Bədii qəhrəmanların şərəfinə adlandırılan sindromları bir araya toplayanda şərti olaraq onları üç hissəyə ayırmışdım: müxtəlif romanlar, Şekspir yaradıcılığı və uşaq ədəbiyyatı. İlk iki hissəni yayımladıqdan sonra üçüncü hissəyə başladım. Məlum oldu ki, sindrom kolleksiyamdan yerdə qalanlar oldu. Odur ki, bu silsilənin dördüncü hissəsi də olacaq. Çox güman “qalıq-quluq sindromlar” adı altında J

Əsas şərt nə idi? Sindromun, kompleksin və ya effektin bədii qəhrəman adından götürülməsidir. Bu dəfəki bədii qəhrəmanlarımız nağıl personajları, uşaq ədəbiyyatı nümunələrindən götürülmüş obrazlardır.

Nağıllarla başlayaq. İlk qonağımız Sindirelladır.

Sindirella sindromu

Sindirella, Küllücə və ya Zoluşka Şarl Perro (Charles Perrault) nağıllarının qəhrəmanıdır. Bir növ Göyçək Fatmanın xarici versiyası. Ya da əksinə. Yazıçı bu nağılı XVII əsrin sonlarında qələmə alıb. Həmin dövrdə Küllücə ideal qadın keyfiyyətlərinin təcəssümü olub. Lakin müasir dövrdə fağırlıq, mütilik, altruizm, itaətkarlıq kimi xüsusiyyətlər ideal qadın obrazından daha çox qurban kompleksi formalaşdırır.

Küllücə kompleksindən əziyyət çəkən qadınlar müstəqil olmaqdan qorxurlar, yetkin yaşda da uşaq arzuları ilə yaşamağa, nağıl kimi həyat istəməyə və reallığı qəbul etməməyə davam edirlər.

İlk dəfə kim istifadə edib?

Bu termindən ilk dəfə 1981-ci ildə Kolett Daulinq (Colette Dowling) özünün “Sindirella kompleksi” kitabında istifadə edib. Daulinq bu vəziyyəti “müstəqillikdən qorxu” kimi təyin edib. Onun fikrincə, bu cür hallarda qadınlar instinktiv olaraq öz həyatları və xoşbəxtlikləri ilə bağlı məsuliyyəti başqalarının üstünə yıxırlar.

Simptomlar

Bu sindromdan əziyyət çəkənlər

  • Bu günlə yaşamırlar, onlar üçün yaxşı həyat hardasa uzaqdadır. Uzaqlarda onları gözləyir və onlardan asılı deyil.
  • İnanırlar ki, gün gələcək, çəkdikləri cəfanın səfasını görəcəklər.
  • Onlar öz uğursuzluqlarının və tənhalıqlarının əsl səbəbini anlamırlar, öz çətin yaşayışlarına görə bütün dünyanı günahlandırırlar.
  • Möcüzəyə bəslədikləri inam passiv həyat tərzlərinə bəhanə olur.
  • Sərf etməyən hər şeyə dözürlər və həyatlarını dəyişmək üçün nəsə etmək yerinə, bütün bunların öz-özünə dəyişəcəyinə inanırlar.

Bəs buna nə səbəb olur?

Uşaqlıqdan qızların başlarına belə bir fikir yeridilir ki, yaxşı nəyisə ağır əməklə, itaətkarlıqla, dözümlə qazanmaq lazımdır. Psixoloqlar valideynlərə uşaqlarına qarşı bu cür manipulyasiyalara əl atmamağı məsləhət görürlər. Bu cür şəraitdə tərbiyə alan uşaq tələbləri özü istədiyi üçün deyil, valideynlərinin sevgisini itirmək qorxusu ilə edir.

Nağıldan da bildiyimiz kimi, üzüyola, fağır, xeyirxah Küllücə öz qohumlarını, ələlxüsus atasını razı salmağa çalışırdı.Bu da ənənəvi patriarxal cəmiyyətdə hökm sürən tərbiyə metoduna əsaslanır: “nadinclik eləmə, yoxsa atan hirslənəcək”. Qızlarını bu üsulla tərbiyə edən anaların ağlından belə keçmir ki, balacaları ata qəzəbi ilə qorxutmaqla onlarda ömürlük “yaxşı qız” kompleksi formalaşdırırlar. Belə olduğu təqdirdə, qızlar yalnız yaxşı, doğru əməllərlə sevgi qazana biləcəklərini düşünürlər. Onlara “etməyəcəm”, “istəmirəm” və ya qəti şəkildə “yox” demək çətin olur. Bu cür qızlar analarının qoyduqları qayda-qanunların əsiri olurlar. Və o qorxu ilə yaşayırlar ki, birdən atalarının ümidlərini doğrutlmazlar.

Nələrə səbəb ola bilər?

Sindirella kompleksi iş yerində yersiz, qeyri-effektiv davranışa, uğur qorxusuna gətirib çıxara bilər. Onlar qorxurlar ki, müstəqillik qadın kimi zərifliklərini, incəliklərini əllərindən ala bilər.

Ədəbiyyatda ilk dəfə detektiv kraliçası Aqata Kristi (Agatha Christie)” 1955-ci ildə işıq üzü görən “Hikkori-Dikkori-Dok” (Hickory Dickory Dock) əsərində bu termindən istifadə edib. Erkül Puaro seriyasından olan bu romanda psixologiya üzrə təhsil alan tələbə əczaçı qıza bu cür diaqnoz qoyur.

Ötən il “Netflix”-də yayımlanan və qısa müddətdə məşhurlaşan “Cinsi tərbiyə” (Sex Education) serialında da qəhrəmanlar arasında keçən dialoqda Sindirella sindromuna toxunulur.

Yatmış gözəl sindromu

Bəhs edəcəyim növbəti patologiya yatmış gözəl sindromudur. Yəqin, Şarl Perronun eyniadlı nağılı yadınızdadır. Cadugər Malifisenta şahzadə Avroranı lənətləyir. Qızın on altı yaşı tamam olanda əlinə iynə batır və o, əbədi yuxuya gedir. Onu yuxudan yalnız bir şey ayılda bilər: yaraşıqlı şahzadənin öpüşü. 

Bu, uşaqlıqdan bizə romantik hekayə kimi yeridilsə də, dəhşətli haldır. Qəhrəmanımızın adından ilhamlanan sindrom da qorxuludur. Rəsmi olaraq pozuntu Kleyne-Levin sindromu adlanır. Nadir rast gəlinən nevroloji pozuntu hipersomniya ilə müşahidə edilir. Xəstəlik çox vaxt gənc yaşlarda meydana çıxır və daha çox kişilərdə rast gəlinir.

İlk dəfə kim istifadə edib?

Sindromu ilk dəfə 1786-cı ildə fransız həkim Edme Pyer Şavo de Boşen (Edmé Pierre Chauvot de Beauchêne) təsvir edib. 1925-ci ildə Villi Kleyne (Willi Kleine) doqquz ardıcıl hipersomniya vəziyyətindən ibarət seriyanı təsvir edib. 1936-cı ildə Maks Levin (Max Levin) hipersomniya və qidalanma pozuntusuna diqqət çəkərək, daha beş hal əlavə edib. Təsadüfi deyil ki, sindromun rəsmi adı da Kleyne və Levinin adını daşıyır.

Simptomlar

Bu zaman xəstələr

  • Sutkanın böyük bir hissəni (18 saat, bəzən daha çox hissəsini) yataraq keçirirlər. 
  • Yalnız yemək yemək, tualetə getmək üçün yuxudan ayılırlar.
  • Onlara yatmağa imkan verilmədikdə əsəbi və qəzəbli olurlar.
  • Onları oyandırmaq son dərəcə çətin olur.
  • Xəstələrdə dezoriyentasiya, apatiya müşahidə edilir. Bəzi hadisələri yaddan çıxara bilirlər. Amneziya halları olur. Hətta bəzilərində qallüsinasiyalar müşahidə edilir. Sayıqlayanlar olur. Səsə və işığa həssas olurlar.
  • Təxminən 75% halda xəstələr oyaq olanda acgözlük edir, doymaq bilmədən yeyirlər. Bu zaman şirniyyata üstünlük verirlər.
  • Pasiyentlərin təxminən yarısında, çox vaxt kişilərdə hiperseksual davranış müşahidə edilir. Cinsi zorakılığa əl atır, soyunub tamam çılpaq dolaşır və ağır söyüşlər söyürlər. Qadınlar daha çox depressiv davranışa meylli olurlar.

Rapunzel sindromu

Qrimm qardaşlarının qızılı saçlı Rapunzeldən bəhs edən nağılında nə deyilirdi? Məkrli cadugər qadına görə əlçatmaz qalaya dustaq edilən Rapunzel bir gün uzun hörüyünü pəncərədən aşağı sallayır ki, şahzadə ondan pilləkən kimi istifadə edib sevdiyi qadını xilas eləsin. Bəli, xilas olunacağı günü gözləyən növbəti şahzadə. Nə isə. Mövzumuz bu deyil.

Trixotillomaniya deyilən bir xəstəlik var. Bu zaman insanlar saçlarını yolurlar. Aralarında hətta qotur, keçəl qalanlar da olur. Gündəlik tərzində yazdığı chic-lit romanları ilə məşhurlaşan Pukka ləqəbli Pınar Selen də depressiyaya düşəndə acığını saçlarından çıxaranlardandır. Trixofaqiyadan əziyyət çəkənlər isə öz saçlarını yemək istəyirlər. Rapunzel sindromu isə bu iki vəziyyətin özündə birləşdirir. Adətən qadınlarda daha çox rast gəlinir.

Əvvəlcə başdakı, sonra bədənin başqa yerlərindəki tüklərə keçirlər. Çox vaxt bu xəstəlikdən əziyyət çəkənlər tüklərin kökünü yeyirlər, lakin bəzən tükün özünə də keçirlər. Hətta başqalarının da saçlarını yeyə bilirlər. Nəticədə tüklər mədə bağırsaq traktında yığılır və böyük yumaq əmələ gətirir, bu da öz növbəsində mədə ağrılarına səbəb olur. Yaranan bu cür şiş nazik bağırsağa qədər uzunan quyruqlu şara oxşayır.

İlk dəfə kim istifadə edib?

İlk dəfə bu barədə 1779-cu ildə fransalı həkim M.Bodamant (M. Baudamant) məlumat verib. O, 16 yaşlı gəncdə saç yumağı aşkar edib.

Nələrə səbəb ola bilər?

Vaxtında diaqnoz qoyulmasa, ölümlə nəticələnə bilər. Bəzi hallarda cərrahi müdaxiləyə ehtiyac olur. Əməliyyatla yanaşı, saç törəməsini kimyəvi maddələrin təsiri altında əritmək və ya lazerin köməyi ilə kiçik hissələrə parçalamaq mümkündür.

Haklberri Finn sindromu

Sindrom axtarışında nağıl personajlarına göz atdıqdan sonra uşaq ədəbiyyatından digər nümunələrə də nəzər salaq.

Amerikalı yazıçı Mark Tvenin (Mark Twain) yaratdığı ən məşhur personajlardan biri Tom Soyerdir. Haklberri Finn isə onun dostlarından biridir. Tom Soyerin sərgüzəştlərinə  dəstək olmaq məqsədilə əlavə edilsə də, sonradan o qədər diqqət cəlb edir ki, yazıçı sırf Hakberri Finnə roman həsr edir.

Finn evsiz, əyyaş bir kişinin oğludur. O, səfil və baxımsız həyat tərzi sürür. Gecələri boş şəkər çəlləyində yatır, tənbəki çubuğu çəkir, məktəbə getmir, avaralanır. Və sürdüyü bu həyat onun xoşuna gəlir. Haklberri bir çox ailələrin uşaqlarını dostluq etməyə qoymadığı həmin tərbiyəsiz avaradır. Lakin Tom Soyer qaydaları pozur, Finnlə dostluq etməyə başlayır. Bundan sonra ikilinin başına bir çox hadisə gəlir.

Uzun sözün qısası, Haklberri Finn sindromu məktəb dövründə itaətsizliklə başlayır və yetkinlik dövründə tez-tez iş yerini dəyişməklə və səbəbsiz işə getməməklə müşahidə edilir. Özünü disfunksiya şəklində göstərsə də, ciddi pozuntu kimi qəbul edilmir. Tibbi ədəbiyyatda psixoloji və ya psixiatrik problem kimi qeyd edilmir.

Finn kimi həyatına məna qata bilməyənlər boşluq hissindən əziyyət çəkirlər. Onlar daim narazıdırlar. Bu səbəbdən boşluğu doldurmaq üçün daim axtarışdadırlar. 

Simptomlar

Bu cür insanlar

  • Ən müxtəlif vəziyyətə asan uyğunlaşdıqlarını hesab edirlər. Ancaq heç vaxt heç kimlə özlərini rahat hiss etmirlər.
  • Məsuliyyətdən qaçırlar.
  • Güclü kökləri olmadıqları üçün özləri də heç yerdə kök sala bilmirlər.
  • Adətən uşaqlıq illəri pis keçir. Ata fiqurları isə dağıdıcı olur.
  • Bu cür uşaqlarda özünə hörmət hissi çox aşağı olur.
  • Tez-tez dostlarını, həmkarlarını, iş yerlərini dəyişirlər.
  • Stabilliklə problemləri olur.

Polianna sindromu

Və  siyahıma Polianna sindromu ilə yekun vuracam.

Polianna amerikalı yazıçı Elinor Porterə (Eleanor Porter) dünya şöhrəti gətirən eyniadlı romanın baş qəhrəmanıdır. 1913-cü ildə işıq üzü görən bu əsərdə atasının ölümündən sonra xalasının yanına köçən 11 yaşlı Poliannadan bəhs edilir. Qızcığaz valideynlərinin yaratdığı sevgi-qayğı atmosferindən zabitəli xalasının sərt qayda-qanunlar dünyasına keçir. Lakin təslim olmur. Atasının ona öyrətdiyi “Sevinc oyununu” (The Glad Game) ətrafdakılara öyrətməyə başlayır. Əvvəlcə həm xalasını, həm şəhər sakinlərini öz nikbinliyi və şənliyi ilə qıcıqlandıran Polliana bir müddət sonra demək olar hər kəsi dəyişə bilir. Onun öyrətdiyi bu oyun demək olar hamının həyatını dəyişir.

Süjetdən də bəlli olduğu kimi bu obrazın şərəfinə adlandırılan sindromda insanlar təhlükəli optimizmdən əziyyət çəkir.

İlk dəfə kim istifadə edib?

Psixologiya sahəsində Polianna prinsipi ilk dəfə 1978-ci ildə Marqaret Matlin (Margaret Matlin) və Devid Stanq (David Stang) tərəfindən təsvir edilib.

Simptomlar

Bu sindromdan əziyyət çəkənlər:

  • Hər şeydə, ən pis hadisələrdə belə yaxşı şey görməyə çalışırlar.
  • Neqativ hadisələri pozitiv hadisələrə interpretasiya edəndə həmişə tutarlı bəhanələr tapa bilirlər. Məsələn, telefonun xarab olub? Heç nə olmaz, bir-iki gün gözlərin dincələr, vaxtında yatıb yuxunu alarsan.
  • Daim çəhrayı eynəklə gəzirlər. Dünyaya həmin eynəklərlə baxırlar.  Bu da özünü aldatmağa bərabərdir. Çox vaxt reallığı görməyə mane olur, süni sevinc yaradır.

Nələrə səbəb ola bilər?

Polianna sindromundan əziyyət çəkənlər üçün təhlükə ondan ibarətdir ki, bu cür insanlar reallığı təhrif olunmuş versiyada görür, özlərini, ətrafdakı insanları yaxşı tanımırlar, tanıyanda isə çox vaxt artıq gec olur. Ehtiyatlı tərpənmirlər.

Bu cür insanlar ətrafdakıların fikirlərindən, əhval-ruhiyyələrindən asılıdırlar. Onlar instiktiv olaraq özlərini həmişə “pis”, ərtafdakıları “xeyirxah”, “yaxşı” insan hesab edirlər.

Bir maraqlı faktı da qeyd edim. İngilis dilində Polianna ümumi isim kimi də istifadə edilir. Merriam Webster lüğətində bu sözün mənası – “yaxşı şeylərə inanan optimist insan” kimi izah edilir: https://www.merriam-webster.com/dictionary/Pollyanna

Mətnin video formatı YouTube kanalımda: