“Burada Britt-Mari olub” Fredrik Bakmandan oxuduğum sayca ikinci əsər oldu.

Fredrik Bakman

Əsərin baş qəhrəmanı Britt-Mari ərinin bütün istəklərini canla-başla yerinə yetirməyə çalışan, əvəzində “sağ ol”, “dadlı olub” kimi quru sözlər belə eşitməyə razı olan, vaxt keçdikcə evdə dolaşan bir kölgəyə, ruha çevrilən, ilk fürsətdəcə təhqir olunan, alçaldılan evdar qadındır.

Eyniadlı filmdən kadr

O, həmçinin təmizlik və simmetriya xəstəsidir. Bütün insanları da bu kontekstdə qiymətləndirir. Məsələn, bıçaq və çəngəli düzgün yerləşdirməyən bir insanla bütün əlaqələrini kəsə bilir. Günlərin bir günü ərinin ona xəyanət etdiyini öyrənir. Daha doğrusu, ərinin ona xəyanət etdiyindən xəbərdar olsa da, görür ki, daha artistlik edib, özünü bilmirmiş kimi aparmaq mümkün olmayacaq. Yaşadığı evi tərk edir. Gözdən-qulaqdan uzaq bir qəsəbəyə yerləşir, burada yeni insanlarla tanış olur. Məhz bu insanlar sayəsində Britt-Mari həyatını yenidən gözdən keçirməyə başlayır.

“Britt-Mari istəyirdi ki, o, heç olmasa bir dəfə köynəyini paltaryuyan maşına özü atsın. İstəyirdi ki, bir dəfə özü, şam yeməyinin dadlı olduğunu desin. Şam yeməkləri vacibdir. “Necə dadlıdır!”. Vacibdir”.

Əsas mövzu xəyanətlə üzləşən bir qadının dramı deyil. Xəyanət mövzusu bir növ oxucunu qarmağa keçirmək üçün istifadə edilir. Əsas məsələ komfort zonasından kənarda insan üçün  yaşamağın nə qədər çətin olduğunu, insanın əslində gündəlik vərdişlərdən ibarət bir canlı olduğunu, əsil həyatın isə bu cür insanlardan yan keçdiyini göstərməkdir. Düzdür, həmin zonada sən təhlükədən uzaqsan, Könül Kərimova demiş, “öz balaca dünyan”da var-gəl edirsən.

Eyniadlı filmdən kadr

Di gəl ki, əsl həyat bu deyil. Əsl həyat anasız-atasız qaldıqdan sonra özündə kiçik bacı-qardaşına baxacaq güc tapmaqdır, əlindən hər şey alınanda belə üzünü güldürəcək, səni xoşbəxt edə biləcək bir işlə (verilmiş halda futbol ilə) məşğul olmaqdır, bəzən qanunun deyil, ədalətin müdafiəsinə qalxmaqdır, yava ağız olsan da, əməlinlə qayğı göstərməkdir. Və sən demə, bütün bunlardan vaz keçməmək üçün qəsəbənin Britt-Mari kimi bir insanın təkanına ehtiyacı var imiş. Əksliklərin vəhdədi qanunu kimi…

“Kölgədə yaşamağa adət etmiş insanın xəyalı olmur”. 

Bəzi təmizlik məsələlərində mən də Britt-Mari kimi “xəstəyəm”. Ailəlikcə futbola baxırıq, futbolçulardan biri meydançaya tüpürür və mən həmin yerə yıxılacaq növbəti oyunçunun formasına yapışacaq virus/bakteriya/mikrobları hesablayıram; həyətdə top-top oynayan uşaqların yoluxacağı xəstəlikləri təxmin edirəm; bazarlıqda aldığımız məhsulları az qalıram iki-üç dəfə çimizdirim, hətta daban daşı ilə üstlərini sürtüm. Ən qorxulusu da odur ki, bütün bunların pandemiya ilə heç bir əlaqəsi yoxdur. Ta əvvəldən beləyəm. Amma bu “xəstəlik” də bizi doğmalaşdıra bilmədi. Yəqin, insan özünə oxşayan “başdanxarabları” sevə bilmir.

Kitabı bitirdikdən sonra əsər əsasında çəkilmiş eyniadlı filmi də izlədim. Mütaliə zamanı adamın ağlı gedir burdakı (oxu: Azərbaycandakı) yerlərə, oxuyanda təsvirləri onlara uyğunlaşdırmağa çalışırsan. Sonra filmə baxanda atla eşşək qədər fərq olduğunu görüb, öz cahilliyindən utanırsan. Ucqar qəsəbə kimi təsvir edilən Borqu xəyalında Müşfiqabad qəsəbəsi kimi canlandırırsan, ekran işində isə qarşına Qubadakı müasir hotellərdən birinin ərazisi çıxır. Fikirləşirsən ki, bunların ucqarı budursa, ucqar olmayanı nədir, görəsən?!

Filmin posteri

Kitabı oxuyanda bütün detallar əhəmiyyətli görünür. Üçüncü dərəcəli qəhrəmanların saç düzümü belə… Adama elə gəlir ki, bu xırda detal belə böyük bədii yük daşıyır. Daha doğrusu, yazıçı səni buna inandırır. Lakin filmdə həmin məqamların ümumiyyətlə ixtisara salındığını görüb, öz sadəlövhlüyünə görə dilxor olursan.

Əsərin yaddaqalan xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, yazıçı obrazları azarkeşlik etdikləri futbol komandalarına görə təsnifatlaşdırmışdı:

  • “Liverpul”a azarkeşlik edənlər qeyri-mümkünün mümkün olduğunu düşünürlər;
  • “Aston Villa”ya mərhəmətli insanlar azarkeşlik edir;
  • “Totenhem”ə azarkeşlik edənlər həmişə aldığından daha çox sevgi verir;
  • “Mançester Yunayted”in azarkeşləri isə daim qalib gəldikləri üçün buna layiq olduqlarını fikirləşirlər.