Bədii ədəbiyyat nümunələrində tez-tez müəyyən xəstəliklər əks olunur, həmin xəstəliklərdən əziyyət çəkən insanların həyat həkayəsindən bəhs edilir. Tibb sahəsinin ədəbiyyata təsirinə tez-tez rast gəlirik. Mən isə sizə ədəbiyyatın tibbi terminlərə təsirindən danışmaq istəyirəm. Beləliklə, bu dəfə bədii qəhrəmanların şərəfinə adlandırılan sindromlara, patologiyalara göz atacağıq.

1.      Madam Bovari sindromu

Emma Bovari fransız yazıçısı Qustav Floberin yaratdığı bədii personajdır. O, Çarlz adlı əyalət həkimi ilə evlənir. Bir müddət sonra evlilik həyatının həmin dövrün romantik kitablarında təsvir olunanlara uyğun gəlmədiyini görür. Emmanın başı öz istəklərinə o qədər qarışır ki, tərəddüd etmədən ailəsini borca soxur, qızına məhəl qoymur və ətrafdakılara ziyan vurmağa başlayır. Bu, ideallaşdırılmış məhəbbət axtarışında olan, reallıqla barışmaq istəməyən, reallıq hissini itirən bir qadının faciəsidir.

Bu termindən ilk dəfə kim istifadə edib?

Psixoloji patologiyanı ilk dəfə 1892-ci ildə filosof Jülyen de Qotye (Jules de Gaultier) təsvir edib. O, essesində “xroniki emosional məmnuniyyətsizlik”dən əziyyət çəkən stereoitip kimi Emma Bovari obrazına istinad edib.

Simptomları

  • Yeganə məqsəd kitablarda, romantik filmlərdə təsvir olunan cəngavərlər kimi sevgili tapmaqdır. Ağ atlı şahzadə gələcək, bütün problemləri həll edəcək, gözəl həyat bəxş edəcək.
  • Tanış olduqları hər növbəti insanı ideallaşdırırırlar, dağın başına qoyurlar. Bir sözlə, eşq gözlərini kor edir.
  • Daim nədənsə narazıdırlar, məmnun deyirlər. Münasibətə başladıqdan sonra sevgililərinin ideal insan olmadığını, onun da çatışmazlıqları olduğunu görürlər. Bu da onlarda böyük məyusluğa səbəb olur.

Diaqnoz: Real faktları uydurma ilə dəyişdirməyə, qeyri-mümkün olsa belə, arzularınızı həyata keçirməyə çalışırsınız? İstəyiniz naminə ətrafınızda olan hər şeyi və hər kəsi tapdalayıb keçməyə hazırsınız? Gerçək həyatı qəbul etməyib, xəyal dünyasında yaşamağa davam edirsiniz? Təbrik edirəm, “bovarizm” xəstəliyindən əziyyət çəkirsiniz.

2.      Martin İden sindromu

Martin İden amerikalı yazıçı Cek Londonun eyniadlı romanının baş qəhrəmanıdır. Martin İden adi bir dənizçidir. O, burjua çevrəsindən tanış olduğu qızın xoşuna gəlmək üçün həyatda uğur qazanmaq istəyir və öz üzərində işləməyə başlayır, məşhur yazıçı olur. Əmək sevərliyi, dəmir iradəsi, məqsədyönlülüyü onu qarşısına qoyduğu hədəfə çatdırır. Ancaq xoşbəxt olacağını gözlədiyimiz bir vaxtda qəhrəman depresiyyaya düşür, çıxış yolu kimi intihara əl atır.

Əlaqədar şəkil

Bu termindən ilk dəfə kim istifadə edib?

İlk dəfə rusiyalı psixoloqlar Vadim Rotenberq və Viktor Arşavski “nailiyyət depressiyasına” Martin İdenin adı verən şəxslər olublar.

Simptomları

  • Gecə-gündüz bilmədən çalışmısınız, uğur qazanmasınız, ancaq həyata marağınız itib.
  • Maneələri dəf edərək ali məqsədinizə çatmısınız, amma istədiyiniz zövqü ala bilmirsiniz. Təhlükəli apatiya vəziyyətinə düşürsünüz.
  • Bu günlə yaşamırsınız. Hal-hazırda zövq ala biləcəyiniz sadə şeyləri qeyri-müəyyən müddətə təxirə salırsınız.

Psixoloqlar bu paradoksu müxtəlif cür izah edir. Bəziləri qeyd edir ki, bu sindromdan əziyyət çəkənlər fiziki və psixoloji tükənirlər, uğur naminə normal istirahət etmirlər, yatmırlar və qidalanmırlar. Digərləri isə səbəbi gözləntilərdə görürlər. Ona görə həyatınızın ali məqsədinin boş çıxacağı təqdirdə məsləhət verirlər ki, həmişə “ehtiyatda” başqa arzu da saxlamaq lazımdır. Buna həmçinin postdissertasiya sindromu da deyilir. Ağır sessiya başa çatdıqdan, dissertasiya işi müdafiə edildikdən sonra tələbələrdə tez-tez ruh düşkünlüyü müşahidə edilir.

3. Dorian Qrey sindromu

“Dorian Qrey” ingiltərəli yazıçı və şair Oskar Uayldın eyniadlı romanının baş qəhrəmanıdır. Bu, həmişə cavan qalmaq üçün ruhunu şeytana satmağa razı olan şöhrətpərəst gənc haqqında pritçadır.

Simptomları

  • Xarici görünüşünüz, fiziki cəlbediciliyiniz sizdə maniakal narahatlıq yaradır.
  • Qocalığı qəbul edə bilmirsiniz, qocalmaqdan qorxursunuz.
  • Bunu geyim tərzinizi gənclərinkinə uyğunlaşdırmaqla, plastik cərrahların təklif etdiyi prosedurlardan və kosmetik vasitələrdən istifadə etməklə kompensasiya edirsiniz.

Bəzən bu narahatlıq depressiya və intihar cəhdləri ilə başa çatır. Bu cür hallar publik şəxslər – aktyorlar, müğənnilər arasında geniş yayılıb.

4. Piter Pen sindromu

Piter Pen şotlandiyalı yazıçı Ceyms Metyu Barrinin (James Matthew Barrie) qələmə aldığı nağılların baş uşaq personajıdır. O, böyümək istəmir və məsuliyyətdən qaçmaq üçün xəyali Netlandiya ölkəsinə qaçır. Piter Pen burada özünü azad, əhəmiyyətli və vacib insan hiss edir.

Bu termindən ilk dəfə kim istifadə edib?

Sindrom ilk dəfə 1983-cü ildə amerikalı psixoloq Deniel Kayli (Daniel Kiley) tərəfindən təsvir olunub. Bu cür insanlar böyüməkdən qorxurlar. Sindrom rəsmi olaraq psixoloji patologiya kimi qəbul edilməyib. Daha çox bundan kişilər əziyyət çəkir. Səbəb kimi valideynlərin uşaq vaxtı həddindən artıq qayğı göstərməsi, himayə etməsi  göstərilir.

Bu cür insanlara “kidalt” da deyilir (ingiliscə “kid” və “adult” sözlərinin birləşməsindən əmələ gəlib, yetkin uşaq deməkdir). 

Simptomları

  • Evlilikdən, dünyaya uşaq gətirməkdən qaçırlar.
  • Çox vaxt uşaqların xoşladığı rəngdə, cizgi filmlərindən səhnələr çap edilmiş paltar və oyuncaqlar alırlar.
  • Sosial ünsiyyətdə çətinlik çəkilər.
  • Uzunmüddətli münasibət qurmurlar. Bura dostluq, sevgi, qonşuluq və sair münasibətlər daxildir.
  • Uşaq kimi davranırlar. Tez-tez qışqırırlar, isterika salırlar, yalvarırlar, şikayətlənirlər.
  • Emosional cəhətdən “qızıl ortanı” tapa bilmirlər. Ya çox qızğın şəkildə reaksiya bildirirlər, ya da küt kimi davranırlar.
  • Reallıqdan qaçmaq üçün qarşılarına əlçatmaz məqsədlər qoyurlar, spirtli içkilər qəbul edir və ya yüngül narkotik maddələrdən istifadə edirlər.

5. Vendi sindromu

Elə yuxarıda adıçəkilən nağıllar seriyasının başqa qəhrəmanının adına az tanınan digər sindrom da var. Vendi Darlinq uşaq olsa da, daha yetkin davranışları ilə seçilir. Bu termindən də ilk dəfə psixoloq Kayli istifadə edib.

Əlaqədar şəkil

Sindrom daha çox qadınlarda müşahidə edilir. Həyat yoldaşına və ya sevgilisinə analıq mövqeyindən yanaşır, onu anası kimi himayə edir, ona anası kimi nəzarət edir.

Simptomları

  • Perfektsionizm. Həmişə hər şeyi ən mükəmməl şəkildə yerinə yetirməyə çalışır.
  • Daim fədakarlıq edir. Sevgilisini qane etmək və ya onunla daha çox vaxt keçirmək üçün istəklərindən, karyerasından, hədəflərindən imtina edir.
  • Həmişə sevgilisinin işlərində iştirak etməyə çalışır. Məsləhət verir, strategiyalar irəli sürür, alternativ variantlar səsləndirir.
  • Hər vasitə ilə münaqişədən qaçmağa çalışır.
  • Günahkar özü olsa da, olmasa da, tez-tez üzr istəyir.
  • Aid olduğu cəmiyyətdə müdrik qadın obrazına əməl etməyə çalışır.

Əsas səbəb kimi rədd edilmə qorxusu göstərilir. Piter Pen sindromunda olduğu kimi bu kompleks də uşaqlıqdan gəlir. Valideynlərin amansız tənqidi davranışı bu cür nəticələnir. Onlar sözləri və əməlləri ilə övladlarına göstərirlər ki, ya sən bizim tələblərə uymalısan, ya da bizim sən adda qızımız yoxdur. Bütün bunları nəzər alsaq, əminliklə söyləyə bilərik ki, Azərbaycanda qadınların 75% -i Vendi sindromundan, kişilərin isə 90%-i Piter Pen sindromundan əziyyət çəkir.  Ölkənin adını dəyişib Netlandiya qoya bilərik.

6. Alisa Möcüzələr ölkəsində sindromu

Termin ingiltərəli yazıçı, riyaziyyatçı, filosof  Lyuis Kerrolun (Lewis Carrol) eyniadlı romanından götürülüb. Bu sindromdan əziyyət çəkən insanlar ətrafdakı əşyaların proporsiyasını dərk etməkdə çətinlik çəkirlər. Ya əşyalar gözlərinə həddindən artıq kiçik, ya da inanılmaz dərəcədə böyük görünür.

Simptom daha çox uşaqlıq dövründə müşahidə olunur.

İlk dəfə bu termindən 1955-ci ildə britaniyalı psixiatr Con Todd (John Todd) istifadə edib. Alim yazıçının da bu xəstəlikdən əziyyət çəkdiyini ehtimal edirdi.

7. Plyuşkin sindromu

Termin Qoqolun “Ölü canlar” əsərinin personajlarından biri – mülkədar Stepan Plyuşkinin adından götürülüb. Bu pozğunluq başqa cür də adlanır: Diogen sindromu, silloqomaniya və ya patoloji yığıcılıq.Qocaldıqca meydana çıxan kəmağıllıq nəticəsində lazımsız əşyaları toplamaq vərdişidir.

Daha gənc yaşlarda da Plyuşkin sindromuna tutulmaq mümkündür. Ciddi kəllə-beyin zədəsi, beyində uğursuz əməliyyat, insult və ya infeksiya (meningit, ensefalit) belə xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu pis vərdişdən əziyyət çəkən insanlar evlərini əsl zibilxanaya çevirirlər, mənzildə rahat şəkildə gəzmək, rahatlıq tapmaq mümkün olmur.  Hətta son dövrlər “TLC” kanalında bu cür insanlara həsr olunmuş əyləncəli veriliş yayımlanırdı. Bir qrup şəxs evini sözün əsl mənasında “bardaka” çevirən insanların mənzilində təmizlik işləri aparırdı.

Simptomları nələrdir?

  • Gələcəkdə lazım gəldi gəlmədi, bütün köhnə əşyaları saxlayırlar.
  • Sortlaşdırmadan, ayırmadan hamısını bir yerə yığırlar.
  • Təmir və bərpa işləri üçün köhnə əşyalardan istifadə etmirlər.

ABŞ-ın xroniki xəstəliklər üzrə milli araşdırma komissiyası patoloji yığıcılığın səviyyəsini xarakterizə etmək üçün 5 ballıq şkala müəyyənləşdirib. Birinci səviyyədə qapılara və pilləkanlara maneəsiz çatmaq mümkün olur, yaşayış üçün heç bir təhlükəli vəziyyət yoxdur, səliqəsizlik elə də ciddi hal almayıb. Beşinci, ən yüksək səviyyədə evdə ciddi zədələr gözə dəyir, divarlar dağılmış vəziyyətdə olur, elektrik enerjisi kəsilir, su təchizatı və kanalizasiya sistemi işləmir və s. Ev yararsız halda olduğu üçün mənzilin sahibi evdən kənarda (maşında, həyətdə) yatmağa üstünlük verir.

Eyni material video formatda: