Aprelin 23-ü “Netflix”-də “Kölgə və sümük” (“Shadow and Bone”) serialının birinci sezonu yayımlandı.

Serial fentezi janrındadır, amerikalı yazıçı Li Barduqonun (Leigh Bardugo) iki əsəri əsasında çəkilib. Əsərlərdən biri “Qrişa” trilogiyasının birinci kitabı “Kölgə və sümük”dür, ikincisi isə “Altı qarğa” (“Six of Crows”) duologiyası. Bir sözlə, iki fərqli süjeti birləşdiriblər. Çəkilişlər Budapeştdə baş tutub. Ekran işi səkkiz seriyadan ibarətdir.

Qüdrətli Ravka (çar Rusiyasının fentezi versiyası) qara dumanla iki hissəyə ayrılıb. Kanyon adlanan bu dumanda təhlükəli monstrlar yaşayır. Bu məxluqların öhdəsindən yalnız qrişlər gələ bilər. Qrişlər müxtəlif sehrli gücə malik cadugərlərdir.  Günlərin  bir günü hərbi xəritəçəkən Alina əsgər və qriş dəstəsi ilə birlikdə Kanyonu keçmək tapşırığı alır. Gəmi monstrların hücumuna məruz qalır. Alinanın ən yaxşı dostu Malin (qız onu Mal adlandırır) ölümlə üz-üzə qalanda qızın içində güclü bir magiya baş qaldırır. Məhz bu magiyanın köməyi ilə ölkə zülmətdən xilas ola bilər.

Rusiyanın “TNT” kanalında “Ekstrasenslərin mübarizəsi” (“Битва экстрасенсов”) adlı veriliş gedirdi. Bu serial da bir növ ona oxşayır. Orada heç olmasa iştirakçıların hamısı ekstrasens idi, burada isə hərə bir hoqqa çıxarır. Biri ovcunda tonqal qalayır, biri yaralara məlhəm olur, biri əlində parlaq kürə ortalıqda veyllənir. Hər dəfə kürə səhnələrində elə bilirdim ki, bu dəqiqə futbolçu Zinəddin Zidan (Zinedine Zidane) kənardan çıxıb “firmenni” qolunu vuracaq.

Piyada şahmat taxtasında ən güclü fiqura – vəzirə çevrilə bilər. “Alatoranlıq” (The Twilight Saga) saqası və “Aclıq oyunları” (The Hunger Games) romanında bu priyomdan yaxşı istifadə edilib. “Kölgə və sümük”dəki piyada – Alina xanım isə zırıltısı, narazı və qaşqabaqlı siması ilə zəhləmi tökdü.

Bu azmış kimi, bütün dövrlərin ən yaxşı hind filmi “Devdas”dakı (Devdas) Paru “Devdas, Devdas” deyib gəzən kimi o da bütün 8 seriyanı “Mal, Mal” deyə beynimi xarab elədi. Mal da sözün əsl mənasında mal idi.

Ümumiyyətlə, aktyor heyəti xalqlar dostluğuna, daha doğrusu, xalqlar düşmənçiliyinə oxşayırdı. Hər millətdən bir nümayəndə var idi. Hətta bəzi aktyorlar iki milləti təmsil edirdi. Deyəsən, “Netflix” rasizmlə mübarizə tarixinə adını qızıl hərflərlə yazdırmaq istəyir.

Məntiqi səhvlər, mübahisə doğuran məqamlar var idi. Ssenari müəllifləri arasında yazıçının da olduğunu nəzərə alsaq, məyusedici haldır.

Tamaşaçıların çoxu kostyumları bəyənir. Mən isə əksinə. Obrazların əynindəki kaftanları gördükcə Böyük Vətən müharibəsindən bəhs edən sovet filmlərini yadıma düşdüyü üçün qaramat məni basırdı. Ekran işində ən çox “qarğa”lar və onların başlarına gələn macəralar, yazıçı Li Barduqonun kameosu (müəllifin filmdə çəkildiyini bilmədən, kameo səhnəsini tapmaq diqqətdən daha çox bekarçılıq tələb edir, öyünüləsi bir şey  yoxdur) və ekran işində müəllifin kitablarından, əsərlərdəki xəritələrindən istifadə edilməsi ürəyimcə oldu.

Nə nəticəyə gəldim?

  • Çoxluqdan fərqlənənlərə tolerant münasibət həmin çoxluğun nə qədər insani keyfiyyətlərə malik olmasının göstəricisidir;
  • Niyyətindən asılı olmayaraq, bütün güc və hakimiyyətin bir insanın əlində cəmləşməsi təhlükəli haldır;
  • “Dostluq” və “sağ qalmaq” arasında müxtəlif  bəndləri seçənlər arasında dostluq mümkün deyil;
  • Aktyor Ben Barnes (elə seriala da onun tərifdolu rəylərinə və qocalmaq bilməyən körpə simasına görə baxmışdım) ən mənasız rolda çəkilsə belə, tülkü baxışı ilə məni həmişə ekrana cəlb edə biləcək.

İkinci sezona baxacammı? Əlbəttə. Mən də belə anormalam.