Kitabı sırf üzqabığına görə almışdım. Ümid edirdim ki, soyuq qış günlərində qəlbimi isidər. İsitmədi, əvəzində beynimi xarab elədi.

“Kopenhagendə kiçik kafe” (The Little Café in Copenhagen) “Romantik qaçış” (Romantic Escapes, #1) silsiləsinin birinci kitabıdır. Culi Keplinin (Julie Caplin) bu seriyaya daxil olan hər növbəti əsərində hadisələr başqa şəhərdə cərəyan edir. “Bruklində çörək dükanı”, “Parisdə şirniyyat dükanı”, “Tokioda çayxana”  və s. və i. Mənim bəxtimə Kopenhagen düşdü.

Danimarkalı iş adamı Londonda mağaza açmaq istəyir. Bunun üçün Londonun ən məşhur reklam agentliklərindən birinə müraciət edir. Layihə agentliyin ən işgüzar, eyni zamanda ən bəxtsiz əməkdaşına tapşırılır. O, dörd-beş jurnalisti başına yığıb, üz tutur Danimarkaya.  Səfərin, daha doğrusu pressturun məqsədi həmin iş adamının Kopenhagendəki mağazası ilə tanış olmaq, şəhəri gəzmək, Danimarkada insanların həyat tərzinə bələd olmaqdır. Ən əsas məsələ skandinav həyat biçimini – hyuqqanı öz gözləri ilə görmək, təcrübədən keçirməkdir.  Və iş elə gətirir ki, jurnalistlərdən biri ilə piar-agent arasında məhəbbət münasibəti başlayır. Amma bu, nifrətdən doğan məhəbbətdir. Qəhrəmanlarımız şablon xətt üzrə irəliləyirlər: əvvəlcə yola getmirlər, sonra problemlərlə, çətinliklərlə üzləşir və onları həll edəndə bir-birlərini tanıyırlar, tanıdıqdan sonra yola getməyə başlayırlar, aşiq olurlar, anlaşılmazlıq baş verir, dava edirlər, küsürlər, anlaşılmazlığın üstü açılır, barışırlar və sonda  da atəşfəşanlıq olur!

Mən də bu bayağılıqdan zəhərlənməmək üçün başıma qatmağa oyun ixtira etdim. Başladım Kopenhagenlə bağlı yeni şeylər öyrənməyə. Sən demə, Danimarkanın paytaxtında Xoşbəxtliyin araşdırılması institutu fəaliyyət göstərirmiş. Qurumun təsisçisi və icraçı direktoru Mayk Vikinqdir (Meik Wiking).  – Vikinq aktyor Viqo Mortensenin (Vigo Mortensen) uzaq qohumudur. Bu məlumatı araya niyə soxuşdurdum? Çünki Mortensen ən sevimli aktyorlarımdan biridir. Onun qohumu mənim qohumum, fərq etmir. İnstitut subyektiv rifah, xoşbəxtlik və həyat keyfiyyəti sahələrində araşdırmalar aparır. Mayk tez-tez TEDx-də çıxışlar edir, müəllifi olduğu məqalələr “The Washington Post”, “BBC”, “Huffington Post”, “Тimes”, “The Guardian” kimi nəşrlərdə işıq üzü görür. Bir ara hyuqqa haqqında rəfləri bəzəyən kitabların da müəllifi Mayk Vikinqdir.

Öyrəndim ki:

  • Danimarkalılar darçınlı kökəyə kanelsnegle, qat-qat xəmirdən hazırlanan cemli kökəyə şpandauer deyirlər. 
  • Danimarkanın kifli pendiri isə danablyu (danimarka və blue – göy sözlərinin birləşməsindən) adlanır.
  • Kraliça II Marqretenin rəsmi qərargahı Amalienborq Kral Sarayıdır. Turistlərin saraya girişinə icazə var.
  • Uilyam Şekspirin (William Shakespeare) qələmə aldığı “Hamlet” pyesində hadisələrin cərəyan etdiyi qəsr də Danimarkanın Helsinger şəhərində yerləşir. “Elsinor” və Hamletin qəsri adı ilə tanınıb.
  • Kopenhagenin də “Disneylend” kimi öz atraksion parkı var imiş. Tivolo bağları dünyanın üçüncü ən qədim atraksion parkıdır.
  • Diqqətimi çəkən yer növbəti yer – Dizayn muzeyi oldu. Əvvəllər hospital kimi fəaliyyət göstərən bina 1920-ci ildə üç dizayner tərəfindən muzeyə çevrilib. Skandinaviyanın dekorativ incəsənət və sənaye dizaynına həsr edilən ən böyük kitabxanası da bu muzeydə yerləşir.

Amma bütün bunları bilmək üçün 400 səhifəlik “Tripadvisor” rəyini oxumağa ehtiyac var idimi? Məncə, yox. Üstəlik, hyuqqa həyat tərzinin fəlsəfəsinə də aydınlıq gətirilmir. Əsərin əvvəlində müəllif yekə-yekə mesaj verir ki, hyuqqa kəşmir şarf, evdə yandırılan ətirli şamlar, yumşaq ədyallar, ağ mebellər demək deyil. Sonda isə məlum oldu ki, elə bunlar imiş.

Əsər haqqında danışdığım videoçarx: