ancaq bir məqamı da unutmaq olmaz ki, ən çox söyən ən çox canı yanandır, dolayısıyla, ən çox istəyəndir.

Romandan maraqlı bir məlumat öyrəndim. Vyetnam müharibəsində əsir düşən amerikalı əsgərlərin şərəfinə ABŞ-da onların adı, soyadı və təvəllüdü qeyd olunan qolbaqlar istehsal edilirmiş. Kim istəsə, alıb qoluna taxırmış. Əsgərlər geri qayıdana, ya da əsirlikdə ölənə kimi qolbaq sahibi bu qardaşlıq aksessuarını qolundan çıxarmamalı idi.

Əsəri oxumağa başlayanda filmi olduğunu, dəli “ağdamlı” rolunda Bryus Uillisin (Bruce Willis) getdiyini bilirdim. Sağ olsun, nəşriyyat bu barədə üzqabığında məlumat vermişdi.

Əlaqədar şəkil
Eyniadlı filmdən bir səhnə

Maraq məni bürümüşdü ki, görəsən, ekran işi necə alınıb?! Romanda bir müstəviyə gətirilən reallıqla uydurmanın, yazıçının müstəsna incə ironiyasının, problemləri qabartmaq üçün istifadə edilən fantastik elementlərin filmdə necə açılacağı mənə maraqlı idi. Film ümidlərimi doğrultmadı. Aktyor, rejissor işi normal idi, di gəl ki, effektlər adamı qıcıqlandırırdı. Boynuma alıram, 1999-cu il istehsalı olan filmdən böyük effektlər gözləmək axmaqlıqdır. Ekran işində televiziyaya, xüsusilə reklam biznesinə böyük bir yer verilib. Filmin müsbət tərəflərindən biri də məhz bu idi. Klassik oxucu klişesi ilə bloq-posta nöqtə qoyuram: filmdə sonluq dəyişdirilmişdi.

Soldan sağa: yazıçı Kurt Vonnequt, aktyor Bryus Uillis və rejissor Alan Rudolf