İyen Makyuen (Ian McEwan) yaradıcılığı ilə çoxdan tanış olmaq istəyirdim.  Bu tanışlığı sevimli yazıçım Culian Barnsa (Julian Barnes) borcluyam. İş orasındadır ki, hər ikisi 1980-ci illərdə realizmin əsas prinsiplərinə etiraz edən ədiblərin arasında olub. Postmodernist skeptizmə üstünlük verən ikili təhkiyə üsulları ilə təcrübə aparmağa başlayıblar. Demək olar, hər ikisi eyni nəslin nümayəndəsidir, hər ikisi özünü intellektual prozada sınayır. Bu da mənim oxumaqdan böyük zövq aldığım janrdır.

Makyuen müsahibələrinin birində qeyd edir ki, nəinki ailəsindən universitetə qəbul olunan ilk adam olub, həmçinin 16 yaşınadək özündə güc tapıb məktəbi atmayıb. İnadkar təbiəti Buker mükafatına uzanan yolda da özünü göstərir. Müəllif düz üç dəfə Bukerin şort-listinə düşüb, amma mükafatı qazana bilməyib. Nəhayət, 1998-ci ildə “Amsterdam” romanı ilə kitab dünyasının ən nüfuzlu mükafatına layiq görülüb.

Makyuenlə tanışlıq üçün mən də məhz bu romanı seçdim. Annotasiya məni çaşdırdı. Dramatik mövzuda əsər gözləyirdim. Elə bilirdim, ekzistensial böhrandan əziyyət çəkən iki dostun evtanaziya qərarına necə gəlib çıxmaları barədə oxuyacam. Amma tamam başqa bir şey haqda oxudum. Düzdür, iki dost – bunlardan biri tanınmış qəzetlərin birində baş redaktordur, digəri isə “Minilliyin simfoniyası” üzərində işləyən məşhur bəstəkar – razılaşır ki, birinə bir şey olsa, yatağa məhkum qalsa, digər onu öldürsün. Belə bir qərara isə keçmişdə hər ikisinin sevgilisi olan, sonra dost qaldıqları Molli adlı qadının ölümü səbəb olur. İstəmirlər ki, Molli kimi onlar da kiminsə qayğısından, insanlığından, kefindən asılı olsunlar. Aciz və gücsüz vəziyyətə düşüb, bu vəziyyətlərindən iyrənmək istəmirlər. Bütün bu intriqanın fonunda ikilinin gündəlik qayğıları, iş həyatları və ambisiyaları təsvir edilir. Baş redaktor əlinə düşən qalmaqallı fotoşəkillə tirajı artıracağını düşünür, bəstəkar isə dövlət sifarişini yerinə yetirərək “əsrin simfoniyasını” yazır.

Kitabın əvvəlində yüksək mənəvi dəyərlərə əsaslanıb verilən qərar sonda intiqam yanğısı ilə reallaşan əmələ çevrilir. Dostluqdan nifrətə uzanan qısa yola və yolun sonunda gözəl bədii tvistə, əxlaq məsələlərində sərhədin qeyri-müəyyənliyinə və mənəvi dilemma qarşısında qalanların mənəviyyatsız seçimlərinə şahid oldum.

Kitabı rusca oxudum. Əsəri rus dilinə Viktor Qolışev tərcümə edib. Qolışev Rusiyada “bədii tərcümə məktəbinin patriarxı” hesab edilir. O, Bukovski, Vulf, Ken Kizi, Oruell, Steynbek, Selincer, Folkner, Nabokov, Kapote kimi yazıçıların əsərlərini tərcümə edib. Siyahının uzunluğundan nəfəsim kəsildi. İosif Brodski ilə dostluq edib. Hətta Brodski məşhur “1972-ci il” şeirini Qolışevə həsr edib. Yeri gəlmişkən, Qolışev  “Amsterdam” əsərinin tərcüməsinə görə 2001-ci ildə rus “Bukerinə” layiq görülüb.

И горло поет о возрасте.

Это — уже старение.Старение! Здравствуй, мое старение!

Крови медленное струение.

Некогда стройное ног строение

мучает зрение. Я заранее

область своих ощущений пятую,

обувь скидая, спасаю ватою.

Əsərin video formatda təhlili: