Salli Runinin (Sally Rooney) “Dostlarla söhbət” (Conversations with Friends) romanı biseksual tələbə Frensisin həyat hekayəsindən bəhs edir. O, balaca bir barda rəfiqəsi Bobbi ilə birlikdə yazdığı şeirləri oxuyur. Yeri gəlmişkən, Bobbi feministdir, həm də keçmişdə Frensis ilə sevgili olublar. Çıxışların birində qızlar Melissa adlı yazıçı – defis – fotoqraf və onun əri Nik ilə tanış olurlar. Bobbi Melissa ilə, Frensis Nik ilə maraqlaşır. Bu tanışlıq eşq macərasına, ordan xəyanətə, ordan mübahisələrə, internetdə uzun-uzun yazışmalara, davalara, barışmalara kimi uzanır. Frensis həyatında ilk dəfə belə güclü emosional bir dövrdən keçir. Bununla yanaşı, dostları evli kişi ilə münasibətdə olduğu üçün onu qınayırlar, atası daha ona maddi dəstək göstərə bilmir, sağlamlığında problemlər meydana çıxır, staj müddəti bitir. Və beləliklə, tələbə qızımız həyatın sərt üzünü görür. Bayram bitir, ciddi məsələləri həll etmək vaxtıdır, böyümək vaxtıdır.

Roman bədii əsərlərdə ən xoşladığım xüsusiyyətlərdən üçünü özündə birləşdirir. Birincisi, dialoq xəstəsiyəm, müxtəlif mövzularda intellektual söhbətləri xoşlayıram. İkincisi epistolyar janrdır, burada da qəhrəmanların internetdəki danışıqlarını, çatlaşmanı klassik epistolyar janrın xələfi hesab etmək olar. Üçüncüsü isə gənclik dövrünün təsviridir.

Əvvəllər hansısa obrazı təhlil edəndə “onda özümü gördüm” cümləsini çox istifadə edirdim. Bununla demək istəyirdim ki, onunla aramda bağ qura bildim, onun nə hiss etdiklərini başa düşdüm, hətta onun hiss etdiklərini mən də nə vaxtsa yaşamışam. Sonra başa düşdüm ki, bağ qura bilmək məsələsində, əslində, oxucunun üstünə böyük yük düşmür. Əgər yazıçı tələbə obrazı yaradırsa və həmin əsəri oxuyan 100 tələbədən və ya nə vaxtsa tələbə olmuş 100 şəxsdən 80-i həmin obrazda özünü görmürsə, görə bilmirsə, bu yazıçının zəifliyidir. Deməli, statistik bazası zəifdir. Sözümün canı nədir? Runi böyüməyə etiraz fenomenini elə dəqiqliklə təsvir edir ki. Gənclərin hamısı gənclik illərinin daimi davam edəcəyini düşünür. Cavanlıq dövrünün əslində həyatımızın bir parçası  olduğunu və işıq sürətilə keçdiyini başa düşmürük. Bir vaxtlar 30 yaşdan yuxarı insanlara qoca kimi baxırdımsa, indi həmin kateqoriyaya özüm düşmüşəm və hələ də inana bilmirəm ki, orta statistik insan həyatının 3də birini geridə qoymuşam. Qəribə duyğudur.

Heç vaxt universitet illərim üçün nostalji hisslər keçirməmişəm. Bu əsəri oxuyanda isə keçirdim. Universitet illərim üçün yox, həmin illərdə hiss etdiklərim, gücümə, potensialıma olan inamım üçün darıxdım. Böyüməyə bu qədər müqavimət göstərməyimizin də səbəbi bəlkə də budur: reallaşdıra bilmədiyimiz, yarımçıq saxlamalı olduğumuz planlarımız.

Əbəs yerə, Runi millenial yazıçıların öndə gedəni deyil. Sübut edir ki, adi məhəbət üçbucağı, dördbucağı, lap olsun, çoxbucaqlısı vasitəsilə müasir dövrün tablosonu çəkmək mümkündür. Zəmanə dəyişir, vasitələr təkmilləşir, fərdlər ağıllanır, empatiya hissi yüksəlir, amma bəzi problemlər olduğu kimi qalır. Hər addımda yetərsiz olduğunu hiss edirsən. Susduqca doğru başa düşülmürsən, başa düşülmək üçün danışmaq, özünü tanıtmaq, ifadə etmək yorur, o səviyyəyə düşmək istəmirsən. Runi “bütün problemləri danışmaqla həll etmək olar” klişesindən uzaqlaşdırır, bütün problemləri danışmaqla həll etmək olmur. Danışmaqla yalnız anlaşılmazlığa aydınlıq gətirmək olur. Problem isə olduğu kimi qalır.

Əsərin videoformatda təhlili: