“Tuck Everlasting” by Natalie Babbitt

Fantastik tərzdə qələmə alınmış kiçik həcmli bir əsərdir. Avqustun istisindən, böyüklərin zəhlətökən qayğısından, qadağalardan bezən Vinni başını götürüb evlərinin yanında yerləşən meşəyə qaçır. Orada bulaqdan su içən gənc bir oğlanla qarşılaşır. Ardınca hadisələr işıq sürəti ilə baş verir, həmin oğlanın ailəsi Vinnini qaçırır, meşənin dərinliyində yerləşən komalarına aparırlar. Bu qəribə ailənin soyadı Takdır. Elə əsərin orijinal adı da “Ölümsüz Tak ailəsi” gedir. Ailənin əslində heç bir pis məqsədi yoxdur, sadəcə istəyirlər əmin olsunlar ki, Vinni gördüklərini heç kimə deməyəcək. Vinni isə nə baş verdiyini anlamır, hansı sirrə şahid olduğunu bilmir. Zaman keçdikcə Vinniyə məlum olur ki, gəncin su içdiyi bulaq ölümsüzlük bəxş edirmiş və ailə əbədiyyən yaşamağa məhkumdur.

Kitab Ölümsüz ailə | Natali Bebbit | 9789952463149 | Alinino.az

Bunu söyləməklə kitabın sonluğu ilə bağlı heç bir ipucu vermədim. Çünki elə əsərin ilk səhifələrindən diqqətsiz oxucular da məsələdən hale ola bilir. Belə ki, Vinni ilə gəncin ilk görüşündə onlar arasında belə bir dialoq keçir.

– Neçə yaşın var?
– Niyə soruşursan?
– Elə-belə… maraqlı gəldi.
– Yaxşı. Yüz dörd yaşım var.
– Bəs əsl yaşın neçədir?
– İllah da bilmək istəyirsənsə, on yeddi.

Bu hissə mənə “Alatoranlıq” saqasını xatırlatdı. Meşədəki o məşhur səhnədə Bella Edvarddan neçə yaşı olduğunu soruşur. Edvard isə on yeddi yaşı olduğunu deyir. Bella isə öz növbəsində, ritorik sual ünvanlayır: Çoxdan on yeddi yaşın var?

Bir çox nüfuzlu mükafata layiq görülən əsər müasir uşaq ədəbiyyatı klassikası hesab edilir. Yeniyetmələri bilmirəm, amma 8-9 yaşlı uşaqlara maraqlı gələ bilər. Məncə, indiki dövrün yeniyetmələrini bu cür mövzu ilə təəccübləndirmək mümkün deyil. Niyə süjetin təəccübləndirmək potensialına toxundum? Çünki üslub mənə çox quru gəldi. Bəlkə də, səbəb müəllifin illüstrator olmasında idi, ya da mövzunun bu qədər çeynənilməsində. Əsərin vermək istədiyi mesaj çox gözəldir: əbədi yaşamaq, ölümsüzlük qulağa xoş gəlsə də, qarğışdan başqa bir şey deyil.  Sadəcə Bebbit bu mesajı təsvir etmir, hadisələrlə göstərmir, quru-quru ata obrazının nəsihət xarakterli monoloqları ilə oxucunun beyninə yeritməyə çalışır, çeynəyib ağzımıza qoyur.

Mənim üçün bu kiçik hekayə həm də Vinninin böyümə hekayəsi idi. Qadağalara boyun əyməyən, üsyankar ruhunu azadlığa buraxan bu qızcığaz doğru bildikləri uğrunda apardığı mübarizəsi ilə çox böyüyə tuz çıxara bilər. 

Disney 2002-ci ildə əsər əsasında eyniadlı film çəkib. Sarı kostyumlu antaqonist roluna Ben Kinqsli (Ben Kingsley) seçməsi olduqca uğurlu alınıb. Di gəl ki, Vinnini 10 yaşlı qızcığaz kimi deyil, 15 yaşlı yeniyetmə qız kimi göstərmələri və Ceyms ilə aralarına sevgi xətti əlavə etmələrini bəyənmədim. Hərdən mənə elə gəlir ki, amerikalı tamaşaçı sevgi xəttinin olmadığı heç nəyə baxa bilmir, immuniteti götürmür.