David Fonkinos (David Foenkinos) fransız yazıçısıdır. 1974-cü ildə anadan olub. 2009-cu ildə ssenari müəllifi və rejissoru olduğu  “Zəriflik” (“La délicatesse”) filmi ekranlara çıxdıqdan sonra beynəlxalq miqyasda tanınmağa başlayıb.

Fonkinosun “İki bacı” (Deux soeurs) əsərində bacılardan biri və əsas qəhrəman – Matilda ədəbiyyat müəllimidir. Şagirdlərə Floberin (Gustave Flaubert) “Hisslərin tərbiyəsi” (L’Éducation sentimentale) romanını keçir və əsərin təhlilində onlara köməklik göstərir. Müəllim heyəti, rəhbərlik və uşaqlar arasında sevilən müəllimdir. Şəxsi həyatı da yolunda gedir. Etyenlə münasibətlərinin evliliyə kimi uzanacağını düşünür. Ancaq günlərin bir günü Etyen ondan ayrılır, keçmiş sevgilisinə geri dönür. Bununla da Matildanın depressiv günləri başlayır. Yemək-içməkdən kəsilir, həyata marağı ölür, iş yerində ard-arda problemlər yaşayır, nəticədə bir müddət məktəbdən uzaqlaşdırılır. Günlər keçir, amma Matilda düzəlmək yerinə, batdıqca batır.

Bu vaxt Matildanın bacısı Aqata meydana çıxır və ona kömək əlini uzatmağa çalışır. Bacısının şələ-küləsini yığıb, öz evinə aparır ki, gözünün qabağında olsun. Yeməyinə-içməyinə nəzarət edə bilsin və s. Bundan sonra hadisələr mənim gözlədiyim şəkildə deyil, tamam başqa istiqamətdə cərəyan etdi. Elə bil yazıçının içinə Koen qardaşları girmişdi. Baş verənlərin yaxşı mənada absurdluğunu başqa cür izah edə bilmirəm. Aqatanın köməyi, dəstəyi ilə Matildanın tez bir zamanda özünə gələcəyini gözlədiyim halda, Matilda qəfildən paxıl bir insana çevrilir. Buna da çəkdiyi əzabla, ağrı-acı ilə haqq qazandırmağa çalışır. Öz doğma bacısının xoşbəxtliyini, ailəsini, evini, uşağını, ərini qısqanacaq qədər əzab çəkir. Depressiya xeyirxah bir insanı kinli bir insana çevirir.  Hamıya yaxşı məlumdur ki, pul və güc insan xislətini ən yaxşı ifşa edən vasitədir. Bu kitabdan sonra həmin siyahıya kədəri də əlavə etdim. Kədər Matildanın içindəki şeytanı elə oyatdı ki, əhvalatın sonluğu şok effekti yaratdı.

Əsəri müqayisəli təhlil etdiyim video: