Bəzən sizə elə gəlmirmi ki, Allah bizim xoşbəxtliyimizə həsəd apardığı üçün onu məhv edir?

Bernhard Şlink (Bernhard Schlink)Qiraətçi(“Der Vorleser”) romanı ilə qəlbimdə elə bir taxt qurub ki, mütəmadi olaraq onun yaradıcılığına müraciət etməli oluram. “Qiraətçi” uşaqlıqda dadına baxdığım, böyüyəndən sonra adı-familiyası yadımdan çıxan, ancaq dadı üçün darıxdığım şokolad kimidir. Hər dəfə Şlinkdən növbəti əsər oxuyanda eyni dadı alacağıma ümid edirəm.

“Olqa” (“Olga”) və “Məhəbbət uçuşları” (“Liebesfluchten”) əsərlərini oxumağıma da məhz bu ümid səbəb olmuşdu.  Təəssüf, mütaliədən sonra “опять двойка” mənzərəsi yaşanmışdı.

Hərdən kağız formatda kitab oxumağa vaxtım olmur. Audio formatda kiçik həcmli əsərlərə qulaq asmaq üçün mənbə axtarışına çıxmışdım. Rusların akniga.org saytına rast gəldim. “Təsadüflər kralı” yenə öz işini gördü və mən həmin saytdan Şlinkin “Pilləkəndəki qadın” (“Die Frau auf der Treppe”) əsərinə qulaq asmağa başladım.

Roman üç hissədən ibarətdir. Hər hissə kiçik fəsillərə bölünüb. Fəsillərin bu qədər qısa olması həqiqətən “pilləkən effekti” yaradır. Deməli, dörd nəfərdən ibarət bir hekayənin içinə düşürük:

  • İren – əks cinsin ağlını başından alan gözəl qadın;
  • Peter Qundlax – varlı, sahibkar, İrenin əri;
  • Karl Şvind – rəssam, İrenin sevgilisi;
  • Anonim gənc – hadisələri nəql edən vəkil, potensial “İrenin sevgilisi”.

Ər rəssama arvadının şəklini sifariş edir. Rəssam modelə aşiq olur. Onların eşq macərası başlayır. Sonra tablo üstündə dava düşür. Vəkil bu problemi hüquqi müstəvidə həll etməlidir. Amma o da İrenə vurulur. Sonra tablo oğurlanır. İllər sonra vəkil işi ilə əlaqədar Sidneyə səfər edərkən həmin şəkli qalereyada görür və bu hadisə onun həyatını alt-üst edir.

Burda kiçik bir haşiyəyə çıxıb, bir məqama diqqət çəkmək istəyirəm. Məncə əsas qadın obrazımızın “femme fatale” olduğuna heç kimdə şübhə qalmadı. Bir abzaslıq təsvir belə buna bəs elədi. Bəs qadının adına fikir verdinizmi? Şerlok Holmsu “aldada bilən yeganə qadın” – İren Adlerin adaşı. Yəqin “femme fatale”lik bunu tələb edir.  

“Şerlok” (2010) serialından Şerlok Holms və İren Adler

Şlink ixtisasca hüquqşünasdır. Ona görə yazıçının qələmə aldığı bədii əsərlərin əsas mövzusu çox vaxt cinayət və həmin cinayətlərin nəticələri olur. Müəllif hər dəfə keçmişdə baş verən səhvin uzunömürlü olduğunu, gələcəkdə çox şeyə təsir göstərdiyini vurğulayır. Əbəs yerə deyil ki, Şlinki Almaniyada “millətin vicdanı” adlandırırlar, onun kitabları isə məktəb proqramına daxil edilib.

Keçmişi dəyişdirə bilməzsən. Bununla çoxdan barışmışam. Ancaq bir şeylə barışmaq çətindir: o da təkrar-təkrar keçmişi başa düşməməkdir.

Müəllif “Pilləkəndəki qadın” əsərində də retrospektiv taktikasından istifadə edir. Vəkilimiz hər fəsildə ən azı 2-3 dəfə keçmişə boylanır, əlindən çıxan fürsətlərə nəzər salır. Anlayır ki, iş həyatında uğurlu olmaq insanı həmişə xoşbəxt edə bilmir. Ağıl ilə hisslər yanaşı addımlamırsa, xoşbəxt olmaq çətinləşir. Şlinkin dəst-xətti belədir: həyatına yekun vurmaq üçün keçmişinlə üzləşməlisən.

Hərdən mənasız ömür sürdüyünü başa düşmək üçün həyatına kimsə daxil olmalıdır. Həmin adam bütün bu mənasızlığı üzünə elə çırpmalıdır ki, yuxudan ayılasan. “Qiraətçi”də olduğu kimi burada da hekayəni nəql edən şəxs nəql etdiyi hadisələr vasitəsilə özünü tanımağa və tapmağa çalışır. Əsərin sonlarına doğru mənə elə gəldi ki, “Şirin Noyabr” (“Sweet November”, 2001) filminin alman versiyasına baxıram.

“Şirin noyabr” filmindən kadr

Əsəri səsləndirən şəxsin (Mixail Roslyakov) tembri, tonu, habelə yazıçının həmişə tətikdə saxlayan üslubu uzun müddət insanı hipnozda saxlayır. Elə məqamlar olurdu ki, ayıq başla həmin yerdə səhv tuta bilərsən. Amma hipnoz vəziyyətində inanırsan.

Bu roman sayəsində iki yeni termin öyrəndim, əlavə olaraq iki rəssamla tanış oldum.

Ədəbi mətndə rəsm əsəri və ya memarlıq nümunəsinin təsvirinə ekfrasis deyilir. “Pilləkəndəki qadın” əsərində təsvir edilən tablo rəssam Gerhard Rixterin (Gerhard Richter) “Ema. Pilləkəndə çılpaq qadın” tablosudur. Həmin rəsm əsəri Lüdviq Muzeyində saxlanılır. Rixter bu əsərində fotoqrafiyanı rəsmə daxil etmək imkanlarını araşdırır. Model rəssamın həyat yoldaşı olub.

Bu tablo başqa məşhur əsərin replikası hesab edilir. Belə ki, Rixter dadaizm cərəyanının məşhur nümayəndəsi, fransalı rəssam Marsel Düşanın (Marcel Duchamp) 1912-ci ildə “Pilləkənlə aşağı enən çılpaq qadın” tablosundan ilhamlanıb.

Belə çıxır ki, Şlink romanı üçün redi-meyddən istifadə edib. Redi-meyd (ingiliscə “ready-made” söz birləşməsindən əmələ gəlib “hazır düzəldilmiş” deməkdir) – müxtəlif incəsənət sahələrində istifadə edilən texnikadır. Bu zaman müəllif ilkin halda bədii məqsədlər üçün yaradılmayan obyektləri və ya mətnləri öz əsərinə daxil edir. Bu termindən də ilk dəfə Marsel Düşan istifadə edib. O, 1917-ci ildə Nyu Yorkda baş tutan sərgidə “Fontan” adı altında qeyri-adi art-obyekt – pissuar nümayiş etdirib.

Düşan öz əsərinin qarşısında

Rəssamın bu texnika ilə yaratdığı digər işləri də diqqətəlayiqdir:

“Velosiped təkəri”
“Şüşə qablar üçün quruducu”