Des vies en mieux: Billie, Mathilde et Yann

Orijinalda əsərin adı “Daha yaxşı həyatlar”dır. Billi, Matilda və Yann adlı 3 nəfərdən bəhs edir. Mən rusca tərcümədə oxudum. Nəşriyyat bu hekayələri ayırıb, ayrı kitab şəklində çap edib. Oxuyub bitirənədək, nəşriyyatın belə bir hiylə işlətdiyini bilmirdim. Sonra məlum oldu ki, hekayələrin bir-biri ilə əlaqəsi yoxdur, ona görə siyahıya əlavə etdim.

Matildanın 24 yaşı var, anası vəfat etdikdən sonra universiteti atır, yeznəsinin şirkətində kontent menecer işləyir. Günlərin bir günü çantasını kafedə unudur. Bütün sənədləri, pulu çantada qalır. Bir həftə sonra gənc bir oğlan çantanı geri qaytarır. Və bir neçə aydan sonra Matilda məhz həmin gəncə görə həyatını dəyişmək qərarına gəlir. Olmağı, Matildanın halında “qərar” kəlməsi böyük səslənir. Belə deyək, gənc qadın marağını təmin etməyə çalışır. Dövrünün layiqli nümayəndəsi kimi oğlanın içərisindəki böyük məbləğə toxunmadan çantanı olduğu kimi geri qaytarmasını heç cürə başa düşmür. Hələ də ləyaqətli insanların  var olduğuna sevinir, amma bunun tələ olduğunu da düşünür.

Qavalda üslubunu sevdiyim yazıçılardandır. Dörd-beş kitabını oxumuşam. “Matilda” aralarında yeganə əsər oldu ki, yazıçının üslubu fərqli gəldi. Melanxoliya yox idi, bəzi yerlərdə aqressiv idi. Arada üçüncü şəxsin təkində, ya da qəhrəmanın dili ilə oxucuya müraciət edirdi, oxucunu dialoqa dəvət edirdi. Ümumi götürəndə, Paris ab-havası hiss olunurdu, müəllif növbəti dəfə xoşbəxtliyin mümkün olduğuna, bu dünyada tək olmadığımıza inandıra bildi.