Annotasiyada deyilir ki, roman çap olunduğu 2014-cü ildə Fransada ədəbi fenomenə çevrilib. Məncə, ünvanına səslənən təriflərin haqqını artıqlaması ilə verir.

36 yaşlı Gilen Vinyol kağızın təkrar emalı zavodunda çalışır. Vinyol işinə nifrət edir və kitabları məhv etdiyi üçün vicdan əzabı çəkir. Bu əzabdan qurtulmaq üçün hər gün maşınının ağzından “sağ qalan” səhifələri 6:27 qatarında sərnişinlərə oxumağa başlayır. Bir gün təsadüfən vaqondan fleş-kart tapır və bu tapıntı onun bütün həyatını dəyişir…

O, qiraətçi idi, gözəl kəlamlar elçisi.

Özünəməxsus fərqli xarakter palitrası olan obrazları xoşlayıram. Bu əsərdə də bu cür obrazlar çoxluq təşkil edirdi: emal prosesində baş verən qəza nəticəsində ayağını itirən, sonra həmin tarixdə nəşr olunan kitablarda “ayaqlarını axtaran” qoca italyan; çərşənbə axşamları aldığı şirniyyatı məhz çalışdığı ictimai tualetdə yeyən, bu hərəkətinin səbəbini soruşanda “kökələri başqa yerdə yeyəndə adi şirniyyat təsiri bağışlayır, tualetdə isə bu, əsl möcüzəyə çevrilir” deyə izahat verən xala; atası öləndə ağzında nəfəs borusu olduğu üçün onun kosmonavtlarla birlikdə aya uçduğunu düşünən balaca oğlan; pyeslərdəki monoloqları əzbərləyib qaravul köşkündə təkadamlıq tamaşalar səhnələşdirən keşikçi…

Hər xırda detalından o qədər zövq aldım ki. Müəllif özü də romanı müasir nağıl kimi təqdim edir. Həqiqətən də, ictimai tualetin təmizliyinə cavab verən Jüli müasir dövrün Zoluşkası, kağız emalı zavodundakı nəhəng maşın – əjdaha, hər gün həmin maşınla ölüm-dirim mübarizəsinə atılan Vinyol ağatlı şahzadə, vaqonda itirilən fleş-kart isə büllur ayaqqabı idi…

Müasir Fransa ədəbiyyatından Anna Qavaldanın (Anna Gavalda) əsərlərini çox bəyənirəm və imkan düşdükcə romanlarını oxumağa çalışıram. Həssas üslubunu, məişətə, gündəlik mövzulara fəlsəfi baxışını çox sevirəm. Didyeloran da sanki Anna Qavaldanın kişi versiyası idi. Qəti qərarlıyam, digər əsərlərini də oxuyacam.

Roman haqqında danışdığım videonun keçidi: