Klara and The Sun” by Kazuo Ishiguro

Kazuo İşiquro bu əsərində distopik gələcəyi təsvir edir. Avtomatlaşdırma və robotexnika sahəsindəki irəliləyişlər qlobal işsizliyə gətirib çıxarıb. Bu rəqabətə dözmək üçün insanlar uşaqlarının genetikasını modifikasiya edir, “sürətləndirir”. Lakin bu, təhlükəli əməliyyatdır. Modifikasiyadan sonra şikəst qalan və vəfat edən uşaqlar olur. Bu da valideynləri çətin seçim qarşısında qoyur. Övladını uğurlu karyera imkanından məhrum edib onu necə var elə saxlasın yoxsa sağlamlığını və həyatını riskə atıb bu əməliyyata razılıq versin?

Review: Kazuo Ishiguro's "Klara and the Sun" among his best - Los Angeles  Times

Bundan başqa təsvir olunan gələcəkdə uşaqlar məktəbə getmir, evdə təhsil alırlar. Asosial olmamaları üçün valideynlər övladlarına robot, bir növ android-oyuncaq alırlar. Ona el arasında “Süni Dost” deyirlər. Süni Dost hər işdə sahibinə kömək etməlidir. Əsərə adı verilən Klara da bu cür robotdur. O, 14 yaşlı Coziyə dərslərində, işlərində yardım etmək üçün alınır. Vaxt keçdikcə Klara başa düşür ki, Cozinin əməliyyatı uğurlu keçməyib və qız xəstədir, yavaş-yavaş ölür. Bundan sonra hadisələr fərqli istiqamətdə cərəyan etməyə başlayır. Mətnin hər küncündən İşiquronun sadə və fəlsəfi sualları eşidilir: insanı xüsusi, özünəməxsus edən nədir? Onun bütün fizioloji özəlliklərini, vərdişlərini təkrarlamaqla, təqlid etməklə, sirlərini öyrənib, xatirələrinə bələd olmaqla həmin insan olmaq mümkündürmü? Müəllif “Məni heç vaxt tərk etmə” əsərində də oxşar məsələyə toxunur: insanlığın sərhədi məsələsinə. İnsanlıq haradan başlayır və harada bitir?

Review of Kazuo Ishiguro's 'Klara and the Sun' - The Hindu

Amma o əsərdə olduğu kimi burada da insan övladının əlindən gələn ən yaxşı işin istifadə edib atmaq olduğunu gördüm. Hərçənd İşiquronun gələcəyə nikbin baxışını nəzərə alsam, “sevgi dünyanı xilas edəcək”, “böyümək müəyyən qurbanlar tələb edir və bu dünyanın köhnə qaydasıdır” mesajını da görmək olar.  “Məni heç vaxt tərk etmə”də diqqətimi cəlb edən cəhəti “Klara və günəş”də də hiss etdim: İşiquro fantastik elementləri əsərə asta-asta daxil edir, fantastik elementlər göz deşmir, yavaş-yavaş ortalığa çıxır. Hətta bu elementləri çıxdaş eləsək, əsəri sosial dram kimi təsnif etmək olar. Yazıçının bu tərzini çox bəyənirəm.

İndi aktual olan ayrıseçkilik, ictimai bərabərsizlik mövzusu İşiquronun yaratdığı gələcək dünyada da aktualdır: modifikasiya olunub, xəstə düşən Cozi və genetik əməliyyat olunmayıb, sağlam qalan Rik iki müxtəlif düşərgəni təmsil edir. Onlar uşaqlıqdan bəri dostluq edirlər, lakin müxtəlif sosial çevrədən olduqları üçün gələcək münasibətləri sual altındadır. 

Bundan başqa, Cozinin anasının timsalında gördüm ki, bəzən sevdiklərimizi itirmək qorxusu elə dəhşətli hal alır ki, divanə işlərə girişirik.

Müsahiblərinin birində İşiquro deyir ki, əvvəlcə “Klara və Günəş”i uşaqlar üçün yazmağı və illüstrasiyalarla böyük formatda nəşr etdirməyi planlayırmış. Sonra həyat yoldaşı və redaktoru onu bu fikrindən döndərir.

Mən kitabı aktrisa Katerina Şpitsanın səsləndirməsində rusca dinlədim. Şpitsanın ilk təcrübəsi olsa da, kifayət qədər uğurlu alınmışdı.

Qeyd edim ki, “Sony Group” kitabın yayım hüquqlarını əldə edib. Kitabı oxuyanda bəzi yerlərini “İnsanlar” (Humans, 2005-2008) serialına oxşadırdım.

Humans (TV Series) (2015) - Filmaffinity