Əsərin üzqabığında yazılıb ki, əgər əsəbləriniz zəifdirsə, bu kitabı dərhal qaytarıb yerinə qoyun. Bu cümləni oxuyub özümdən razı halda güldüm. Aqota Kristofun (Agota Kristof) “Qalın dəftər” (Le grand cahier) romanını oxuyan birinin əsəbləri nə qədər zəif ola bilər ki? Amma göründüyü kimi yenə tələsik hökm çıxarmışam.

Ana və ata müharibə dövründə övladını təqiblərdən qorumaq istəyir, onu kəndə xalasının yanına göndərir. Xala gözlənilmədən vəfat edir. Oğlan başının çarəsinə özü baxmalı olur. Əsərdə balacanın yəhudi və ya qaraçı olduğu dəqiq göstərilmir, sadəcə tələb olunan ali irq meyarlarına uyğun gəlmədiyi vurğulanır. Oğlan sağ qalmaq üçün ona düşmən kəsilən dünya, daha doğrusu, dünyanın kiçik maketi olan kənd və kənd camaatı ilə mübarizə aparmalıdır. Yoluna hər cürə insan çıxır: ara həkimi Olqa, qısqanc dəyirmançı, quştutan Lex, balıqçı, katolik keşişi və s.

Yazıçı xəsislik etmir: kənd camaatının sadist vərdişlərini ətraflı təsvir edir. Menyuda hər növ işgəncə var. Bəzi işgəncə səhnələri elə ağırdır ki, ilk dəfə kitab oxuyanda qorxu filmlərində olduğu kimi gözlərimi yumdum. Bunu instinktiv elədim.

Adamın əli üzündə qalır: insanlıq ideyalarını qorumaq adı altında hansı vəhşiliklərə əl ata bilər?  Bu suala ən yaxşı cavab kilsə səhnəsidir: müvazinətini itirdiyi üçün dua kitabını əlindən salıb yıxılan, messanı pozan uşağı kəndlilər döyə-döyə kanalizasiya quyusuna salıb boğmaq istəyirlər. Dualarında insan sevgisindən, humanizmdən dəm vuranlar ilk fürsətdəcə özlərindən fərqlənən birinə qarşı bu qədər amansız münasibət sərgiləyir.

Bütün bunların həqiqət olma ehtimalı adamı lap qorxudur. Əsərin yarı-avtobioqrafik olduğu deyilir. Koşinski (Jerzy Kozinski) Polşa yəhudisidir. Müharibə dövründə ailəsi nasistlərdən qorunmaq üçün soyadını dəyişib, ucqar kənddə gizlənməli olub. Müharibədən sonra əvvəlcə Polşada, ardınca Rusiyada ailə təhsil alıb. 1957-ci ildə ABŞ-a köçüb və yaradıcılığa da ABŞ-da başlayıb. 1991-ci ildə Nyu Yorkda intihar edib.

“Boyalı quş”dan (The Painted Bird) sonra tənqidlərə məruz qalıb: indi Xalid Hüseyniyə deyildiyi kimi o vaxt da SSRİ-də Koşinskinin ABŞ-ın maraqlarını müdafiə etdiyini, Amerikanın sifarişi ilə yazdığını deyirdilər. Polyaklar kitabdakı işgəncə, zorakılıq səhnələrinin şişirdildiyini bildiriblər, təqiblərlə üzləşən yəhudilər isə yazıçını həqiqəti bütün çılpaqlığı ilə təsvir etməməkdə, bəzi məqamların üstündən keçməkdə, onları ört-basdır etməkdə günahlandırıblar. Bu vaxt daxili səsim üsyan etdi: allahınız olsun, ört-basdır elədiyi budursa, ört-basdır eləməsə, nələr yazardı?! 

Çox nadir halda olur ki, kitabı oxuduqdan sonra həmin kitab əsasında çəkilən filmi izləmirəm. “Boyalı quş” da həmin nadir hallardan biri oldu. Filmin yalnız treylərinə baxa bildim. Psixikamı ikinci dəfə belə bir yükün altına sala bilməzdim.

Kitabın əvvəlində Koşinskinin izahatverici məqaləsi yer alıb. Yazıçı məqaləni əsər çapdan çıxdıqdan sonra yazıb. Bir növ ona olunan hücumlara cavab məqsədilə. Niyə bu mövzuda əsər yazmaq qərarına gəldiyinə, əsərinə niyə “Boyalı quş” adı verdiyinə aydınlıq gətirir. Koşinski uşaqlıq illərində şahidi olduğu kəndli adətini təsvir edir: kəndlilər əylənmək üçün müxtəlif quşları tələyə salıb tutur, sonra rəngləyib buraxırlar. Azad olan quş dəstəyə qoşulmaq istəyəndə o biri quşlar onu tanımırlar, ona hücum edib dimdikləyir, öldürürlər. Müəllif boyanmış quşa olan münasibətlə irqi ayrıseçkilik arasında paralellər aparır. İdeyasını ehtirasla müdafiə etməyi məni nədənsə qıcıqlandırdı. Ümumiyyətlə, yaradıcı insanların yaratdıqları əsərə izahat verməsi mənə bir az gülməli gəlir.

Əsərin videoformatda təhlili: