İstənilən münaqişə insanın heysiyyətinə toxunduqda meydana çıxır, elə deyil? Boşanma. Dünya müharibələri. Məhkəmə prosesi.

Avstraliyalı yazıçı Lian Moriarti (Liane Moriarty) ilə tanışlığım 2016-cı ilə təsadüf edir.

Lian Moriarti

Hələ onda nə “HBO”-nun “Böyük kiçik yalanlar” (“Big Little Lies”) serialı çəkilmişdi, nə də türklər onun “donqili” versiyasını – “Xırda para cinayətlər” (“Ufak tefek cinayetler”) serialını ekranlaşdırmışdılar. Uzun sözün qısası, yazıçı bu qədər məşhur deyildi.

Solda – “Böyük kiçik yalanlar”, sağda – “Xırda-para cinayətlər” seriallarının posterləri

Müəllifin birinci “Ərimin sirri” (“The Husband’s Secret”) əsərini oxumuşdum. Gözləntilərimin əksinə, yüngül roman olmadığını, kifayət qədər aktual mövzulara toxunduğunu görüb təəccüblənmişdim. O vaxt əsərlə bağlı yazdığım post bu cümlələrlə bitirdi: “Lian Moriartinin digər altı romanını oxumaqda qəti qərarlıyam”.

Və iş elə gətirdi ki, Orxan bir il sonra ABŞ-a getməli oldu. Ona dönə-dönə tapşırmışdım ki, mənə Moriartinin ən azı iki əsərini alsın. O da sağ olsun, necə demişdimsə elə eləmişdi. Nə az nə çox, düz iki əsərini almışdı: “Böyük kiçik yalanlar” və “Sadiq, dəli, günahkar” (“Truly Madly Guilty”). İkinci kitabın azərbaycancaya tərcüməsinə görə “Wikipedia”dakı məqalə müəllifi məsuliyyət daşıyır.

Şəxsi kitabxanamın gözəlləri

Üstündən üç il vaxt keçib, mən isə “Böyük kiçik yalanlar”ı hələ indi oxuyub bitirə bilmişəm. Niyə belə uzun çəkdi? Özüm də bilmirəm. Yəqin, süjetindən xəbərim olduğu üçün bir az ləng irəlilədi. İkinci səbəb kimi əsəri paralel iki dildə – rus və ingilis dillərində oxumağımı göstərə bilərəm. Ara yerdə İrina İvançenkonun (rus nəşrinin tərcüməçisi) yola verdiyi və ya ümumiyyətlə tərcümə etmədikləri yerləri tapdım. Aşağıdakı qanunauyğunluqdan sonra şübhələnməyə başladım ki, deyəsən, tərcüməçinin 6 rəqəmi ilə nəsə problemi olub.

Ed said quietly to Madeline, “Wasn’t Ziggy the one who . . . you know?”

He put his hands to his throat and made his eyes bulge.

“What are you doing, Daddy?” Chloe giggled fondly. “Daft Daddy.”

(16-cı fəsil)

***

She’d actually been meaning to call Jane since before Christmas, but work had gotten busy, and they’d been away up the coast in between Christmas and New Year’s. Poor Jane didn’t know anyone in the area, and she’d seemed so devastated that day after that awful incident at orientation.

(16-cı fəsil)

***

“A what?”

“A wicker basket. That’s a word, isn’t it? Wicker?”

“I thought you said a wicked basket.”

“I did. I was covering up my mistake. Hey, what’s with all the gum? She was chewing it all day.”

(16-cı fəsil)

***

It wasn’t enough for anyone to comment upon.

(26-cı fəsil)

***

The school secretary wrung her hands. Mrs. Lipmann made a point of having an “open door” policy for school parents and was flexible about people dropping in without an appointment. The secretary had no experience with a situation like this. “Is it possible you could come back another time?” she said pleadingly to Renata.

(36-cı fəsil)

“Ərimin sirri” kimi “Böyük kiçik yalanlar” əsərində də hadisələr bir neçə qadının – verilmiş halda – Ceyn, Selesta, Madlenin ətrafında cərəyan edir. Əsər başlayan kimi cinayət törədilir. Sonra həmin hadisəyə gətirib çıxaran səbəblərə aydınlıq gətirilir. Hər fəslin sonunda şahidlər dindirilir. Bu bədii gedişi çox bəyəndim. Məhz şahid ifadələri vasitəsilə reallığın, gerçəkdə baş verən hadisələrin nə qədər təhrif olunduğunu görürük.

Eyniadlı serialın promo posteri

Süjeti bildiyim halda özümü gərgin hiss edirdim. Moriarti bu işin ustasıdır. Qəhrəmanların içini yavaş-yavaş oyur, bütün zibillərini, sirrlərini ifşa edir.

Məktəb həyətində övladlarını gözləyən valideynlər… Qıraqdan hamısı bir-birinə bənzəyir. Görünüşcə yox, davranışları. Moriarti həmin oxşar topanın içindən müxtəlif koloritdə insanlar çıxarır. Pal-paltar, manikür-pedikür, ayaqqabı aludəçisindən tutmuş məişət zorakılığına məruz qalanına kimi. Birinin ən böyük dərdi kökəlməkdir, o birinin ən böyük dərdi isə keçmiş ərinin “çəhrayı eynəkli” yeni arvadı.  İstəyir Azərbaycanda yaşa, istəyir Avstraliyada, fərqi yoxdur, bəzi problemlər əzəli və əbədidir:

  • Hobbilərindən, karyera hədəflərindən, istəklərindən, məqsədlərindən asılı olmayaraq, sağlam düşüncəli valideynsənsə, övladının təhlükəsizliyi və gələcəyi həmişə sənin üçün prioritet məsələ olacaq;
  • Zorakılığa məruz qaldığını etiraf etmək həmişə çətin olacaq, bəzən isə qeyri-mümkün;
  • Ətrafdakılar nə qədər anlayışlı olursa olsun, sənə nə qədər maddi və ya mənəvi dayaq olursa olsun, həyatındakı hər bir dəyişikliyə özün qərar verməlisən. Nəyisə dəyişmək istəyirsənsə, bunu birinci növbədə özün istəməlisən;
  • Bəzən ehtiyacımız olan yeganə şey başa düşülmək, eşidilmək olur;  
  • Stereotipləri qırdıqdan, insanlara yarlıqlardan baxmağı dayandırdıqdan sonra həyat daha asan olur;
  • Ağlımız kəsənə qədər aldığımız heç bir travma unudulmur, böyük bir incikliyə çevrilib içimizdə yuva salır.

Mənim üçün əsərin ən təsirli yeri Selestanın zorakılığa məruz qalan insanlara hüquqi yardım göstərən konsultant qadınla görüşü oldu. Ofisin yerləşdiyi binanın həyətində Selesta sınıq-salxaq maşından düşən başqa bir zərəçəkmişlə qarşılaşır. Qadının bütün bədəni döyməlidir, geyimindən imkansız olduğu hiss olunur. Selestanın onunla eyni vəziyyətdə olan həmin qadına ikrahla baxması qəlbimi sızlatdı. Baxmayaraq ki, ikisi də əri tərəfindən döyülür, Selesta maddi vəziyyətinə görə özünü həmin qadından üstün tutur. Elə bilir, maddi vəziyyətindən, intellektual və mədəniyyət səviyyəndən asılı olaraq döyülmək də fərqli olur. Səni döyənin qolunda bahalı saat, əynində brend kostyum varsa, deməli, səssiz qalmağına dəyər.

– Partnyorunuz ev heyvanlarına hücum edir və ya onları şikəst edir? – Syuzi mülayim şəkildə soruşur.
– Nə? Yox! Heyvan saxlamırıq. Amma o belə biri deyil! – Selesta hirsindən partlayırdı. Niyə o, özünü bu cür təhqirlərə məruz qoyur? O, axmaqcasına bağırmaq istəyirdi: “Bu paltar Parisdəndir! Ərim “Porşe” sürür! Biz bu cür insan deyilik!” – Perri heç vaxt heyvanları incitməz
– Lakin o, sizi incidir, – Syuzi qeyd edir.
“Sən mənim haqqımda heç nə bilmirsən, – Selesta incik halda, hirslə fikirləşdi. – Sən elə düşünürsən ki, mən də o döyməli qız kimiyəm, amma elə deyiləm.

Selesta (Nikol Kidman/Nicole Kidman) və Perri (Aleksandr Skarsqard/ Alexander Skarsgård)

Birdən dünyadakı pisliyin bir çox növü olduğunu anladı. Onun tikanlı sözləri kimi kiçik pisliklər var. Və ya hansısa uşağı doğum gününə dəvət etməmək kimi bir pislik. Yeni doğulmuş körpə ilə həyat yoldaşını atıb getmək və ya qızının dayəsi ilə yatmaq – bu daha böyük pislikdir. Və Madlenin hələ qarşılaşmadığı bir pislik növü də var – mehmanxana otaqlarında, bağ evlərində amansızlıq və zorakılıq nümayişi; saf qəlblərə düzəlməz yara vuran azyaşlı qız alveri.  

Bilmirəm niyə, Selesta roluna Nikol Kidmanı heç cürə yaraşdıra bilmədim. Mənim təsəvvürümdəki Selesta Şarliz Teron (Charlize Theron) idi. Çünki Moriarti o obrazı soyuqqanlı sarışın kimi təsvir edir:

Şarliz Teron/Charlize Theron

Serial ilə kitab arasındakı fərqlər

Qeyd edim ki, serialın birinci mövsümünü tam və böyük həvəslə izləmişəm. Romanı bitirdikdən sonra ikinci mövsümə ötəri göz atdım. Məlum oldu ki, əsərin son iki-üç səhifəsindən yeddi seriya çıxarıblar. Allah onların həvəsindən kəsib mənə versin. Keçək fərqlərə:

Ekran işində hadisələr Avstraliyadan Amerikaya köçürülüb.

Kitabda Madlenin üç övladı var, amma serialda iki. Ekran işində oğlu Fredi ixtisara salıblar. Əslində uşaq əsərdə də böyük bədii yük daşımırdı, vaxtaşırı anasını köməyə çağırmaqla öz övladlıq borcunu yerinə yetirirdi;

Kitabda Ceyn çox arıqdır. Bunun da səbəbi var. O, cinsi zorakılığa məruz qalır, bu azmış kimi kök olduğu üçün təhqir edilir. Həmin hadisədən sonra Ceyn iştahadan kəsilir, arıqlamağa başlayır. Ancaq Ceyni canlandıran aktrisa Şeylen Vudley (Shailene Woodley) elə də arıq deyil. Ya da səhnəmizin korifey sənətkarı Nisə Qasımova demiş, kamera insanı 5 kiloqram kök göstərir.

Serialda Madlenin kiçik xəyanət səhnəsi var. Kitabda Moriarti Madlenin sədaqətinə ləkə yaxmır.

Kitabda maskarad səhnəsində Ceyn saçlarını qısa kəsdirir və Odri Hepbörnün (Audrey Hepburn) kaprili obrazını təqlid edir. Amma serialda “Tiffanidə səhər yeməyi” obrazı seçilib.

Samantha: I didn’t recognize Jane when I first saw her at the trivia night. She had this amazing new haircut and she was wearing black capri pants with a white shirt with the collar up and ballet flats. Oh dear. Poor little Jane. She looked so happy at the start of the night!

Kitabda Bonni ziyafətdə gündəlik geyimdə (cins şalvar və köynəkdə) olur. Lakin serialda Hepbörnün “Mənim gözəl xanımım” (“My Fair Lady”) filmindəki obrazını canlandırır.

Ekran işində final səhnəsində yalnız qadınlar iştirak edir.

Əsərdə taleyüklü hadisədən sonra qadınlar bir araya gəlmir, hərəsi bir yerə dağılışır: Renata Londona gedir, Selesta hüquqşünas kimi fəaliyyətə başlayır. Onlar Ceyn ilə daha görüşmürlər.

Çox güman, gözümdən qaçan başqa xırda nüanslar da olub.

P.S. Sevindirici haldır ki, yazıçının ilk romanı “YAY” nəşriyyatı tərəfindən artıq dilimizə tərcümə edilib.