E.C.Finn (A.J.Finn) təxəllüsü ilə yazan yazıçı Daniel Mallorinin (Daniel Mallory) qələmə aldığı “Pəncərədəki qadın” (The Woman in the Window) əsərində hadisələr Amerikada cərəyan edir. Uşaq psixoloqu Anna Foks aqorafobiyadan (açıq məkanlardan qorxu) əziyyət çəkir, evindən bayıra çıxmır, daha doğrusu çıxa bilmir. Başını qatmaq üçün qonşularını güdür. Və günlərin bir günü qarşı binadakı mənzildə qətl hadisəsinə şahid olur.

Anna Foks alkoqolizmdən əziyyət çəkir. Ailəsini, yaxınlarını, işini itirib, daha sonra dərin depressiya düşüb, çarəni içkidə tapanlardandır. Müəllif süjeti etibarsız şahid ifadəsinin üzərində qurub. Cinayət hadisəsinə şahid olan şəxslərə təhlükəsizlik orqanlarının əməkdaşları inanmamalıdır. Niyə? Çünki əyyaşdır, psixi çatışmazlığı var. Müəllif özü də eyni psixoloji çətinlikdən keçib.

Kitabı karantin dövründə oxudum və hər nə səbəbə olursa olsun, çölə çıxa bilməməyi iliyimə qədər hiss etdim. Əminliklə deyə bilərəm ki, mən də ötən ili Anna Foks kimi keçirmişəm, bir fərqlə, qonşuları güdməyə fotoaparatım olmayıb. Elə yaxşı ki, olmayıb.

“Pəncərədəki qadın” əsərini Alfred Hiçkok (Alfred Hitchcock) yaradıcılığına yaxşı nəzirə hesab etmək olar. Əsərin ümumi süjeti Hiçkokun “Arxa pəncərə” (Rear Window) filminin süjetinə oxşayır.

Orda da ayağı qırıldığı və gipsə salındığı üçün evindən çıxa bilməyən fotoqraf qonşu binada cinayət hadisəsinə şahid olur. Polislər ona inanmır və fotoqraf öz araşdırmasını aparmağa başlayır. İkincisi, psixoloqumuz bütün kitab boyu köhnə ağ-qara, nuar filmləri izləyir. Bunların arasında Hiçkokun filmləri üstünlük təşkil edir. Hiçkok həvəskarı deyiləm, amma bəzi serialları xaric, demək olar bütün filmoqrafiyasını izləmişəm. Əsərdəki replikaların hansı filmdən olduğunu təyin edəndə elə bilirdim, TQDK qəbul imtahanında fizikadan 25 sualın hamısını yazmışam və hamısı da düz çıxıb.

Rejissor Co Raytın (Joe Wright) – bəli, bəli, 2005-ci ildə “Qürur və qərəz”i (Pride and Prejudice) pis günə qoyan adam – kitab əsasında çəkdiyi və premyerası 2019-cu ildə gözlənilən ekran işi pandemiya ucbatından təxirə salınmışdı. Nəhayət, 2021-ci ildə “Netflix” platformasında yayımlandı. Aktyor heyətində ulduzların əlindən tərpənmək olmur: Emi Adams (Amy Adams), Qari Oldmen (Gary Oldman) və Culiana Mur (Julianne Moore). Ancaq bunlar da filmi bayağılıqdan xilas edə bilmədi. Əsərdə antaqonist mələk simalı, saf və qorxaq təsvir edildiyi üçün şübhələri öz üzərindən atmağa müvəffəq olur, son anadək əməllini, kimliyini gizli saxlaya bilir. Filmdə isə bu obraza elə aktyor seçilib ki, üzünə baxan kimi əclaf olduğu bilinir.

Əsəri oxşar romanla müqayisəli təhlil etdiyim videonun keçidi: