Nina Stibbenin “Sükan arxasındakı adam” (Man at the Helm) əsərini gülmək üçün almışdım, ancaq tam əksi oldu.

 Deməli, doqquz yaşlı Lizzinin valideynləri boşanır. Onla – böyük bacısı, kiçik qardaşı, anası, iti və bir cüt ponisi ilə Londonda yerləşən dəbdəbəli malikanələrindən kənd evinə köçməli olurlar. Kənd çox gözəldir, ancaq qonşular qaşqabaqlı və soyuqdur, evdə yemək hazırlayan yoxdur, paltaryuyan maşın işləmir, ev tökülüb itir, anası isə elə hey pyes yazır. Lizzi və bacısı qorxur ki, bu gedişlə anasını valideynlik hüququndan məhrum edəcəklər və uşaqlar dövlətin himayəsinə keçəcəklər. Ona görə tez-tələsik analarına sevgili – əsərin də adından göründüyü kimi, sükan arxasına keçəcək bir kişi axtarmağa başlayırlar. Beləliklə, möhtəşəm “casting” layihəsinə start verilir.

Hadisə 70-ci illərdə, Britaniyada və əsilzadə bir ailədə baş verir. Bütün bunlara baxmayaraq, görürük ki, heç nə dəyişməyib. Cəmiyyətin müəyyənləşdirdiyi standartlara, biçdiyi normalara, təyin etdiyi çərçivələrə uyğun gəlmirsənsə, onların yazılmamış qaydalarına uymursansa, səni asanlıqla “ala qarğa” ya çevirə bilirlər. Məsələn, müəyyən yaşa çatdınmı evlənməlisən. Boşanmısansa və qadınsansa, təcili ikinci dəfə evlənməlisən. Boşanmısansa, qadınsansa və əvvəlki evliliyindən uşaqların varsa, boşandığın günün ertəsi evlənməlisən. Əks təqdirdə, “boşanmış” statusu ilə gəzdiyin hər günü burnundan gətirəcəklər. Stibbe bu vəziyyəti ironik üslubla təsvir etsə də, mətnaltı hiddətini hiss etmək olur.

Böyüklər özlərini uşaq kimi aparanda uşaqlar vaxtından tez böyüyür. Yazıçı valideyn səhlənkarlığının dağıdıcı təsir gücünə malik olduğunu “döyə-döyə” yox, güldürə-güldürə başa salmağa çalışır. Uşaqlar analarının üzünü güldürmək, onu xoşbəxt etmək istəyirlər və hər dəfəsində uğursuz olurlar. Oxuduqca əlimi səhifələrdən içəri uzadıb, ananın üzünə bir-iki şillə vurub ayıltmaq istədim. Sonra yadıma düşdü ki, özü xoşbəxt olmayan ətrafdakıları xoşbəxt edə bilməz. Özünü kiməsə həsr etmək üçün, kiminsə qayğısını çəkmək üçün sənin də enerji aldığın bir mənbə olmalıdır. Bundan başqa, ana obrazı xəyalları, arzuları, istəkləri ilə yaşadığı dövrü qabaqlayan obrazlardan idi. Cəmiyyətin ondan əl çəkməsi üçün irəli sürülən bəzi tələbləri yerinə yetirən və sonda yenə bədbəxt olan fərd bu bədbəxtliyi bu və ya başqa şəkildə yersiz davranışı, üsyankar vərdişləri və ya sadəcə laqeyd səhlənkarlığı ilə büruzə verir.

Bu kitab sevilmək istəyən, hamıya xoşbəxtlik və sevinc bəxş etməyə hazır olduqları halda, özləri adi gülüşə həsrət qalan, bununla belə təslim olmayan mübariz uşaqlar haqdadır. Bu kitab “sevgisizliyin” nə qədər çətin olması haqdadır.

Əsərlə bağlı təəssüratlarım aşağıdakı keçiddə: