Əlimə aldığım əsər mənə nə qədər darıxdırıcı gəlirsə gəlsin, onu bir kənara ata bilmirəm. Ən pis halda, yarımçıq qoyuram, bir müddət sonra yenidən müraciət edirəm. Günahı həmişə birinci özündə axtaranlar kimi, elə bilirəm, əks təqdirdə yazıçının əməyinə hörmətsizlik edəcəm. Müəllifin ikinci, hətta üçüncü və dördüncü şansa haqqı çatdığını düşünürəm. Kaş bu vərdişimi başqa işlərə də tətbiq edə bilsəydim. Təəssüf, ancaq ədəbiyyat sahəsi ilə kifayətlənməli oluram. Bu axmaq prinsipiallığım hərdən məni yorur.

Hərçənd mütaliə təcrübəmdə iki kitab olub ki, onları elə birinci dəfədən yola salmışam. Birincisi, Elif Şafakın “Eşq” (Elif Shafak “The Forty Rules of Love”), ikincisi, Elizabet Gilbertin “Ye, dua et, sev” (Elizabeth Gilbert “Eat, pray, love) romanları olub.

Solda: əlində “Eşq” kitabını tutan Elif Şafak;
Sağda: əlində “Ye, dua et, sev” kitabını tutan Elizabet Gilbert

Halbuki “Ye, dua et, sev” əsəri əsasında çəkilən eyniadlı filmə həvəslə baxmışdım. Etiraf edim ki, həvəsimin birbaşa səbəbi İtaliya səhnələri (“ye” hissəsi) idi. “Dua”ların qəbul olunduğu, “sevgi”nin tapıldığı səhnələr yenə cansıxıcı gəlmişdi.

Filmin posteri

Bütün bu giriş mətni bir məqsədə xidmət edir: işıq üzü görən son romanı – “Qızlar şəhəri” (“City of Girls”) ilə Elizabet Gilbertə ikinci dəfə şans vermək istədim.

E.Gilber “Qızlar şəhəri” kitabı ilə

Annotasiya söz verirdi ki, kitab oxucuları 1940-cı illərin Nyu Yorkuna, şəhərin teatr dünyasına aparacaq. Mən də haqlı olaraq “Mulen Ruj” (Moulin Rouge), ölüsü “Böyük Qetsbi” (“The Great Gatsby”) sayağı səhnələr gözləyirdim. Ancaq başlanğıcdakı – bu da təqribən üç fəsli və ya 460 səhifəlik romanın ilk 30 səhifəsini əhatə edir – istehzalı kəskin yumor get-gedə əyləcə basdı. Obrazların heç bir məntiqə sığmayan əndrəbadi gedişləri məni düşünməyə vadar etdi. Əlimdə yetəri qədər fakt var, boş-boşuna çərənləmirəm.

Solda: “Mule Ruj” (2001) filminin posteri;
Sağda: “Böyük Qetsbi” (2013) filminin posteri

Deməli, on doqquz yaşlı Vivian Morris məktəbdən qovulur. Bu məqamda sevindim ki, şükür, nəhayət müsbət məziyyətləri, yüksək əxlaqi dəyərləri ilə seçilməyən real qəhrəman var qarşımda. Təəssüf, sevincim uzun çəkmədi. Niyəsini deyəcəm. Qızın imkanlı, adlı-sanlı ailəsi onu Nyu Yorka bibisinin yanına göndərir. Qeyd edim ki, bibi də ailə daxilində hörmət-izzət sahibi deyil, qohumları onu “sürünün adını batıran qoyun” hesab edirlər. Belə olduğu halda, Vivianın valideynlərinin qərarı məndə sual doğurdu. Nüfuzlarına bu qədər önəm verən ata və ana məsuliyyətsiz qızlarını “tərbiyəsiz” hesab etdikləri bibinin yanına niyə göndərir?  Yəqin ümid edirlər ki, “iki mənfi ədədin hasili müsbət edir”qaydası burada da keçərli olacaq.

Vivian Nyu Yorka gəldikdən sonra teatr dünyasına, parlaq və qlamur aləmə qədəm basır. İş orasındadır ki, bibisi şəhərin Əhmədli kimi bir yerində teatr işlədir. Ucuz komediyalar  səhnələşdirir, bununla da əsas auditoriyası olan işçi sinfinin başını qatır. Vivian teatrın dərzisi kimi işə başlayır, əski-üsküdən aktyor heyətinə qarderob hazırlayır. Haşiyəyə çıxıb bir məqamı qeyd edim ki, Vivianın dərziliyə olan sevgisi, tanış olduğu insanların geyimlərini ətraflı təsvir etməsi, onları licimlərinə görə qiymətləndirməsi əsərin ən yaxşı özəlliklərindən biri idi. Bu, müəllifin yaxşı araşdırma apardığını göstərir. Burlesk dünyası gözləntimi doğrultmadı. “Mulen Ruj”u “Oxu” (“Sing”, 2016) cizgi filmi ilə əvəzləməli oldum.

Fitnə-fəsad, ehtiras, xəyanət, məhəbbət, çılğınlıq gözlədiyim halda, Vivianın bakirəlik dramı, içki məclisləri, həyata keçirdiyi “kamasutra” pozaları ilə yetinməli oldum. Xeyr, nə qınayıram, nə də töhmət edirəm. Ümumiyyətlə əxlaq normalarına üsyan edən qəhrəmanların başımın üstündə yeri var. Ancaq bütün bu təsvirlərin süjetə, kompozisiyaya yaxından-uzaqdan heç bir əlaqəsi yox idi. Müəllif təkrarçılığa yol verirdi, bir fəsildə qəhrəmanımız öz dili ilə ağla gələ bilən hər yerdə və hər kəslə intim münasibətdə olduğunu etiraf etdiyi halda, növbəti fəsillərdə təzədən “çevir tatı, vur tatı” başlayırdı. Elə bil, Gilbertin içi soyumurdu, oxucunu inandırmaq istəyirdi ki, Vivian Nyu Yorkda, ümumiyyətlə, ABŞ-da seksual inqilabın banilərindən biridir. İnanmırsız? Baxın, Vivianı qızla öpüşdürdüm. Buna da inanmadınız? Hadisələri elə fırlatdım ki, qrup seksdə də iştirak etsin. Bu da qol deyil? Və yazıçının “özünütəsdiqi” silsilə şəkildə davam edir. Adam axırda qışqırmaq istəyir ki, al-al, bütün yataqlar sənin olsun, keç mətləbə.

Müqayisə üçün Somerset Moemin “Teatr” (Somerset Maugham “Theatre”) əsərinə toxunmalıyam. Orda da intriqalarla zəngin, oxşar qlamur dünyadan bəhs edilirdi. Və romanda qəhrəmanların yaşadığı həyat məndə qeyri-sağlam maraq oyadırdı. Bilirdim ki, heç vaxt belə bir həyat yaşamayacam. Heç bunun arzusunda da deyildim. Amma yenə də cəlbedici gəlirdi. Günah kimi. Di gəl ki, Gilbertin “Qızlar şəhəri” səthi günahlarla dolu olsa da, cəlbedici gəlmədi.

Əsərin konflikti də inandırıcı gəlmədi. Normalara tüpürən, dünya aləm vecinə olmayan bir qız xırda-para qalmaqala görə bütün ömrü boyu vicdan əzabı çəkir?! Doğrudan?!

Konfliktin yeganə müsbət tərəfi o idi ki, yazıçı Vivianı döyə-döyə düzgün insanlara hörmət etməyi öyrətdi. “Chanel”-dən kostyum geyinə, özünü şəhərin ən öndər, azadfikirli qadınlarından biri hesab edə bilərsən, amma hamıya məsləhət gördüyün bir şeyə özün əməl etmirsənsə, yaratdığın idol obrazı bir qəpiyə dəyməz. Xeyr, burada Viviana deyil, onun özünə idol seçdiyi Edna Parkerə söz soxuram.

Romanın müsbət tərəflərinə toxunmuşkən… Vivianın seks aludəçisi olduğu halda, sevdiyi kişi ilə fiziki yaxınlıq edə bilməməsi, əsl münasibətdə inamın, fikir mübadiləsinin, dayağın, söhbət edə bilmə bacarığının böyük əhəmiyyət kəsb etdiyi göstərilir.

Əsərin ümumi strukturu da mənə gülməli gəldi. Təsəvvür edin, bir adam sizdən “filankəs sənin nəyindir?” deyə soruşur. Siz də oturub 490 səhifəlik məktub yazırsınız və həmin filankəsin kimliyi 320-ci səhifədən sonra bilinir. Hadisələri nəql etmək üçün bunun bir bədii gediş olduğunu anlayacaq qədər mütaliə təcrübəm var, amma bunun axmaq bir gediş olduğunu da qeyd etməliyəm.

Əsəbləşdiyim növbəti nüans Vivianın beynəlxalq təşkilatlar kimi ikili standartlar çərçivəsində davranması idi. Məsələn, gəlinlik paltarlarının satışı ilə məşğul olan butikin müştərilərini öz gözəlliyi ilə qaçırmaq istəmədiyi üçün kişi kostyumları geyinir və saçlarını qısa kəsir. İki-üç abzas sonra qeyd edir ki, bununla belə, dərdimdən ölən kişi çox idi, gözəl idim, yaraşıqlı idim, qadınlar paxıllığımı çəkirdi, maskulin kostyumlar məni daha cazibədar edirdi və sair və ilaxır. Başa düşdük, Vivian, bu dünyanın ən “cool”, ən gözəl, ən yaraşıqlı, ən inqilabçı qadını sən olmusan! Ağbirçəyi yerinə alaq və mükafatını verək sakitləşsin!

Özümü lap qoca deyingən qarılar kimi hiss elədim. Bütün bu şikayətlərə baxmayaraq, roman gözəl Nyu York səhnələri ilə yadımda qalacaq və “şəhər-kitab” siyahımda öz layiqli yerini tutacaq.