Bizim bir məsələmiz var: “Niyyətin hara, mənzilin ora”. İngilis yazıçısı Dafne Dyu Moryenin (Daphne du Maurier) qələmə aldığı “Alibi” hekayəsi də həmin deyimin genişləndirilmiş versiyasıdır.

Günlərin bir günü həyat yoldaşı ilə sahildə gəzişən cənab Ferton birdən fərqinə varır ki, həyat dəhşət darıxdırıcıdır, insanlar isə yaradanın əlində marionetdir, ürəyi necə istəyir onları elə də tərpədir. O, bu monotonluqdan çıxmaq, həyatına rəng qatmaq qərarına gəlir. Deyir, bundan sonra ağlıma nə gəlsə, onu da edəcəm. Məsələn, təsadüfi bir ev seçib, sakinlərinin həyatını dəyişə bilərəm, onların mülkünü oğurlaya, hətta onları öldürə bilərəm. Bu fikirləri oxuyanda dəhşətə gəldim. Cənab Fertonun qərarına görə yox. Bekarçılığın, sıxıntının səviyyəsini təsəvvür edib dəhşətə gəldim. İnsan necə bir rutin bataqlığına düşməlidir ki, ordan çıxmaq üçün kimisə öldürmək istəsin?!

O yalnız bir məqsədlə yürüyürdü: özündən qurtulmaq və köləsinə çevrildiyi bazar ayinini beynindən silmək istəyirdi.

Cənab Ferton Anna Kaufman adlı bir qadını öldürmək üçün onun evini kirayələyir. Lakin planı başqa xətt üzrə inkişaf edir. Belə ki, Ferton uydurduğu yalanın toruna düşür, özünü rəssam kimi qələmə verir və özündə rəssamlıq istedadı, rəssamlığa həvəs kəşf edir. İkili həyat sürən baş qəhrəmanımız öz gəlişi ilə Anna Kaufmanın da həyatını dəyişir, onun üçün ümid işığına çevrilir. Və bir gün qəfil oyuna son qoymaq qərarına gəlir. Öz gedişi ilə Anna Kaufmanı intihara sürükləyir. Dolayısıyla planı baş tutur. Halbuki cənab Fertonun sadəcə yaxınlarının dəstəyi və anlayışına ehtiyacı var idi. Məlum olur ki, birlikdə yaşadığı insanlar əslində onu tanımır, ona və istedadına inanan yeganə insan isə öldürmək istədiyi və dolayısıyla öldürdüyü qadındır.

Əsər haqqında danışdığım videoçarxın keçidi:

https://www.youtube.com/watch?v=fk6y-Lzp8