Peter Handkenin “Solaxay qadın” (“Die linkshändige Frau”) əsərini sırf cəlbedici annotasiyasına görə almışdım. Günlərin bir günü ərindən ayrılmaq qərarına gələn Mariannanın hekayəsi mənə maraqlı gəlmişdi. 

Povest 1977-ci ildə işıq üzü görüb və təəssüf ki, oxucuların rəğbətini qazanmayıb. Bir ildən sonra eyniadlı film ekranlara çıxıb. Ssenari müəlliflərinin arasında yazıçının özü də yer alıb. Film kitabdan fərqli olaraq müsbət rəylər alıb. 

The Truth About Lies: The Left-Handed Woman
Filmdən kadr

Kitabın təkrar nəşrinə Handkenin ötən il Ədəbiyyat üzrə Nobel mükafatı alması səbəb olub. Qeyd edim ki, yazıçı tamam başqa əsərinə görə laureat olub.

Aradan uzun müddət keçsə də, kitab bu dəfə də gözləntiləri doğrultmayıb. Məntiqli fikir yürütsək, belə çıxır ki, mənim gözləntilərim çox aşağıdır. Çünki povestin “arthaus” tərzindəki təhkiyə üslubunu bəyəndim. Bu vaxta kimi təxmin yürütməklə mütaliə etdiyim tək-tük əsər olub. Heç bu “gizlənqaç” oyununun həvəskarı da deyiləm. At şəklinə baxanda at görmək istəyirəm, at şəklində gizlənən hansısa uşaqlıq travmasını yox. Bu baxımdan belə bir əsəri bəyənməyim özümə də təəccüblü gəldi. 

Marianna ərindən ayrılır.  Necə? Çox sadə. Deyir, çıx get. Qarşı tərəf də çıxıb gedir. Niyə? Çünki öz müqəddaratını özü təyin etmək istəyir, qərar vermək, sərbəst addım atmaq istəyir. Azadlığın, kimdənsə asılı olmamağın verdiyi bu üstünlük (?) əvvəlki dinc həyatla müqayisədə çox çətindir.  Ancaq nə qədər çətin olursa olsun, Marianna bu xoşbəxt həyatına, daha doğrusu, “üstü bəzək, altı təzək” bəxtəvərliyinə geri qayıtmaq istəmir. 

Güzgünün qarşısında dayanaraq dedi:

– Sən özünə xəyanət etmədin. Daha heç kim səni alçalda bilməyəcək”.

Mətn çox sadə cümlələrdən ibarətdir. Yazıçı söz oyunu oynamır. Bununla belə, mütaliə maksimum diqqət tələb edir. Çünki müəllif qəhramanların başından keçən fikirləri, düşüncələri, həmçinin onların bu və ya başqa qərarı verərkən hansı hissləri keçirdiyini təsvir etmir. Yalnız zahirən görünən hərəkətlərdən yazır. Məsələn, “qadınla uşaq kafedə oturdu”, “qadın çap maşınında mətn yazır” və s.

The Left-Handed Woman (Peter Handke) | Wim Wenders Stiftung
Handke aktyorlarla ssenarini müzakirə edir

Sonradan Handkenin seçdiyi bu üslubla bağlı bir məqaləsini oxudum. O, bu cür təhkiyə üslubu seçməkdə bir məqsəd güddüyünü deyir: mətn mümkün olduğu qədər real olmalı imiş. Yəni, real həyatda da biz çox vaxt insanların düşüncələri və duyğularından daha çox əməllərinə şahid oluruq. Həmin əməlin arxasında hansı səbəbin durduğunu bilmirik. Bəlkə də, heç bir səbəb yoxdur. Korifey sənətkarımız Xumar Qədimova demiş, çünki Xumarın ürəyi belə istəyir.

Nitqimi bu cür müsbət notda yekunlaşdıra bilərdim, amma növbəti diqqətəlayiq məlumatı bölüşməsəm, ayıb olar. 90-larda gənclərin ən sevimli romantik filmlərindən biri olan “Mələklər şəhəri” (“City of Angels”) Handkenin “Berlin üzərindəki səma” (“Der Himmel über Berlin”) əsərinin motivləri əsasında ekranlaşdırılıb. Mənlik bu qədər. 

City of Angels Poster Movie 30 x 40 In - 77cm x 102cm Nicolas Cage Meg Ryan  Andre Braugher Dennis Franz Colm Feore Robin Bartlett: Amazon.co.uk:  Kitchen & Home
1998-ci ildə ekranlaşdırılan “Mələklər şəhəri”
ARTHAUS Der Himmel über Berlin
1987-ci ildə ekranlara çıxan “Berlin üzərindəki səma” filmi