Ötən il ingilis ədəbiyyatında “detektiv” janrın əsasını qoyan Uilki Kollinzlə tanış olmuşdum. Bu il də Amerika ədəbiyyatında detektiv janrının banisi, kriminal roman janrında ilk bestsellerin müəllifi Anna Ketrin Qrindən (Anna Katharine Green) nəsə oxumaq qismət oldu.

Müəllifin atası dövrünün ən məşhur hüquqşünaslarından olub. Anası tez vəfat etdiyindən tərbiyəsi ilə böyük bacısı məşğul olub. Qızlar kollecində yaxşı təhsil alıb. Ardınca seminariyanı bitirib. Alimlik dərəcəsi olan azsaylı qadınlardan biri olub. Yaradıcılığa şair kimi başlayıb. 

Düz altı il ərzində ilk romanının üzərində işləyib və ilk dəfə “detektiv roman” terminindən istifadə edib. Ancaq işlərini ailəsindən gizlədə-gizlədə görüb. Çünki mühafizəkar atası ədəbiyyatın qadın işi olmadığını düşünürdü. Lakin qızın analığı ona yaxından kömək edir. Kitab hazır olandan sonra Qrin oxuması üçün onu atasına verir. Ata bəyənir, dərhal əlaqələrini işə salır. Lakin buna ehtiyac qalmır. Əsərlə tanış olan naşir dərhal onun çapına razılıq verir. Müəllifin ilk romanı – “Livenuortun işi” (The Leavenworth Case) böyük uğur qazanır, ölkə tarixində ilk bestsellərə çevrilir. Roman hətta senatda qızğın debatlara səbəb olur. Əsər həmçinin ona görə belə böyük uğur qazanır ki, Qrin hüquqi məsələləri, məhkəmə prosesini çox detallı və real təsvir edə bilir. Hətta o dərəcədə ki, Yel universitetində hüquq tarixi ilə bağlı mühazirələrdə indiyədək həmin əsərdən dolayı dəlillərin etibarlılığına nümunə gətirilir.

Tərifnaməni davam etdirsəm, qeyd etməliyəm ki, Konan Doyl (Arthur Conan Doyle) Amerikaya səfər edəndə “müasir detektiv hekayələrin anası” ilə görüşmək üçün yolunu dəyişib. Bu ikili bir müddət yazışıblar da.

Qrinin əsərləri prezident Ruzveltin (Theodore Roosevelt ) də xoşuna gəlirmiş. Prezident bu kitabları əsgərlərə göndərməyi məsləhət görüb ki, onların kefi düzəlsin.

Anna Qrin bir neçə seriyanın müəllifidir. Həmin seriyaların tanınmış üç qəhrəmanı var: Nyu York polisi Ebeneyzer Qrays, onun köməkçisi Kaleb Svituoter və Ameliya Battervort. Sonuncu Aqata Kristinin (Agatha Christhie) yaratdığı miss Marpl obrazının prototipi hesab edilir.

İmza atdığı bütün bu ilklərlə yanaşı, Anna Ketrin Qrin Viktorian qaydaların qatı tərəfdarı olub, sufrajistkalara qarşı çıxıb, onları dəfələrlə tənqid edib. Burada yığdığı baldan bir az silməli oldum.

Yazıçının şəxsi həyatı da qalmaqallarla zəngin olub. 38 yaşında 28 yaşlı aktyor ilə ailə həyatı qurub. Həmin dövrdə bu nə cəsarət?! Üstəlik Çarlz Rolfs (Charles Rohfls) alman emiqrantlarının oğlu olub. Qrinin atası güc-bəla ilə bu evliliyə xeyir-dua verib. Çarlz  bir müddət sonra səhnədən uzaqlaşıb, ən tanınmış mebel dizaynerlərindən biri olub. Onun əl işləri kolleksionerlər tərəfindən yüksək qiymətləndirilir, hətta kolleksiyasının bir hissəsi Nyu Yorkun Metropoliten muzeyində sərgilənir. Çarlz Anna üçün də xüsusi stul dizayn edibmiş. Stulun enli söykənəcəyi və geniş qoltuqaltlığı olub ki, yazıçı orada rahat yaza bilsin, kağızlarını ora rahat yerləşdirə bilsin.

 

“Pıçıldaşan şamlar evi” (The House of the Whispering Pines) əsərinə gəldikdə… Eyniadlı klubda bir qadını boğub öldürürlər. Qadın klub sədrinin nişanlısıdır. Əsas şübhəli də elə sədrin özüdür. Polisin əlində tutarlı dəlil-sübut var ki, klub sədri cinaytəkardır. Ancaq onlar bilmirlər ki, polis gəlmədən bir-neçə dəqiqə öncə ölən qadının kiçik bacısı dəhşət içində həmin evi tərk edib. Bəs klub sədri niyə bunu gizlədir? Niyə susmağa razıdır? Həbsxanaya düşəcəyini bilə-bilə niyə özünü fəda edir?

Cinayət işini açmağa çalışan inspektorların texniki tərəqqinin imkanlarından yararlana bilmədiyi dövrdə cərəyan edən detektivləri daha çox bəyənirəm. İmkanlar daraldıqca, tapşırığı həll etmək çətinləşir. Çətin vəziyyətdən necə çıxacaqlarına baxmaq ləzzət edir. Mətn adamı yormur, su kimi axır gedir. Dialoqlar, qəhrəmanların niyyətləri pafosundan dağılır. Alicənablığın dəbdə olduğu dövrdə insanların verdiyi qərarlar yaxşı mənada təəccübləndirir.

Əsərin video formatda təhlili: