Köhnə iş yerlərimdən birində (bəli, mənim bir neçə köhnə iş yerim olub) hava şəraitindən asılı olaraq nahar fasiləmi iki cür dəyərləndirirdim:

1) hava yaxşıdırsa, “Sahil” parkına düşüb gəzişirdim;

2) hava pisdirsə, ya filmə baxırdım, ya da kitab oxuyurdum.

Güclü külək əsdiyi üçün ofisdə qalmalı olduğum həmin nahar fasilələrindən birində Nobel mükafatına layiq görülən qadın yazıçıların siyahısı ilə tanış olmaq qərarına gəlmişdim. Doris Lessinqin (Doris Lessing) adına da məhz həmin siyahıda rast gəlmişdim. İnternetdə bir balaca eşələndikdən sonra “Marta Kvest” (“Martha Quest”) əsərini elektron versiyada tapıb yükləmişdim. Niyə bu əsəri seçmişdim? Səbəbini indiyədək xatırlamıram. Yadımda deyil, hansı meyarlara görə Lessinq yaradıcılığı ilə məhz bu romanla başlamaq istəmişdim. Çox güman, electron formatda pulsuz yeganə bu variantı tapa bilmişdim.

Doris Lessing′s legacy | Books | DW | 22.10.2019
Doris Lessinq 2007-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub

Elə yükləyən kimi mütaliəyə başlamışdım. Əsərin birinci hissəsini bitirdikdən sonra iş yerimdən ayrılmalı olmuşdum. Və o vaxtdan bu kitab yarımçıq qalmışdı. Ta ki bir həftə əvvəl hard disc-mi eşələyənə kimi. PDF-i o dəqiqə KINDLE-a göndərdim. Bala-bala gecələr oxumağa başladım. 

Martha Quest by Doris Lessing

Süjet Marta Kvest adlı bir qızın böyümə hekayəsi üzərində qurulub. Əsər yarı-avtobioqrafik xarakter daşıyır. Yazıçının həyatı ilə bəzi oxşar məqamlar var. Həmin oxşar məqamlara aydınlıq gətirmək üçün müəllifin həyatına qısa nəzər salmalıyam. 6-7 cümlə ilə maraqlı faktları qeyd edəcəm:

  • Doris Lessinq 1919-cu ildə qonşu ölkə İranın Kirmanşah şəhərində anadan olub.
  • Atası Britaniya ordusunda kapitan kimi xidmət göstərib. Anası isə tibb bacısı olub. Onlar hospitalda tanış olublar. Yazıçının atası Birinci Dünya Müharibəsində yaralandıqdan sonra ayağı amputasiya edilib və o, bu hospitalda müalicə alırmış.
  • Sonradan yazıçının ailəsi Cənubi Rodeziyaya köçüb. Cənubi Rodeziya Afrikada ingilis müstəmləkəsi olub. İndiki Zimbabve ərazisinə uyğun gəlir.
  • Atası Afrikada yeni həyata başlayacağını düşünsə də, planları fiaskoya uğrayıb.
  • Lessinq ilk təhsilini kilsə məktəbində alıb, lakin sonradan təhsilini davam etdirməyib.
  • Müxtəlif  peşələrdə çalışıb. Xəstə baxıcısı olub, telefon operatoru və jurnalist kimi fəaliyyət göstərib.
  • İki dəfə ərdə olub. Birinci evliliyindən iki uşağı dünyaya gəlib. Əri ilə ayrılıb, uşaqlar həyat yoldaşında qalıb. İkinci əri alman emiqrant Qotfrid Lessinq (Gottfried Lessing) olub. Yazıçı onun soyadını daşıyır. Bu evlilikdən isə bir oğlu olub. Bu evliliyi də boşanma ilə nəticələndikdən sonra Lessinq oğlunu da qoltuğuna vurub Afrikanı tərk edib, Londonda yeni həyata başlayıb.
  • 50-ci illərdə Britaniyanın kommunist partiyasına qoşulub. SSRİ macar üsyanını yatırdıqdan sonra partiyadan uzaqlaşıb və nüvə əleyhinə hərəkata qoşulub.
  • Aparteid siyasətini tənqid etdiyi üçün CAR və Rodeziyaya girişinə qadağa qoyulub.
  • Yaradıcılığına realizm janrında əsərlər yazmaqla başlasa da, sonra sufilik cərəyanı ilə tanışlıq onun fantastik janra istiqamətlənməsinə səbəb olub.
  • Qatı feminist olub.
The parent trap: can you be a good writer and a good parent? | Books | The  Guardian
Doris Lessinq oğlu ilə

Bütün bunları niyə sadaladım? Əsərin əsas qəhrəmanı Marta Kvest haqqında bir balaca təsəvvürümüz olsun deyə. Qeyd etdiyim kimi bu obraz müəllifin prototipi hesab edilir.

“Marta Kvest” “Zorakılıq uşaqları” (“Children of Violence”) silsiləsinə daxil olan beş romandan birincisidir. Mən rusca oxudum. Bu silsilədən rus dilinə təkcə bu roman tərcümə edilib.

Children of Violence: Martha Quest and A Proper Marriage: Doris Lessing:  Amazon.com: Books

Marta Kvestin valideynləri ingilisdir, onlar Afrikada Britaniya müstəmləkəsi hesab edilən Rodeziyada ferma sahibləridir. Gözdən-qulaqdan uzaq ucqar bir qəsəbə. Qarğıdalı sahələri, antilop ovu, yaşadığı miskin yerə baxmayaraq əsilzadə ənənələrini qoruyub saxlamağa çalışan ana, müharibə bitdikdən sonra yararlı olmadığını görən və bu səbəbdən gecə-gündüz müharibə arzusunda olan ata, hər gün eyni rutin, təkrarlanan eyni həyat…  Belə bir şəraitdə Marta qızımız darıxır. Hərdən şəhərə gedir, tanışlarından oxumağa kitab götürür. Fəlsəfə, feminizm, sosiologiyadan bəhs edən kitablar oxuyur, çoxlu düşünür, özünü ağıllı, dünyagörüşlü hesab edir və belə olmadıqları üçün valideynlərinə, qonşularına, ümumiyyətlə ətrafında olan hər kəsə xor baxır. Və bununla da Martanın üsyankar ruhu ortalığa çıxır. Gənc, dəlisov, cırtqoz, səthi məlumatlı və qəzəbli bir qız təsəvvür edin. Marta məhz belə bir qızdır. Təəccüblü deyil. Yeniyetməlik dövründə hamımız olmasaq da, əksəriyyətimiz belə idik. Dünyanın bizim ətrafımızda fırlandığını düşünürdük, valideynlərimizin kiçik, yöndəmsiz hərəkəti bizi hirsləndirir, onlara görə utanırdıq. Hər şeyə etiraz edirdik, etiraz etdiyimiz şeylə razılaşanlara da.

Daha sonra Marta şəhərdəki tanışlarının “tapışı” ilə şəhərdə işə düzəlir. O, çap maşınında müxtəlif sənədlər yığmalıdır, paralel olaraq stenoqrafiya üzrə təhsil alır.

Mother Tongue | On Doris Lessing --- Victoria Best | Numéro Cinq
Doris Lessinq çap maşınının arxasında

Ancaq şəhərdə qurduğu yeni tanışlıqlar gənc qəhrəmanımızı gecə ziyafətlərinə, rəqs və içki məclislərinə sürükləyir.

Budur, monoton, boz həyatdan qurtulmağa çalışan Marta istədiyi intellektual, ciddi, müasir mühitə düşür. Lakin o, yenə narazıdır. Bütün bunlar oxuduğu kitablarda təsvir olunanlara oxşamır. Gözlədiklərin, təsəvvüründə canlandırdıqların reallıqla uzlaşmırsa, uzlaşmaq cəhənnəm, heç yanından yel olub keçə bilmirsə, onda Martanın gününə düşürsən. Bu, romantik idealistlərin əsas problemidir. Və mən də onlardan biri kimi uzun müddət puç olan gözləntilərin mənfi təsiri ilə mübarizə aparmışam. Özüm özümü müalicə etməyə çalışmışam. Amma hərdən yenə içimdəki “Marta Kvest” oyanır. Halbuki bu əsəri bitirənə kimi həmin içimdə oyanan məxluqun adını bilmirdim.  

Hər şeyi ideallaşdırmaq, hər şeyi dırnaqarası qaydasına uyğun eləmək, hər şeyi “ordakı” – canlandırdığın o ideal səhnədəki kimi istəmək: Evlilik təklifidirsə, diz çöküb edəcək; ölməkdirsə, bütün yaxınların yanında olacaq, hamısına son sözünü deyə biləcəksən; dostluqdursa, sənə görə canından belə keçəcək. Sonra görürsən ki, bütün bunlar boş pafosdan başqa bir şey deyil.

Doris Lessing, Author Who Swept Aside Convention, Is Dead at 94 - The New  York Times
Doris Lessinq şəxsi kitabxanasının qarşısında

Hərdən mənə elə gəlirdi ki, Marta Kvest Madam Bovarinin uşaqlıq versiyasıdır. Fermaları kitablarda təsvir olunan fermalara oxşamadığı üçün hirslənirdi. Kitablarda verilən “dost” tərifinə uyğun gəlmədiyi üçün münasibət saxladığı qıza dost demirdi. Sırf ətrafdakılar “bəyənməyəcəksən”, “bacarmayacaqsan” dediyi kitabı oxuyurdu. “Filankəs sənin tayın deyil” diaqnozu qoyulan kişilərlə görüşürdü, həmin kişilərin həqiqətən bir köpüklük adam olmadığını bilə-bilə. Demək olar atdığı hər addım kiminsə “acığına” atılmış addım olurdu. Ancaq bu üsyanını, mübarizəsini açıq-aydın aparmırdı, saman altından su yeridirdi. Ayağa qalxıb demirdi ki, siz hamınız qələt edirsiniz, mənim ürəyim belə istəyir. Yediyi “qələtlərin”, inandığı dəyərlərin arxasında dura bilmirdi. Amma bu hərəkəti nədənsə məni hirsləndirmədi. Ya qocalıram, ya da insanların müxtəlif səbəblərdən dolayı müəyyən məsələlərə adekvat reaksiya verməməsinə öyrəşmişəm.

Guya bizim özümüzdə az olub? Məclislərdə qohum-tanışların ədəbsiz suallarına, nəzakətsiz davranışlarına tuş gəlmişik, kiminsə/nəyinsə xətrinə susmuşuq. Ortaq çevrələrdə dolandığımız insanlar müəyyən məsələlərə klişe reaksiya verəndə, baş qoşmamışıq. Elə indiki dövrə tətbiq etsək, Bill Geytsin (Bill Gates) “çip siyasətindən”, “vaksin bazarından”, “masonların işindən” danışanlara “hə-hə, sən deyəndir” deyib, yenə öz bildiyimizi müdafiə etmişik.

Bill Gates and his coronavirus conflicts of interest - WA Achievers
Mövzu ilə bağlı çəkilmiş kariaktura

Bütün bunlara görə Martaya çox hirslənə bilmədim, əksinə çatışmayan cəhətlərimi göstərdiyi üçün ona minnətdar oldum.

Mətn video formatda YouTube kanalımda: