Portuqal-anqola yazıçısı Joze Eduardu Aqualuzanın (Joze Eduardo Agualusa) “Kaş unudaydım” (The General Theory of Oblivion) əsərində hadisələr Anqolada cərəyan edir. 70-ci illərdir, Portuqaliya və Anqolanın Portuqaliya müstəmləkəsindən olan hərbi-siyasi qruplaşmalar ölkənin müstəqilliyi uğrunda mübarizə aparırlar. Çevriliş baş verir və özbaşınalıq başlayır.  Bu zaman Ludu adlı bir qadın tək qaldığı, qorxduğu üçün çöl qapısına divar hörür və düz otuz il ətraf aləmdən təcrid vəziyyətində yaşayır, eyvanda yetişdirdiyi tərəvəzlərlə və ovladığı göyərçinlərlə qidalanır, mebelini və kitablarını yandırır, həyat hekayəsini, düşüncələrini, hisslərini əvvəlcə dəftərə, gözləri zəiflədikdən sonra isə divara yazır.

Təhkiyə iki xətt üzrə gedir: birincidə yazıçı müşahidəçi qismində baş verən hadisələri təsvir edir, ikincidə isə Ludunun gündəliyindən parçalar verilir. Bu yolla görürük ki, Ludu əslində baş verən hadisənin müəyyən bir qisminə şahid olur və gördüklərini də öz təxəyyül gücünə uyğun şərh edir. Adam qəribə olur. Fikirləşdim ki, görəsən şəxsən mən ümumi baş verənlərin neçə faizini olduğu kimi qəbul edə bilirəm?! Xəyalımda canlandırdığım həqiqətən olan hadisədirmi? Yoxsa həmin hadisənin mənim beynimdə təhrif olunmuş proyeksiyası?

İnsanlar ürəkləri nəyin həsrətini çəkirsə onu görürlər.

Məkanın, zamanın fərqi yoxdur, bu, 70-ci illər də ola bilər, 2000-ci illər də, bu, Anqola da ola bilər, Azərbaycan da. Dəhşətli hadisələr baş verdimi, həmin hadisələrdən sonra iştirakçıların adətən iki seçimi olur: unutmaq və ya unutmamaq. Bəziləri olan bitən hər şeyi unutmaq istəyir, digərləri isə unutsa, həyata təslim olacağını düşünür. Hansı tərəfi seçdiyin dözüm dərəcən ilə ölçülür. Lakin bu əsərdən sonra mənə çatdı ki, bəzən unutmaq və unutmamaqla yanaşı, unudulmaq istəyənlər də olur. Unudulmaq bəzən hədiyyəyə çevrilir. Keçmiş günahların nə qədər çoxdursa, vicdan səsin qulağını nə qədər çox kar edirsə, həmin hədiyyəyə bir o qədər ehtiyacın olur.

Əsər haqqında danışdığım videoçarxın keçidi:

https://www.youtube.com/watch?v=fk6y-Lzp8