Biz gənc idik, ehtiyatsız idik, təkəbbürlü, axmaq, inadkar idi…və biz haqlı idik! Heç bir şey üçün peşman deyiləm!

Bu il barmaqla sayılacaq qədər az film izləmişəm. “Çikaqo yeddiliyinin məhkəməsi” (“The Trial of the Chicago 7”, 2020) bu qısa siyahıda ön sıralarda özünə yer eləyən filmlərdən biri oldu. Bu tarixi drama real hadisələr əsasında ekranlaşdırılıb.

Filmin posteri

1968-ci ilin avqust ayı. ABŞ Demokratlar Partiyası Çikaqo şəhərində qurultay keçirir. Tədbir ölkənin bütün televiziya kanallarında yayımlanır. Bir qrup şəxs fürsətdən yararlanaraq Vyetnam müharibəsinə etiraz aksiyası keçirmək qərarına gəlir. Razılaşdırılmamış mitinqdə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranır, səkkiz nəfər saxlanılır. Onlar  sui-qəsddə və təhrikçilikdə ittiham edilirlər. Filmin süjeti də həmin səkkiz nəfərin məhkəmə işi üzərində qurulub.

Yeddilik vəkilləri ilə birgə mətbuat konfransında

Onlar kimlərdir?

Ebbi Hoffman (Abbie Hoffman) – solçu fəal, Beynəlxalq Gənclər Partiyasının (Yippie) qurucusu;

Saşa Baron Koen (Sacha Baron Cohen) Ebbi Hoffman rolunda

Cerri Rubin (Jerry Rubin) –Yippi hərəkatının liderlərindən biri, ictimai xadim;

Ceremi Stronq (Jeremy Strong) Cerri Rubin rolunda

Tom Heyden (Tom Hayden) – Demokratik Cəmiyyət Naminə gənclər hərəkatının prezidenti və lideri;

Eddi Redmeynd (Eddie Redmayne) Tom Heyden rolunda

Renni Deyvis (Rennie Davis) – müharibə əleyhdarı, siyasi fəal;

Aleks Yen Şarp (Alex Ian Sharp) Renni Deyvis rolunda

Devid Dellincer (David Dellinger) – Vyetnam müharibəsinin dayandırılması üzrə Milli Mobil Komitənin lideri, nüfuzlu radikal passifist;

Con Kerol Linç (John Carroll Lynch) Devid Dellincer rolunda

Li Vayner (Lee Weiner) – aktivist;

Noy Robbins (Noah Robbins) Li Vayner rolunda

Con Froyns (John Froines) – kimyaçı fəal;

Deniel Flaerti (Daniel Flaherty) Con Froyns rolunda

Bobbi Sil (Robert Seale) –siyasi fəal, “Qara Pantera” partiyasının qurucularından biri.

Yəhya Əbdül Mətin ( Yahya Abdul-Mateen II) Bobbi Sil rolunda

Siyahıda səkkiz nəfərin adı hallansa da, bəs niyə film “Çikaqo yeddiliyinin məhkəməsi” adlanır?

Bobbi Sil ilk ittiham edilənlər arasında olub. Halbuki o, etirazların planlaşdırılmasında iştirak etmirdi və Çikaqoya da digər fəalı əvəzləmək üçün gəlmişdi. Bu səbəbdən Bobbi Silə qarşı sübut az idi. Məhkəmə zamanı Sil tələb edir ki, ya ona özünü müdafiə etmək üçün imkan yaradılsın, ya da vəkili xəstəlik səbəbindən prosesdə iştirak edə bilmədiyi üçün vəkillə təmin edilsin. O, tələblərini təmin etməyən hakimi “faşist köpəyi”, “donuz” və “irqçi” adlandırdığı üçün əl-ayağı və ağzı bağlanılır. Daha sonra hakim “məhkəməyə hörmətsizlik” etdiyi üçün Silə dörd il azadlıqdan məhrumetmə cəzası verir, ardınca onun məhkəmə işi üzrə ayrıca istintaq aparılır. Beləliklə, “Çikaqo səkkizliyi” “Çikaqo yeddiliyi”nə çevrilir.

Solda: məhkəmə zalında çəkilən şəkil, sağda: filmdən səhnə

Froyns və Vayner bəraət alırlar. Digər beş nəfər isə beş il müddətinə azadlıqdan məhrum edilir və hər biri 5 min dollar məbləğində cərimə olunur.

Lakin iki ildən sonra apelyasiya məhkəməsi hökmləri ləğv edir.

Məncə, tarixi hadisələr haqda film çəkmək buz üstündə rəqsə oxşayır. Hər an ayağın büdrəyib yıxıla, bütün rəqsi zay edə bilərsən. Amma bu ekran işi gözəl dialoqları, dinamik nəqli, izləyicini öz içinə çəkə bilməsi ilə gözəl rəqs şousu nümayiş etdirir. Həmçinin eyni amal uğrunda müxtəlif yollarla mübarizə aparmağın mümkün olduğunu göstərir.

Mövzu Azərbaycan üçün də aktualdır. Bütün film boyu “Əsgər ölümlərinə yox” aksiyası yadıma düşdü. Eyni “vicdanlı polislər”, eyni “vicdan nümayişi”, eyni “şəffaf və obyektiv məhkəmə prosesi”, eyni “ədalətli hakim”. Bir anlıq sevindim də. Təxminən əlli il əvvəl Amerikada da oxşar hadisələrin yaşanması ümid doğurur. Adətən digər ölkələrlə bizi əsrlər ayırır. Bu dəfə müddətin az olması sevindirici hal idi.    

Filmdə polislə qarşıdurma səhnəsi

Sən demə, Stiven Spilberq (Steven Spielberg) hələ 2007-ci ildə bu filmi ekranlaşdırmaq istəyib. Hoffman roluna əvvəldən Saşa Baron Koen seçilsə də, Bobbi Sil rolu Uill Smitə (Will Smith) təklif edilib.

Uil Smit

Spilberq Hit Lecerlə (Heath Ledger) görüşməyi planlaşdırırmış. Ona Tom Heyden rolunu vermək istəyirmiş. Lakin Amerika Yazıçılar Gildiyasının başlatdığı və 100 gün davam edən tətil layihənin dayanmasına səbəb olur.

Hit Lecer

İkinci “sən demə” ondan ibarətdir ki, Tom Heyden aktrisa Ceyn Fondanın (Jane Fonda) keçmiş əri olub. Onlar 1973-cü ildə tanış olublar. Bu tanışlıq Fondanı siyasi fəalliyyətə cəlb edir və Heydenin sayəsində Fonda anti-hərbi nümayişlərdə iştirak etməyə başlayır. Onların 1990-cı ilədək davam edən evliliklərindən bir oğlanları olub.

Ailəvi şəkil

COVID-19 pandemiyası ilə bağlı yaranan çətinliklərə görə “Paramount” şirkəti filmi kinoteatrlarda nümayiş etdirmək yerinə, yayım hüququnu “Netflix”-ə satır.

P.S. Bəzən bir rol acığın gələn aktyoru gözündə göylərə qaldıra bilər. Məndə Ebbi Hoffman obrazı Saşa Baron Koen üçün eyni təyinat məqsədi güddü.