Erik Bananı (Eric Bana) çoxdandır ekranlarda görmürdüm. Axırıncı dəfə onu “Troya“nın (Troy, 2004) qan elədiyi vaxtda görənəm. Üzr istəyirəm, səhvə yol verdim. “Zaman səyyahının arvadı” (The Time Traveler’s Wife, 2009) yadımdan çıxmışdı. Əslində, o film elə yadımdan çıxsa yaxşıdır.

Nə isə, dünən internetdə eşələnirdim. Qarşıma “Quraqlıq” (The Dry, 2020) filminin posteri çıxdı. Yadıma düşdü ki, bir-iki əvvəl qızışıb kitabını almaq istəyirdim.

“Quraqlıq” Avstraliya mənşəli britaniyalı yazıçı Ceyn Harperin (Jane Harper) debüt romanıdır. 2016-cı ildə işıq üzü görən kitab bir neçə beynəlxalq mükafata layiq görülüb. Üç-dörd il dəhşət populyar idi.

Sonra xəbər yayıldı ki, aktrisa Riz Uizerspun (Reese Witherspoon) kitabın çəkiliş hüquqlarını alıb. Sanki Riz Uizerspun Amerika kino sənayesinin 90-cı illərin sonu 2000-ci illərin əvvəlində ona yapışdırdığı “sarışın axmaq” damğasından israrla qurtulmaq istəyir. Kitab klubu yaradıb, içi soyumayıb, həmin klubun seçdiyi əsərlərin çoxunun hüququnu alır. “Quraqlıq” da həmin “seçilmişlər”dən biri idi.

Avstraliyada fermerliklə məşğul olan kiçik bir şəhər var. Şəhər iki ildir ki, yağış üzünə həsrət qalıb. Aaron Falk federal agentdir. O, bu kiçik şəhərdən çıxıb, amma Melburn polisində uğurlu karyera qura bilib. Falk iyirmi ildən sonra yas mərasimində iştirak etmək üçün doğma şəhərinə geri qayıtmalı olur. Ölən adam onun məktəb yoldaşıdır. Lyukun ölümü müəmmalıdır: istintaqın nəticələrinə görə, o, əvvəlcə arvadını və altı yaşlı oğlunu, ardınca özünü güllələyib. Aaron Falk da bu məsələni araşdırmalı olur.

Adına görə haqlı olaraq quraqlığın şəhər sakinlərinin həyatına təsirini görmək istəyirdim. Ancaq onları heç nə narahat etmirdi, hamı öz kefində idi, bütün günü pivə içirdilər. Dindirsən, hamısı “biz dərdimizdən içirik” deyəcək. Təəssüf, əsərdə vəziyyətin necə olduğunu bilmirəm, heç deyəsən, bundan sonra bilməyəcəm də. Ekran işində quraqlığın məsələyə yeganə təsiri o oldu ki, federal agent hirslənəndə duş qəbul edə bilmədi.

Keçək yaxşı tərəflərinə. Elə bil, film azərbaycanlıların sevimli atalar sözlərinin – “yalan ayaq açar, yeriməz”, “yalanın ömrü qırx gündür” – qarşısına tuz çıxarmaq üçün çəkilib. Gördük ki, ayaq açan yalan nəinki yeriyir, dabanına tüpürüb qaça da bilir. Sloqanda da deyildiyi ki, bir ömür boyu davam edə bilir.

Ümumiyyətlə, hamının hamını tanıdığı kiçik qəsəbələrdə, şəhərlərdə baş verən kriminal hadisələrdən bəhs edən əsərləri xoşlayıram. Kiçik cəmiyyətdə nəyisə gizlətmək çox çətin olur. Mənə də ləzzət edir, görüm gizlədəsi bir şeyi olanlar necə artistlik edirlər?!

Sən bu şəhərdə həqiqəti tapacağına inanırsan? Bəzən o qədər yalan danışırıq ki, bu, ikinci təbiətimizə çevrilir.

Uzun sözün qısası, “Quraqlıq” mənim üçün quruyan təbiətdən daha çox, içi quruyanların hekayəsi oldu.

P.S. Erik Bananın qocalmasına şahid olmaq da bir başqa dərddir.