Geyl Hanimen (Gail Honeyman) “Eleanor Olifant qaydasındadır”, ya da loru dillə desək, “Eleanor Olifant turp/qoz kimidir” (Eleanor Oliphant Is Completely Fine) romanı sırf üzqabığına aşiq olub almışdım. Üzqabığının gözəlliyinə bənd olub aldığım kitabların bir üstünlüyü olur ki, onlarla bağlı heç bir gözləntim olmur. Və bu, çox yaxşı şeydir. Hələ səni “Eleanor Olifant” kimi bir obraz gözləyirsə, ikiqat yaxşı şeydir.

“Eleanor Olifant” Hanimenin debüt romanıdır. 2017-ci ildə işıq üzü görüb və həmin il “Costa” mükafatına layiq görülüb.

Əsərə gəldikdə, Eleanor Olifantın 29 yaşı var, o, dizayn şirkətlərinin birində müsahib işləyir. Hamıdan aralı gəzir. İş yoldaşları, tanışları primitiv zövqləri və kasad söz bazaları ilə onun, daha doğrusu, keçmişdən gələn qərəzin tələblərini doğrultmur. 

Bəzi yerlərdə Eleanoru Fredrik Bakmanın (Fredrik Backman) Britt-Marisinə (Britt-Marie Was Here) oxşatdım.

O da Britt-Mari kimi təmizlik və simmetriya xəstəsi idi. Hekayədə də oxşarlıq var idi. Hər iki qadın keçmişdə böyük bir travma yaşamış, sonradan bu travma onları hamının “qəribə, anormal” adlandırdığı bir məxluqa çevirmişdi. Olifant da Britt-Mari kimi dostluq etməyi, flörtləşməyi bacarmır, gənclərin ritorikasını, mesajlaşma şəklini başa düşmür. Hər ikisi sevgi, qayğı görmədikləri üçün tənhalığa qapılıb, özlərini təcrid ediblər. Bu vəziyyətdən isə onları, paradoksal səslənsə də, yalnız və yalnız sevgi, qayğı və dostluq xilas edə bilər. Bütün ironik üslubuna rəğmən Olifantın hekayəsi olduqca kədərli hekayədir.

Elə ilk fəsildə Olifantın işlədiyi ofis, nahar fasiləsi təsvir edilir. Evdən yemək gətirir, ya da yaxınlıqdakı kafedən sendviç alır. Paltar dükanına gedir, qəzet oxuyur, krossvord həll edir. Amma bütün bunları tək edir. Ona yoldaşlıq edən yoxdur. Bir vaxtlar xəbər agentliklərinin birində işləyirdim. Mənim də nahar fasilərlərim beş aşağı-beş yuxarı belə keçirdi. Həmin abzası oxuyanda ürəyim elə sıxıldı ki, sanki, yenidən həmin ofisdə idim və danışmağa heç kimim yox idi.

Romandakı Reymond obrazı ən sevimli, ən doğma obrazlarımdan biri oldu. Eleanorla Reymondun həmişə nahar üçün üz tutduqları bir kafe olur. Eleanorun bu kafeyə olan münasibəti getdikcə dəyişir. Əvvəl həmin məkanı kirli, tozlu, səliqəsiz bir yer kimi təqdim edir, sonradan kafenin və işçi heyətin olduqca səmimi olduqlarını qeyd edir. Həmin kafe elə Reymondun özü idi. Tökülüb itirdi, amma o qədər doğma və isti idi ki…

Əsərin video formatda təhlili: