“The Boy in the Striped Pajamas” by John Boyne

Kitab 2006-cı ildə çapdan çıxıb. Həm İrlandiyada, həm dünyanın müxtəlif ölkələrində nüfuzlu mükafatlara layiq görülüb. İddialara əsasən, yazıçı əsəri cəmi iki gün yarıma yazıb bitirib. Nə yalan deyim, strukturundan, süjetindən tələsik yazıldığı hiss olunur. Halbuki bu faktı kitabı oxuyub bitirdikdən sonra öyrənmişəm. Yəni təəssüratıma onun təsiri olmayıb.

Əsərdə faşist Almaniyası təsvir edilir. Hadisələri Bruno adlı balaca oğlan danışır. Brunonun atası alman zabitidir. Onlar bir gün şələ-külələrini yığıb Auşvitsə köçürlər. Uşağın sözlərindən məlum olur ki, atasını ora əsir düşərgəsinə rəhbərlik etməyə təyin ediblər. Bir gün Bruno ilə yəhudi saatsazın düşərgədə yaşayan oğlu Şmulun tale yolları tikanlı məftillərin yanında kəsişir. Onlar dostlaşırlar, birlikdə vaxt keçirməyə başlayırlar, oyunlar oynamağa başlayırlar. Bu iki uşağın öz dünyası var və bu dünyalar bir-birinə ziddir. Biri əzən tərəfi təmsil edir, biri əzilən. Bəs bu ziddiyyət, acı reallıq onların dostluğuna necə təsir göstərəcək? İntriqa yaratmaq qabiliyyətim bu qədər.

The Boy in the Striped Pajamas by Boyne, John (2006) Hardcover: Boyne, John:  9780385751063: Amazon.com: Books

Elə ilk fəsildən 9 yaşlı oğlanın bu qədər sadəlövh və infantil olması mənə inandırıcı gəlmədi. Deyəsən, şərqdə 9 yaşlı uşağa infantil deyən ilk qadın olaraq tarixə düşəcəm. Bruno məktəbli idi və məktəblilərin hamısı təbliğat mexanizminin ciddi təsiri altında idilər. Oğlan hər dəfə nəyəsə təəccüblənəndə onunla birlikdə mən də təəccüblənirdim, təəccübləndiyi mövzuya yox, həmin mövzudan xəbərsiz olmasına. Bədii ədəbiyyatda hadisələri təsvir etmək, detalları göstərmək üçün xəbərsizlik fəndindən tez-tez istifadə edilir. Qəhrəman özü öyrəndikcə, bir növ, oxucunu da öyrətmiş olur. Amma Brunonun halında bir oxucu kimi sağlam düşüncəmin sualları qarşısında aciz qaldım.

Necə ki “Şauşenkdən qaçış” filmi eyniadlı əsərin məşhurlaşmasına səbəb olmuşdu, “Zolaqlı pijamalı oğlan” əsərinin şişirdilməsinə də məncə ekran işi səbəb olub. Çünki mətn mənə çox bəsit, hətta yavan gəldi.