The Days of Abandonment” Elena Ferrante

Elena Ferrante yazıçının təxəllüsü hesab edilir. Hələlik, müəllifin kimliyi geniş auditoriyaya sirr olaraq qalır. Bununla bağlı bir neçə fərziyyə mövcuddur. Ancaq heç biri təsdiqini tapmayıb.  

Etiraf edirəm ki, “Tənhalıq günləri”ni test məqsədilə almışdım. Özümlə şərt kəsmişdim: roman xoşuma gəlsə, yazıçının məşhur “Neapol kvarteti”ni əldə edəcəm. Nəticə nə oldu? Ferrante yaradıcılığını sevən tanışım seriyanı mənə hədiyyə etdi.

“Tənhalıq günləri”nə gəldikdə… Qəhrəmanımız Olqa adlı bir qadındır. Günlərin bir günü Olqanın əri evi tərk edir. Qadın iki uşağı və iti ilə tək qalır. Olqa şokdadır: uğruna karyerasını, arzularını qurban verdiyi  əri ona xəyanət edib. Ancaq qadına ən çox təsir edən xəyanət deyil, ərinin özündə cəsarət tapıb bu barədə ona xəbər verməməsi, uzun müddət onu qeyri-müəyyən bir vəziyyətdə saxlamasıdır. Məsuliyyət yükü onu qorxudur. Halbuki, bu vaxta kimi evin bütün yükünü özü çəkib. Köməyə ehtiyacın olduqda yaxın birindən yardım istəmək ehtimalı ümumiyyətlə elə bir yaxının daha mövcud olmadığını bilməkdən qat-qat yaxşıdır.

I giorni dell'abbandono un film di Roberto Faenza, con Margherita Buy

Olqa depressiyaya düşür. İlk dəfə idi ki, depressi vəziyyətin bu cür təsviri ilə qarşılaşırdım. Qəhrəmanımız həmişəki həyatını davam etdirdiyini düşünür. Özündə baş verən dəyişikliklərin gec fərqinə varır. Ruh kimi ortalıqda dolaşır, günlərlə yemək yemir, aqressiv davranır, ağzı söyüşlə açılıb, söyüşlə bağlanır, hətta o həddə çatır ki, temperaturdan yanan oğluna durub kömək etməyə halı olmur. Amma axıra qədər dirəşir, yeganə məqsədi məğlub olduğunu, təhqir olunduğunu, alçaldığını etiraf etməmək, vaxtilə qınadığı qadının gününə düşməməkdir. Hadisələrin ümumi gedişatı standarta uyğun gedir, lakin Olqanın məişətindəki vərdişlər və detallar orijinallıq qatır.

Mənə çatdı ki, depressiyanı qəbul etməmək ondan qorxmaq qədər təhlükəli deyil. Bəzən kiməsə rəğmən ayaqda qalmırıq, bəzən kimin üçünsə ayaqda qalırıq.

Olqa haqlıdır: insanlar barədə heç nə bilmirik, hətta həyatımızı bölüşdüklərimiz barədə də. Amma müəllif də haqlıdır: yeni insanların həyatına daxil olmasına şans verməsən, tanımadığın “tanışların” xain əməllərindən gəbərə, ya da uşaqlıqdan bəri olmaqdan qorxduğun həmin “zavallı”ya çevrilə bilərsən.

I giorni dell'abbandono: il film stasera su Iris

2005-ci ildə roman əsasında film çəkilib. İtaliya istehsalıdır. Venesiya festivalında “Qızıl şir” mükafatına namizədlər arasında olub.

Yaxın gələcəkdə “HBO Films” tərəfindən əsər əsasında yeni filmin ekranlara çıxacağı gözlənilir. Natali Portman (Natalie Portman) prodüsser qismində çıxış edəcək, habelə baş rolu ifa edəcək.