Yazıçını Virciniya Vulfun (Virginia Woolf) atası – Lesli Stivenin (Leslie Stephen) şərəfinə Lesli adlandırıblar, taleyin işinə bax ki, yazıçılığa başladıqdan sonra Hartli ilə Virciniya Vulfun arasında sonuncunun “Dalğalar” əsərinə görə mübahisə düşüb. Hartli əsəri bəyənmədiyini bildirib, Vulf isə öz növbəsində ona formal üslubunu dəyişməyi məsləhət görüb.

Hartli həmçinin “ghost story” janrının (ruhlardan bəhs edən mistik əsərlər nəzərdə tutulur)  ən tanınmış nümayəndələrindəndir. Amma yaxşı ki, “Vasitəçi”də (The Go-Between) bu cür eksperimentlərə yol verməyib. Hərçənd, əsərdə hadisələri nəql edən 12 yaşlı Leonun timsalında Hartlinin mistikaya olan marağını görmək olur.

Bütün bunlarla yanaşı, diqqətimi çəkən, kitabı dərhal mütaliə edəcəyim əsərlərin siyahısına əlavə etməyimə səbəb olan ikinci məqam əsərin süjeti oldu. Hadisələr İngiltərədə 1900-cü illərin əvvəlində cərəyan edir. Leo yay tətilini sinif yoldaşı Markus Modslinin bağ evində keçirir. Uşaqlar müxtəlif sosial təbəqələri – Leo orta sinfi, Modsli ailəsi ilə yüksək təbəqəni təmsil edir. Burada o, Markusun ailəsi ilə tanış olur. Onun böyük bacısı Merian varlı, adlı-sanlı bir kişi ilə nişanlıdır, ancaq fermerlə aralarında gizli eşq münasibəti var. Qız Leodan poçtalyon kimi istifadə edir, oğlan bu ikilinin arasında məhəbbət məktubları daşıyan göyərçinə çevrilir. Leo çaş-baş vəziyyətə düşür: Merianın xahişini rədd etmək istəmir, eyni zamanda onun nişanlısına yalan danışmaq da istəmir. Süjetlə ilk tanışlığımda ağlıma o dəqiqə İen Makyuenin (Ian Russell McEwan)  “Kəffarə” (Atonement) romanı gəldi. Yanılmamışdım. Makyuen həqiqətən “Vasitəçi”dən ilhamlanıb. Ümumi süjetlə yanaşı, obrazlarda da oxşarlıq var.

Romanın mənə təsirinə gəldikdə, il başlayandan oxuduğum ən yaxşı əsərlərdən biri oldu. Çoxdandır belə axıcı, klassik, eyni zamanda məni həyəcanda saxlayan mətn oxumurdum. Daha doğrusu, qulaq asmırdım. Kitabı audi formatda dinlədim. Doğru qərar idi. Qiraətçinin səsi, diksiyası elə gözəl idi ki, özüm o əsəri elə oxuya bilməzdim.

Uşağın dili ilə böyüklərə aid kitab yazmaq və mətndə uşaq sadəlövhlüyünü qoruyub saxlamaq çox çətin işdir. Uşaqların istənilən məsələyə proqramçı baxışı var. Düz məntiqlə işləyirlər. Əgər filankəs bəhmənkəsi sevirsə, niyə başqası ilə evlənir? Kişi evləndiyi qadının onu sevmədiyini bilirsə, niyə həyatını onunla yaşamaq istəyir? Niyə biri üçün yay kostyumu aksessuardır, digərləri üçün utanc mənbəyi? Niyə cəmiyyətin qaydalarını gizli pozanlarla açıq pozanlara münasibət bu qədər fərqli olur? Niyə insanların şəffaflığa və aşkarlığa dözümü yoxdur? Leo bu suallara tutarlı cavab tapmağa çalışır, onunla birlikdə mən. Leo təəccüblənir, onunla birlikdə mən. Leo böyüyür, keçmişdəki səhvlərinə baxıb heyfsilənir, onunla birlikdə mən. Yazıçıya məhz bu “birlikdə” sözünə görə təşəkkür düşür.

Romanın ən məşhur ekran versiyası 1971-ci ildə çəkilən eyniadlı filmdir. Filmin ssenarisi üzərində tanınmış yazıçı, dramaturq Harold Pinter (Harold Pinter) işləyib. Ekran işi Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülüb.

Mən amma daha çox 2015-ci ildə “BBC One” televiziya kanalı tərəfindən çəkilən versiyasını bəyənirəm. Möhtəşəm təbiət səhnələri göz oxşayır.

Əsər haqqında danışdığım video: