Bu dəfə kitabın hissələri, elementləri haqqında məlumat verəcəm.

Cild (hardcover*) ilə üzqabığının (paperback) fərqi nədir? Adətən, hər ikisi eyni mənanı daşıyır. Ancaq hazırlandığı materiala və qalınlığına görə arada fərq var. Cild bir qayda olaraq sıx, qalın kartondan, həmçinin başqa materiallardan (dəri, plasmas, parça) hazırlanır. Üzqabığı isə daha nazik olur. Burada kitabla ilk tanışlıq başlayır. Cild və ya üzqabığının üzərində kitab haqqında – yazıçı, əsərin adı, nəşriyyat və nəşr olunduğu il barədə məlumat verilir.

Solda: üzqabığı, sağda: cild

Müasir kitablarda tez-tez super-üzqabığından (dust jacket) istifadə edilir. Bu, qalın kağızdan hazırlanan, çıxarılıb taxıla bilən üzlükdür. Kitabın cildini çirklənmədən qorumaqla yanaşı, reklam qablaşdırması kimi istifadə edilir. Əslində kitab alındıqdan sonra super-üzqabığı çıxarılıb atılmalıdır, ancaq bəzi kitabsevərlər, içi mən qarışıq onu saxlayır.

Cildin özü də üç hissədən ibarətdir: önarxa qapaq (boards), onurğa (spine).

Adətən kitablar rəfə onurğası görünəcək şəkildə düzülür

Bütün səhifələrin yer aldığı element kitab bloku (book block) adlanır. Blok dəftər vərəqlərindən ibarətdir. Həmin dəftərlər 4-4, 8-8, 16-16, 32-32 şəklində bir-birinə tikilir. Blokun içdən yapışdırıldığı, onurğa enində olan qalın karton kağıza isə layner deyilir.

Kitab blokunun yuxarı hissəsi başlıq (head), yan tərəfi ön kəsim (əvvəllər kitabın adı və sair burada yazılırdı), aşağı hissəsi isə quyruq (tail)adlanır.

Cildin blokdan bir neçə millimetr kənara çıxan hissəsinə haşiyə deyilir. Haşiyə zədələrdən qorumaq üçün nəzərdə tutulur.

Kaptal (almanca “Kaptalband” sözündən olub başbantı deməkdir) kitab blokunu cildə bərkitmək üçün istifadə edilən qalın lentdir. Kitabı hər dəfə rəfdən çıxaranda zədələməmək üçün nəzərdə tutulan bu element onurğanın yuxarı və aşağı hissələrində yerləşir. Orta əsrlərdə kaptallar adətən gözəl görünsün deyə rəngli iplərdən toxunurdu.

Cildin iki əsas struktur növü var – bütövkompozit. Birinci bütöv bir materialdan hazırlanır. İkinci isə müxtəlif materiallardan ibarət olur. Məsələn, qapaqlar kartondan, onurğası parçadan və s.

Kitab blokunun növbəti elementi lyasse (almanca “Lesezeichen” sözündən olub əlfəcin deməkdir) adlanır. Lyasse tipoqrafiyada kitaba lent şəklində bərkidilmiş əlfəcinə deyilir.

Əlaqədar şəkil

Onurğada relyefli çıxıntılara bint deyilir. Həmin bintlər dəftərlərin tikildiyi yerlərdir. Hazırda bintlərdən bəzək kimi istifadə edilir.

HD wallpaper: assorted-title books, old, tomes, library ...
Onurğadakı paralel horizontal, qabarıq zolaqlara bint deyilir

Buraxılış məlumatları sonda kağızın formatını, səhifə sayını, nəşriyyat, ISBN kodu, tiraj və sair haqqında məlumat verilən hissədir.

Konqrev istənilən formalı qalın kağızda qabarıq elementin hazırlanma prosesinə deyilir. Ştamp və kontrştampdan istifadə edilən xüsusi presslərdə hazırlanır. Poliqrafiya məhsulu bu ştampların arasına yerləşdirilir, sonra yüksək təzyiq altında qabarıq relyef alınır. Bu cür naxış vurma üsulu ingiltərəli usta Uilyam Konqrevin şərəfinə adlandırılıb.

Bir də qızılı folqa ilə naxış vurma var. Bu halda yazılar, bəzi elementlər qabarıq hal alır.

Əlaqədar şəkil

İstənilən kitab forzats (flyleaf) ilə başlayır. Bəs forzats nədir? Forzats (almanca “Vorzats” sözündən olub niyyət, plan deməkdir) kitab blokunu cild qapağı ilə birləşdirən qalın vərəqdir. Tərtibat xarakterinə görə sadə, tematik və dekorativ forzatslar olur. Arxa forzats naxzats (almanca “Nachsatz” sözündən) adlanır.

Forzatsın ardınca titul vərəqi (latınca “titulus” sözündən olub başlıq deməkdir)gəlir. Əsərin əsas mətndən öncə gələn səhifələridir. Burada əsas məlumatlar yerləşdirilir: əsərin, müəllifin və nəşriyyatın adı, nəşr olunan tarix və yer. Klassik titul vərəqi 4 səhifədən ibarətdir: titul, avantitul, kontrtitul, frontispis.

Müasir nəşrlərdə birinci səhifəyə adətən nəşriyyatın adı qeyd edilir. İkinci səhifə avantitul adlanır, burada əsərin orijinal adı və s. yazılır. Avantitulla üzbəüz səhifə kontrtitul adlanır. Burada da əsərin, müəllifin adı yer alır. Əlavə olaraq nəşriyyat, nəşr tarixi haqda məlumat verilir.

 Frontispisdə (fransızca “frontispiece” sözündən olub ön hissə deməkdir ) (Plate and Cut) müəllifin portreti və ya əsərin məzmununu açan illüstrasiya yerləşdirilir. Adətən kitabın vərəqlərindən daha keyfiyyətli vərəqdə çap edilir. Ancaq strukturun mütləq elementi hesab edilmir.

Titulda boş saxlanılan vərəq vakata (ingiliscə “vacant” sözündən olub boş deməkdir) adlanır. Kompozisiyanı yükləməmək üçün nəzərdə tutulur.

Kontentə keçək. Burada ilk tanış olacağımız termin spred olacaq.

Spred (ingiliscə “spread” sözündən) açılan kitabın iki qonşu səhifələridir. Spredin görünüşü cildləmə texnikasından və cildləmə materialından asılı olaraq dəyişir. Hərdən bunlara görə iki qonşu səhifə tam açılmır.

Annotasiya (latınca “annotomik” sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir) kitab, jurnal və məqalənin məzmununun qısa şəkildə şərhidir.

Mündəricat (Table of Contents) bir növ kitabın bələdçisidir. Burada topluda yer alan əsərlərin, məqalələrin siyahısı və onların başladığı səhifənin nömrəsi qeyd edilir. O, ya kitabın əvvəlində, ya da sonunda yer alır. Klassik versiyada mündəricat sonda olur.

Əlaqədar şəkil

Müqəddimə hər hansı bir əsərin, kitabın əvvəlində verilən izahedici məqalədir. Müqəddiməni müəllif özü, dostu və ya həmkarı, kitabın redaktoru və ya müvafiq sahənin mütəxəssisi yaza bilər. Burada müəllif və onun yaradıcılığı barədə məlumat verilir.

İllüstrasiya (latınca “illustratio” sözündən olub əyani təsvir deməkdir) nəşrlərdə mətnlə bağlı, mətnin izahına kömək edən, onu müşayiət edən və tamamlayan təsvirlərə deyilir. Bura nəinki şəkillər, eyni zamanda fotoşəkillər, xəritələr, sxemlər, cədvəllər də daxildir.

The Holy Land and the Bible. A Book of Scripture Illustrations ...

Şmutstitul (almanca “Schmutztitel” sözündən olub çirk başlığı deməkdir) (bastard title/halftitle) kitabın bölmələrindən öncə gələn xüsusi səhifədir. Köhnə nəşrlərdə şmutstitul titul vərəqindən və ya mətndən öncə gəlirdi və onu çirklənmədən qoruyurdu. Elə adı da daşıdığı vəzifədən götürülüb. Almanca “schmutz” “çirk” deməkdir. Müasir kitablarda isə bir qayda olaraq bölmə və ya fəsilin adından, epiqrafdan ibarət olur. Adətən sağ səhifədə yerləşir və arxası boş saxlanılır. Tərtibatından asılı olaraq sadə, dekorativ, kombinasiyalı, məzmunlu illüstrasiyalı ola bilər. Nəşrin tərtibatına qənaət etmək lazım gəldikdə şmutstitul şapka və ya başlıqla əvəzlənir. Bu da əsas mətndən yığıldığı hərflərin daha böyük ölçülü olması ilə fərqlənir.

Hissələr və bölmələr üzrə rahat hərəkət etmək üçün tez-tez şmutstitul əlavə edilir. Onlar oxucunun diqqətini cəlb edirlər. Kitabın nəşrində şmutstitula əsas fikirləri, ibrətamiz kəlam və ya ifadələri çıxarmağa çalışırlar.

Son söz müəllifin əsas mətnindən sonra yer alan yekun məqalədir. Burada yekun vurulur, qısa xülasə və nəticələr qeyd edilir.

Qeyd və ya şərh (footnotes/endnotes) elmi-populyar və ya bədii mətnlərin məzmunu daha yaxşı başa düşmək üçün yerləşdirilən izahedici kontentdir. Şərhlər həm səhifənin aşağısında, həm də kitabın sonunda ola bilər.

Adlar siyahısı lazım olan informasiyanın axtarış prosesini asanlaşdıran yardımçı mətnlərdir. Siyahı adətən əlifba sırası ilə tərtib olunur. Burada nəşrin səhifələrində çap olunan əşya və adların sadə və ya mürəkkəb siyahısı və həmin səhifələrə keçid yer alır.

Kolontitul (fransızca  “colonne” və latınca  “titulus” sözlərindən olub sütun başlığı deməkdir) səhifənin yuxarı və aşağı sahələrində yerləşdirilən xidməti informasiyadır. Məsələn, bu müəllifin adı, əsərin, bölmənin, fəslin, paraqrafın adı, tarix, səhifənin nömrəsi və s. ola bilər. Bu, böyük həcmli sənədlərlə işi asanlaşdırır və çap olunandan sonra kitabın rahat oxunmasını təmin edir. Ən çox lüğətlərdə və toplularda istifadə edilir.

Ekslibris (latınca “ex libris” sözündən olub kitabdan, kitabxanadan deməkdir) kitab cildinin içəri tərəfinə, adətən forzatsa yapışdırılan və kitab sahibinin adı olan bədii nişanı, möhürüdür. Fərdi nişan kitab sahibinin adını, emblemini və ya başqa bu kimi məlumatları özündə əks etdirə bilər.

 Futlyar (almanca “futteral” sözündən) nəşrin daşınması və reklamı üçün nəzərdə tutulan qalın qablaşdırma qutusudur. Adətən bir və ya bir neçə cildin birlikdə satışı üçün nəzərdə tutulur.

İndi isə keçək tədbirimizin bədii hissəsinə. Kitabsevərlər öz aralarında mənim ləqəbimə uyğun bir ifadə də işlədirlər: tülkü ləkələri və ya foksinq. Köhnə kitab vərəqlərində meydana çıxan sarımtıl, kürən yumru ləkələrə foksinq deyilir. Bu ləkələrin rəngi bəzən sarıdan qaraya kimi dəyişir. Bir qayda olaraq, nəm şəraitdə saxlanılan kağızın oksidləşməsi nəticəsində meydana çıxır. Kolleksiyaçılar bu ləkələri foks və ya foksinq (ingiliscə “fox” sözündən olub tülküləşmə deməkdir) adlandırırlar, çünki onlar çox vaxt tülkünün xəzi rəngində – kürən rəngdə olurlar. Foksinqlər həmişə nəşrin köhnə və ya qiymətli olması anlamına gəlmir. Məsələn, uyğun şəraitdə saxlanılmayan 1960-cı illərdə işıq üzü görən kitablarda da bu cür ləkələrə rast gəlmək mümkündür.

Bəs kitab və parçalarda foksinqlər niyə əmələ gəlir? Bununla bağlı iki nəzəriyyə var – abiotik və biotik versiya. Birinci versiyaya əsasən, material uzun müddət yüksək nəm şəraitin təsirinə məruz qaldıqda oksidləşir. İkinci versiyada isə səbəb kimi mikroorqanizmlərin (kif, göbələk və bakteriyalar) təsiri göstərilir. Alimlərin çoxu biotik versiya ilə razılaşmasa da, bu versiyanın kiyafət qədər tərəfdarı var.

Mətnin video-formatı:

_______________________

* mötərizədə, altı xətli şəkildə qeyd edilən sözlər terminlərin ingiliscə adıdır.