Stüart Törtn (Stuart Turton) ingilisdir, Liverpul Universitetində ingilis dili və fəlsəfə fakültəsini bitirib. Məzun olduqdan sonra Şanxayda müəllim kimi fəaliyyət göstərib. Sonra Londonda jurnalistlik edib, ardınca Dubayda səyahət bloqları yazıb və nəhəyat üç ildən sonra yenidən İngiltərəyə qayıdaraq debüt əsərini – “Yeddicanlı Evelin Hardkasl” (The Seven Deaths of Evelyn Hardcastle) trillerini qələmə alıb. Kitab 2018-ci ildə nüfuzlu “Costa” mükafatına layiq görülüb. Və ötən il “Netflix” əsərin hüquqlarını əldə etdiyini və yeddi bölümlük serial çəkilişlərinə start veriləcəyini elan edib.

Hardkasllar ailəsinə məxsus Blekhit-haus malikanəsində qətl hadisəsi baş verir. Ailənin yeganə qızı Evelin Hardkasl öldürülür. Lakin bir əmma var. Evelin bir dəfə deyil, düz səkkiz dəfə öldürüləcək. Ta ki ziyafətə dəvət olunan qonaqlardan biri  – Ayden Sloun cinayətkarı tapana kimi. Burda da bir əmma var: Ayden Slou hər dəfəsində başqa bir insanın cildində “xəfiyyəlik” edəcək.

Mənfi cəhətləri:

  • Hadisələr viktorian dövründə cərəyan edir, ancaq həmin dövr üçün dialoqlar çox zəifdir;
  • 8 dəfəlik reinkarnasiyanı ixtisar edib, 5 dəfəyə endirmək olardı;
  • Müəllif iddia edir ki, qələmə aldığı kitab “Marmot günü” (Groundhog Day) və Aqata Kristi (Agatha Christie) əsərlərinin qarışığıdır. İddiasında həqiqət payı var, amma bu oxşarlıq səthi xarakter daşıyır.

Müsbət cəhətləri:

  • Kitabı əlimdən qoya bilmirdim, birnəfəsə gedirdi, çox axıcı dili var, hadisələr çox sürətlə inkişaf edir, sanki karuseldəsən, bir az da fırlansan ürəyin bulanacaq;
  • Müxtəlif obrazların cildinə girməklə kübar cəmiyyətin iç üzü çox yaxşı göstərilir. Hər cürə insan var: narkotik alveri ilə məşğul olan həkim, şantaj yolu ilə pul qazanan biznesmen, qulluqçu qızları zorlayan imkanlı, avara gənc, onun bütün bu iyrənc əməllərini ört-basdır edən varlı dul ana;
  • Ötürmək istədiyi mesaj, arxa fonda gedən fəlsəfi göndərmə də xoşuma gəldi: caniləri tərbiyələndirmək üçün həbsxanaya salmaq çox vaxt əks reaksiyaya səbəb olur, onların ən pis cəhətlərini daha da kəskinləşdirir.

Əsər haqqında fikirlərimi bölüşdüyüm videoçarxın keçidi:

https://www.youtube.com/watch?v=fk6y-Lzp8