Müxtəlif mövzulara uyğun kiçik siyahılar tərtib etmək qərarına gəldim. Mövzu seçimində çətinlik çəkmədim. Bədbinliyim, düşkün əhval-ruhiyyəm bu işdə köməyimə çatdı. Mütaliə etdiyim bədii kitabların arasından “itki” mövzusuna həsr olunmuş 6 əsər seçdim.

Əvvəldən qeyd edim ki, siyahı tamamilə subyektiv xarakter daşıyır və şəxsi zövq meyarlarıma uyğun tərtib edilib. Azadlığını, mal-dövlətini itirənlərdən deyil, yaxınının/sevdiyi insanın fiziki itkisi – ölümü ilə üzləşən, belə bir təhlükə ilə qarşılaşan və ya belə bir travmadan keçən qəhrəmanlardan danışacam. 

Siyahıya elə əsərləri salmağa çalışdım ki, həmin əsərlərin süjeti itki üzərində qurulsun, ya da bu mövzunun süjetə bilavasitə təsiri olsun. Nisbətən zəif hesab etdiyim əsərlə başlayacam, güclüyə doğru gedəcəm. Daha bir məqamı qeyd edim ki, sitatları da mövzuya uyğun seçməyə çalışmışam.

  1. Sesilia Ahern “P.S. Mən səni sevirəm” (“P.S. I Love You”, Cecilia Ahern)

Əsərin baş qəhrəmanı otuz yaşlı Holli Kennedinin həyat yoldaşı vəfat etdiyi üçün o, ağır günlərdən keçir. Elə bu vaxt bir bağlama alır. Bağlamadan ərinin ona yazdığı on məktub çıxır. Cerri həmin məktubları sağ ikən yazıb və yalnız bir şərt irəli sürür: hər ay bir məktub açılmalıdır və orada qeyd edilən tapşırıq mütləq yerinə yetirilməlidir.

PS, I Love You (novel) - Wikipedia

Əsəri 6 il əvvəl oxumuşam. Həmin vaxt roman qeyri-adi süjeti ilə böyük səs-küyə səbəb olmuşdu. Mənim də diqqətimi məhz bu ajiotaj cəlb etmişdi. Bu janrda qələmə alınmış əsərlərdən epistolyar strukturu, səmimiyyəti, mövzusu ağır olsa da, əyləncəli dili ilə seçilir. Bəlkə indi oxusam, mətnin sadəliyindən dolayı bəyənmərəm. Ancaq həmin vaxt Cerri gözümdə əsl qəhrəmana çevrilmişdi. Öləndən sonra da sevdiyin insanın qeydinə qalmaq, ayaqda qalmaq üçün onda həyat eşqi oyatmaq, məncə, əsl qəhrəmanlıq nümunəsidir. Hətta qaza gəlib, gündəliyimdə ailə üzvlərimə, sevdiyim insana və rəfiqələrimə müraciət də ünvanlamışdım. Məncə, böyük itki ilə üzləşəndə hər birimizin tutunacaq kiçik saman çöpünə belə ehtiyacımız olur.

Qeyd edim ki, 2007-ci ildə əsər əsasında eyniadlı fim ekranlara çıxıb. Baş rollarda Hillari Suonk (Hilary Swank) və Cerard Batler (Gerard Butler) çəkilib.

Yaddaqalan sitat: “Cerri həmişə onun xatirələrində yaşayacaq. Ancan bunun üçün ilk növbədə o özü yaşamağı öyrənməlidir”.

  • Haruki Murakami “Norveç Meşəsi” (“Norwegian wood”, Haruki Murakami)

Bu romanın süjeti bütövlükdə deyil, qismən itki üzərində qurulub. Vatanabe adlı oğlan məktəb yoldaşı Kidzuki və onun sevgilisi Naoko ilə yaxın dostdur. Lakin Kidzukinin intiharı bu dostluq iddiliyasını pozur. Bu gözlənilməz ölüm dostları dərindən yaralayır, həm də onların yaxınlaşmasına səbəb olur. Eyni hadisənin, eyni itkinin müxtəlif insanlara müxtəlif cür təsir etdiyini görürük. Onlar bu böyük çətinliyin öhdəsindən gəlmək üçün bir-birlərində nicat tapmağa çalışırlar. Birində alınır, birində yox. Biri xatirələrin səsini boğa bilir, həyatına davam edə bilir, digəri yox.

Bu əsər əsasında da 2010-cu ildə film çəkilib. Ən az roman qədər ekran işini də xoşlayıram. Həzin musiqi, tutqun səhnələr əvəzolunmaz itki hissinin verdiyi bütün ümidsizliyi əsk etdirə bilib.

Yaddaqalan sitat: Naokonun ölümünə görə ağrı hiss edirsənsə, yaşadığın müddət ərzində o ağrını içində saxla. Ona görə öyrənməli olduğun nəsə varsa, qoy həmin şey səni öyrətsin”.

  • Culian Barns “Aqibət duyğusu” (“The Sense of Ending”, Julian Barnes)

Növbədə Culian Barnsa “Buker” mükafatı qazandıran “Aqibət duyğusu” romanıdır. Barns ən çox sevdiyim 5 yazıçıdan biridir. O, İen Makyuen, Kadzuo İsiquro ilə birlikdə müasir Britaniya ədəbiyyatının üç böyük sütununundan biri hesab edilir.

“Norveç meşəsi”ndə olduğu kimi bu əsərdə süjet intihar hadisəsinin qəhrəmanların taleyinə, düşüncələrinə təsiri üzərində qurulub. Bir adam özünü öldürür və onun əlaqəsi olan bir neçə insanın həyatı – keçmişi və gələcəyi dəyişir. Bəli, keçmişi. Barns qələmə aldığı bu romanla keçmişin də dəyişə biləcəyini, həqiqət bildiyin şeylərin əslində dəhşətli anlaşılmazlıq olduğunu  göstərir.

Əsər 2017-ci ildə ekranlaşdırılıb. Aktyor heyəti kifayət qədər güclü olsa da, filmi bəyənmədim. Ekran işi qəhrəmanının əsərdəki düşüncələrini, yaşadıqlarını, incə yumor hissini şəxsən mənə ötürə bilmədi.

Yaddaqalan sitat: “Ömür əldən gedir, daha doğrusu, ömrün özü də olmasa, başqa bir şey – insanın həyatda nələrisə dəyişmək imkanı tükənir”.

4. Ann Filip “Bir göz qırpımında” (“Le Temps d’un soupir”, Anne Philipe)

Bu kiçik həcmli əsər avtobioqrafik xarakter daşıyır. Belə ki, müəllif fransız aktyoru Jerar Filipin həyat yoldaşıdır. Jerar Filipi hamımız “Fanfan zanbaq” filmindən tanıyırıq. Jerar Filip məhz Fanfan obrazı ilə uşaqlıq illərimizin seks simvoluna çevrilmişdi. Halbuki həmin dövrdə heç “seks simvol” deyə bir ifadə yox idi. O qədər uzaq bir dövrdən danışıram. Sən demə, aktyor Parisdə qaraciyərində xərçəng xəstəliyindən dünyasını dəyişib. Bu məlumatı da məhz bu əsəri oxuduqdan sonra bildim. Jerar Filip gənc yaşında, yaradıcılığının çiçəkləndiyi bir dövrdə vəfat edib.

Bu əsər böyük itki ilə üzləşən bir qadının etirafıdır. Ərinin sağalmaz xəstəliyə tutulduğunu öyrənən Ann Filip həkimlərin məsləhəti ilə bunu ondan gizlətmək qərarına gəlir. Və son günlərinədək ərini sağalacağına, tez bir zamanda ayağa qalxacağına inandırmağa çalışır.

Bu əsəri almağıma da həmin vaxt oxşar hadisə ilə üzləşməyimiz səbəb olmuşdu. Elə bilirdim, oxuyandan sonra bütün suallarıma cavab tapacam, müəllif də mənim haqlı olduğumu yazacaq. Lakin gördüm ki, hər bir itki və həmin itkinin təsiri individualdır. Başqalarının yarası, hansı yolla şəfa tapması həmişə təsəlli olmaya bilir. Bəzən özün, təkbaşına ayağa qalxmalı olursan.

Yaddaqalan sitat: Yarpağa nə var ki? Başqaları cücərəcək. Sən ölürsən, başqa bir insanın doğulduğu mənə təsəlli ola bilərmi?”

  • Boris Vian “Günlərin köpüyü” (“L’Écume des jours”, Boris Vian)

“Günlərin köpüyü” fransız yazıçısı Boris Viana dünya şöhrəti gətirən romandır. Əsər iki gəncin sürrealist dünyada cərəyan edən məhəbbətindən bəhs edir. Bu kitab eyni zamanda sürrealist üslubda mütaliə etdiyim ilk bədii əsər oldu. Bəlkə də bu səbəbdən məndə yeri başqadır.

Əsər xoşbəxt səhnələrlə, nikbin notlarla başlayır. Elə ki, baş qəhrəmanın sevgilisi ölümcül xəstəliyə düçar olur hər şey dəyişir: müəllifin üslubu bədbinləşməyə başlayır, təsvirlər sönükləşir, hər sətirdən qaramat yağmağa başlayır. Məncə, bir itki yalnız bu şəkildə gözəl təsvir edilə bilərdi.

Əsər əsasında ekranlaşdırılan film də estetik zövq verir. Sürrealist səhnələr kifayət qədər uğurlu alınıb. Baş rolları Fransa kinomatoqrafiyasının sevimliləri – Romen Dyuris və Odri Totu canlandırıb.

Yaddaqalan sitat: “Siz heç başa düşürsünüzmü ki, öz-özümə “Xloya öldü” söyləmək nə deməkdir?”

  • Conatan Safran Foer “Dəhşət ucadan və inanılmaz yaxın” (“Extremely Loud & Incredibly Close”, Jonathan Safran Foer)

Sonuncu yerdə bu mövzuda yazılmış ən yaxşı, eyni zamanda qeyri-adi əsərlərdən biri hesab etdiyim Conatan Safran Foerin 2005-ci ildə işıq üzü görən “Dəhşət ucadan və inanılmaz yaxın” romanıdır. Siyahıda yer alan digər əsərlərdən fərqli olaraq, bu dəfə baş qəhrəmanımız doqquz yaşlı Oskar Şelldir. Oskar 11 sentyabr hadisələrində atasını itirib. O, günlərin bir günü mərhum atasının vazasından açar tapır. Və bu kiçik tapıntı balaca oğlanı yeni macəralara sürükləyir. O, nəyi axtardığını bilmədən axtarışa başlayır. Oskar həmin açarla həqiqəti tapacağına, atasını niyə itirdiyinin səbəbini başa düşəcəyinə, bəlkə də, bu itkini qəbul edə biləcəyinə inanır.

Əsərin təhkiyə üslubu da maraqlıdır. Hekayəni nəql edən elə 9 yaşlı Oskar Şellin özüdür. Balaca bu yolda ailəsinin sirləri, keçmişdə baş verən səhvlərlə tanış olur. Ağır kitabdır. Balaca uşağın ümidsiz çırpıntıları, həsrəti bu ağırlığı daha da artırır. Oxuduqca Oskar kimi qəfil ölümün ədalətsizliyinə üsyan etmək istəyi artır. Kədəri qəbul etməyi, onunla yaşamağın nə qədər çətin olduğunu doqquz yaşlı uşaqdan öyrənmək də bir başqa dərddir.

Əsər əsasında 6 il sonra eyniadlı film ekranlaşdırılıb. Aktyor heyətinin tərkibində ən sevimli aktrisam Sandra Bullok və Tom Henks yer alsa da, ekran işini elə də bəyənməmişdim. Oskar Şell əsərin əvvəlində üsyankar davranışı ilə qıcıq oyatsa da, hadisələr cərəyan etdikcə onun bu davranışına haqq qazandırırıq, necə çətin dövrdən keçdiyini başa düşürük. Əsərdəki Oskar Şell ilə birlikdə itkinin özündən sonra buraxdığı boşluqla mübarizə aparırıq. Amma filmdəki Oskar Şell tamaşaçıda mərhəmət hissi oyatmır, hər səhnədə yaxasından tutub silkələmək istəyir adam.

Yaddaqalan sitat: “Yalnız itirmək istədiklərimin qədrini bilirəm”.

“Ümid edirəm, heç vaxt həyatınızı “əvvəl və sonra” deyə iki hissəyə ayıracaq itki ilə üzləşməzsiniz” demək bir balaca riyakarlıq olardı, amma belə deyə bilərəm: “Ümid edirəm, belə bir travma ilə mümkün olduğu qədər gec tanış olarsınız”.

Mətn video formatda: