“The Midnight Library” by Matt Haig

“Gecəyarı kitabxanası” 2020-ci ildə “Goodreads” platformasının istifadəçiləri tərəfindən “ən yaxşı proza” adına layiq görülən əsər olub. Yeri gəlmişkən, “Goodreads” internet portaldır.  Pulsuzdur. Qeydiyyatdan keçməklə kitablar haqqında geniş məlumat bazasına giriş əldə etmək olur. “Facebook”, “Twitter” kimi sosial şəbəkələrdə hesabı olanlar, təkrar qeydiyyatdan keçmədən həmin hesab vasitəsi ilə də sayta girə bilər. Burada oxuduğunuz kitabları qeyd edə, onlara xal verə, rəy yaza bilərsiniz. Həmçinin oxumağı planlaşdırdığını kitabları planlaşdıra, müxtəlif müzakirə qrupları yarada bilərsiniz. Qeyd edim ki, 2013-cü ildən bəri “Amazon” şirkəti portalı alıb.

The Midnight Library by Matt Haig - West Vancouver Memorial Library

35 yaşlı Nora Sid (Nora Seed) özünü lazımsız hiss edir, həyatını əbəs yerə, mənasız şeylərə sərf etdiyini hiss edir. Anası xərçəng xəstəliyindən vəfat edib, qardaşı ilə danışmır, pişiyini maşın vurub öldürür, işdən qovulur. Bir vaxtlar parlaq gələcək vəd edən Nora həyatına son vermək qərarına gəlir, çoxlu antidepressant atıb, intihar edir. Gözünü açanda özünü böyük bir kitabxanada görür. Bu kitabxana ölümlə həyat arasında bir yerdir. Nora “Peşmanlıqlar kitabı” ilə tanış olur. Ömrü boyu peşman olduqları məsələləri yada salır. Və sonra böyük bir oyun başlayır: Nora arzusunda olduğu həyatı yaşamaq imkanı əldə edir. Vərəqlədiyi hər kitab onu arzusunda olduğu paralel həyata aparır. Bir həyatında məşhur rok ifaçı olur, bir həyatında üzgüçülük üzrə olimpiya çempionu, bir həyatında arktikada buzlaq tədqiqatçısı və s. Və hər növbəti həyatında peşman olan kimi yenidən kitabxanaya qayıdır, proses fasiləsiz davam edir.

Nora görür ki, nə qədər ideal həyatı olursa olsun, hər birində fərqli-fərqli itkiləri olacaq, ağrıları olacaq, əzab çəkəcək. Yaşayırsansa, bunlarsız mümkün deyil. Paralel həyatlarda eyni insanın aşağı-yuxarı eyni sınaqlardan keçdiyi yerləri oxuyanda Haruki Murakaminin “Norveç meşəsi” yadıma düşdü. Orda Midori başqa ölkəyə köçmək istəyir, başqa ölkədə daha xoşbəxt olacağını düşünür. Atası ona deyir ki, Midori hər yer eyni zibildir. Bəli, bəzən eyni şeyin təsvirinə, eyni fikrin təsdiqinə bir yazıçı əsərinin yarısını həsr edirsə, başqa bir yazıçı bir cümlə ilə mövzunu bağlayır. Həmin məqamlarda neyləyirik? Murakaminin qarşısında papağımızı çıxarırıq.

Əsər maraqlı başlayır, yaxşı irəliləyir, əl atdığı hər işdə uğurlu olan, ancaq heç cürə gələcəyi ilə bağlı qərar verə bilməyən, yaxınlarının arzularını reallaşdıracağı təqdirdə, özünün də xoşbəxt olacağını düşünən, başqalarının istəklərini öz həyatına proyeksiya edib, özünün nə istədiyini bilməyən qəhrəman koloritli və real görünürdü, ta ki, paralel həyatlara keçidlər sürətlənənə kimi. Romanın ikinci yarısı “taleyinə şükür elə”, “naşükür olma”, “həyat gözəldir, sən doğru yaşamağı bacarmırsan” mesajlarının üzərində qurulub. Bir müddətdən sonra yazıçının özünü “life coach” kimi aparması zəhlə tökməyə başlayır.

Bu kitabın mənim üçün yeganə müsbət tərəfi yeni termin öyrənməyim oldu: Danbar limiti.

İnsan sosial varlıqdır. Həyatımız gündəlik işgüzar və şəxsi əlaqələr üzərində qurulub. Ancaq insanın stabil sosial münasibətdə olma qabiliyyətinin də bir həddi, limiti var imiş.  Buna “Danbar limiti” deyilir. Hipotetik limitdir. Neokorteksin həcmindən asılı olaraq dəyişir.  Neokorteks və ya izokorteks məməlilərdə beyin qabığının çox hissəsini, xüsusən onun 90% -ni təşkil edən quruluşdur. Əsasən boz maddədən ibarətdir. Düşünmə qabiliyyətimizdən məsul olan beyin sahəsi hesab olunur. Yüksək zehni və icra funksiyalarına imkan verir.

Termin ingiltərəli alim antropoloq Robin Danbarın şərəfinə adlandırılıb. Danbarın hesablamalarına əsasən bu say 150-ə bərabər olub. O, primatları öyrənəndə əmin olub ki, beynin ölçüsü ilə sınaqda iştirak edən heyvan qrupunun ölçüsü arasında nisbət mövcuddur. Müşahidələrdən məlum olub ki, sürüdə heyvanların sayı müəyyən hədii keçən kimi həmin sürü iki yerə parçalanırmış. Danbar belə bir fikrə gəlib ki, beyin tərəfindən məlumat emalındakı məhdudiyyətlər sosial davranışa birbaşa təsir edir. Sonradan insan cəmiyyətində araşdırma aparan alim aşkar edir ki, primatlardakı kimi insanın da mütəmadi əlaqədə olduğu insanların maksimum sayı 100-230 arasında dəyişir, amma orta hesabla 150 olur.

Dunbar's number - Wikipedia

Bu nəzəriyyəyə əsasən, istənilən insanın əlaqədə olduğu çevrə 6 təbəqədən ibarətdir. Münasibətdə olduğu insanlar bir təbəqədən digərinə keçə bilər. Lakin məkan yeni iştirakçılar üçün məhduddur. Bundan başqa, insan məhdud sayda sosial əlaqəyə xidmət göstərə bilər, say artdıqca əlaqələrin keyfiyyəti aşağı düşür.

Danbarsayağı sosial çevrə modeli belə görünür:

  • Daimi əlaqədə olduqlarımız, yaxın dostlar və qohumlar, dəstək qrupu – 5 nəfər;
  • Tez-tez olmasa da, effektiv münasibətdə olduqlarımız, simpatiya qrupu – 15 nəfər;
  • İşdəki həmkarlarımız, eyni zövqü bölüşdüyümüz insanlar, mütəmadi münasibətdə olduqlarımız – 50 nəfər;
  • Müəyyən vəziyyətdə, müəyyən dövrlərdə münasibətdə olduğumuz aktiv qrup – 150 nəfər;
  • İlk görüşümüzü xatırladıqlarımız – 500 nəfər;
  • Mövcudluğu barədə xəbərimiz olan, ancaq ünsiyyətdə olmadığımız qrup – 1500 nəfər;

Əlbəttə, burada cinsin, şəxsiyyət göstəricilərinin də öz payı var. Danbar deyir ki, real həyatda bu təbəqələri insanlarla görüşmə tezliyiniz təyin edir, hər gün qərar qəbul etməlisiniz, vaxtınızı kimə və necə investisiya edəcəksiniz, vaxtınız isə məhduddur. Bütün nəzəriyyələrdə olduğu kimi, bu nəzəriyyəni də dəstəkləyənlər və ona qarşı çıxanlar var.