“L’homme qui plantait des arbres” by Jean Giono

Jiono kasıb ailədə böyüyüb. Atası pinəçi, anası paltaryuyan olub. Orta məktəbdən sonra bankda işləyib. Ta ki Birinci Dünya müharibəsinədək. Müharibə dövrünə, əsgərlik həyatının mənasızlığına qismən də olsa “Ağac əkən adam” hekayəsində toxunub.

Müharibədən sonra banka qayıdıb. Uşaqlıq dostu ilə ailə həyatı qurub. Təxminən on ildən sonra işdən ayrılaraq özünü tamamilə yazıçılıq fəaliyyətinə həsr edib. Müəllifə məşhurluq gətirən əsərlərin arasında “Pan” trilogiyası, “İtaliyaya səyahət” romanı, həmçinin “Ağac əkən adam” novellası var.

Kitab Ağac Əkən Adam | Jan Jiono | 9789952525984 | Alinino.az

Hekayəni nəql edən gənc səyyahdır. O, bir gün çöllükdə tənha bir çobanla rastlaşır. Çoban israrla palıd qozası əkir.

Maraqlıdır ki, əsər öz ölkəsində elə də çox tanınmırmış. Bununla belə, 13 dilə tərcümə edilib və bütün dünyada nəşr edilib. Oxucular arasında elə marağa səbəb olur ki, onlar əsərin qəhrəmanı – çoban Elzeard Buffye və hadisələrin cərəyan etdiyi meşənin real olduğunh düşünürlar və onlar haqqında yazıçıya çoxlu sual ünvanlamağa başlayırlar. Növbəti nəşrlərdə müəllif son söz yazır və obrazın təxəyyül məhsulu olduğunu etiraf edir. Ancaq bölgənin bəxti gətirir. Meşənin bərpası istiqamətində tədbirlər görülməyə başlayır.

Qısacası, əsər təbliğ etdiyi, qarşısına məqsəd qoyduğu işin öhdəsindən gələ bilir: əgər qarşılıq gözləmədən doğru bildiyiniz işi görməkdən vaz keçmirsinizsə, deməli, böyük adamsınız, eyni zamanda nadir tapıntısınız. Çünki əksəriyyət istəyir ki, başqaları onun xeyirli əməllərini görsün. Ən azı minnətdarlıqla qarşılaşacağına ümid edir. Buffye isə bütün bunlardan azaddır. Ona görə mənə real gəlmədi. Və bütün qeyri-real hadisələr kimi gözümü qorxutdu. Verilmiş halda, Buffyenin inancından qorxuya düşdüm. Bir insanın elədiyi işin düzgünlüyünə necə böyük inamı və inancı olmalıdır ki, quru “sağ ol” belə gözləməsin.

Sonra fikir verdim ki, ətrafımda da Buffye kimi insanlar var. Məhləmizdə çöl pişiklərini yemləyən xala, uşaqlar üçün yelləncək düzəldən dayı, əvvəl Yaşıllaşdırma Təsərrüfatında işləyib, pensiyaya çıxdıqdan sonra blokun ağzına qızılgül kolları əkən qonşumuz. Sadaladıqca içim açılır.

1987-ci ildə novella əsasında 30 dəqiqəlik animasiya filmi (L’homme qui plantait des arbres) çəkilib.