“The History of Love” by Nicole Krauss

“YouTube” fəaliyyətimə təzə-təzə başlayanda maraqlı bir mövzuda – “Yaxınlarını itirənlərdən bəhs edən kitablar” mövzusunda video çəkmişdim. Həmin siyahıda birinci yerə layiq gördüyüm əsər müasir dövrün ən istedadlı yazıçılarından biri Conatan Safran Foerin (Jonathan Safran Foer) “Dəhşət ucadan, inanılmaz yaxın” (“Extremely Loud & Incredibly Close”) romanı idi. Foer oxucu həyatıma başqa bir yaxşılığı ilə də düşdü: onun sayəsində yazıçı Nikol Krauss (Nicole Krauss) ilə tanış oldum. 

Nikol Krauss Foerin keçmiş arvadıdır. 2004-cü ildə evləniblər, iki oğulları var. Cütlük 2014-cü ildə boşanıb. Gəzən şayiələrə əsasən, ayrılığa Foerin aktrisa Natali Portmanla (Natalie Portman) yazışması səbəb olub. İkili düz 14 il bir-biri ilə yazışıb. 14 il, KARL! Yəhudi icması Amerikada qan edir. 2016-cı ildə məktublar “The New York Times Style Magazine” nəşrində yayımlanıb. Maraqlıdır ki, Portman özü buna razılıq verib. Deyilənlərə görə, həmin vaxt həm Portmanın, həm Foerin reklamı ehtiyacı olduğu üçün belə bir addım atıblar. Belə ki, Portman rejissor kimi debüt filmini – “Məhəbbət və qaranlığın hekayəsi” (“A Tale of Love and Darkness”) filmini tamaşaçıların ixtiyarına verirmiş. Foerin isə 6 ildən sonra “Bu da mən” (“Here I Am”) romanı işıq üzü görürmüş. Marağım güc gəldi, internetdən tapa bildiyim bütün məktubları oxudum. Ən çox Natalinin yazdığı bu naməni bəyəndim: “Biz təzə-təzə danışmağa başlayanda ağıllı və maraqlı görünməyə çalışırdım, ancaq indi buna ehtiyac yoxdur, indi çəkinmədən gülməli videolar, məsələn, saksofonda ifa edən morj videosu göndərə bilərəm”.  Bu bir cümlə ilə Portman gör neçə münasibətin inkişaf tarixini təsvir edə bilərdi. İntellektual söhbətlərdən gülməli videolara uzanan bir yol. 

Extremely quiet and incredibly amicable: Literary power couple Jonathan  Safran Foer and Nicole Krauss SPLIT following a secret year-long separation  | Daily Mail Online

İndi isə keçək əsas məsələyə – Nikol Kraussa. O, 14 yaşından yazır. Yaradıcılığına şair kimi başlayıb. Stenford universitetində İosif Brodskidən dərs alıb. Qısa və kəskin cümlələrindən Brodski məktəbi keçdiyi hiss olunur. Krauss Amerikada yaşayıb yaratsa da, əslən yəhudidir. Anası tərəf Almaniya və Ukrayna, atası tərəf isə Macarıstan və Belorusdandır. Haqqında danışmaq istədiyim “Məhəbbət tarixçəsi” romanını da müəllif babaları və nənələrinin xatirəsinə həsr edib: “Mənə itməməyi öyrədən babalarıma, nənələrimə… və həyatım Conatana”.

Deməli, əsər Leo adlı qoca bir kişinin ölümlə bağlı düşüncələri ilə başlayır. Yaşı səksəni keçən bu qoca Nyu Yorkda balaca bir mənzildə tək-tənha yaşayır, mümkün olduğu qədər insanlar arasında çox vaxt keçirməyə çalışır ki, ölsə, camaatın xəbəri olsun və qonşuluqdakı qarı kimi günlərlə meyiti qalıb iylənməsin. Leonu tanıdıqca məlum olur ki, gənclik illərində yazıçı olmaq istəyib və “Məhəbbət tarixçəsi” adlı bir əsər yazıb. Həmin əsəri sevdiyi qıza – Almaya həsr edib. Süjet də bir növ həmin kitabın keçdiyi yol üzərində qurulub. Daha doğrusu, kitabla yaxından-uzaqdan əlaqəsi olan adamların həyat hekayələri. Burada həmin əsərin baş qəhrəmanı Alma da var, onun şərəfinə adlandırılan qızcığaz da var, qızcığazın sevimli ailəsi, həmin əsəri tərcümə edən anası, tərcüməni sifariş edən naməlum xeyriyyəçi, əsəri adına çıxaran dost və s. və ilaxır. Bütün bu xətlər bir-biri ilə qarışır, sirlər, müəmmalı şəxslər hekayəyə detektiv çalarlar qatır, oxucu da kələfin ucunu açmağa girişir, nəticədə isə olduqca maraqlı, eyni zamanda kədərli final alınır. 

The History of Love: One more time with feeling - Cineuropa

Bizdə bir məsəl var: ərlə arvadın torpağı bir yerdən götürülüb. Bu məsəli Foer ilə Krausun üslubuna da aid etmək olar. Keçmiş ər-arvadın yazı tərzi o qədər bir-birinə oxşayır ki… Sadəcə Foer daha kəskindir, Krauss daha melanxolik. İki müəllifin yaratdığı obrazlarda da oxşarlıq gördüm. Foerin “Dəhşət ucadan və inanılmaz yaxın” əsərinin azyaşlı qəhrəmanı Oskarı bu əsərdə Almanın qardaşı “Quşcuğaz” ləqəbli oğlana oxşatdım. Hər ikisinin fikirləri, dünyaya baxışı və bütün bunların təqdimat şəkli çox oxşayırdı. Sonra balaca Almanın böyük Almanın axtarışa çıxması və qapı-qapı inzibati binaları gəzməyi, atasının açarı ilə bütün Nyu Yorku ələk–vələk edən Oskarı yadıma saldı. Ümumiyyətlə, əsərdə yer alan bədii obrazların hamısı özünəməxsusluğu ilə seçilir, heç birinə pis deməyə adamın dili gəlmir, bilmədən pislik edənlərə belə. Çünki hamısını bir ehtiyac birləşdirirdi – sevgi və sevgili, doğmalıq və doğma həsrəti. 

Əsərdəki obrazlara göz atsaq, görərik ki, ilk baxışda qeyri-adi gələn vərdişlərin və hərəkətlərin əslində xoş bir səbəbi var. Məsələn, fotoşəkil lentində belə əksi düşməyən qəhrəmanımız həyatda iz buraxa bilməməkdən qorxur. Həyat sevdiklərini əlindən aldığı üçün onların həyatında kabus müşahidəçiyə çevrilir. Bir dayı obrazı var idi. Rembrantı sevirdi. Bacısı qızı ondan soruşanda ki, niyə daha arvadını çox istəmirsən, cavabında deyirdi ki, çünki o Rembrantı sevmir. İş orasındadır ki, müəllif özü Rembrantdan dissertasiya müdafiə edib. Sonra vəfat etmiş atasının sevdiyi işlərlə məşğul olsa, ona daha yaxın olacağını düşünən qızcığaz var idi. Qarşısına məqsəd qoymuşdu ki, atasının gördüyü işləri ondan yaxşı etməlidir, tutalım, atası çadırı 5 dəqiqəyə quraşdırırsa, o 4 dəqiqə 50 saniyə quraşdırmağa can atırdı. 

Əsəri həm də mənə xoşuma gələn başqa kitablardan, filmlərdən bəzi səhnələri xatırlatdığı üçün sevdim. Məsələn, burada bir qızın məhəbbətini qazanmaq üçün qələmini yarışdıran iki yazıçı var. Bu trio mənə “Kəpənəyin yuxusu” filmini xatırlatdı. Orada da qızın qəlbini fəth etmək üçün şeirlərini yarışdıran iki şair var idi. 

Atasının ölümündən sonra anasını xoşbəxt görmək üçün ona sevgili tapmağa çalışan Almanı “Sükan arxasındakı adam” əsərindəki balacalara oxşatdım. Onlar da eyni missiya ilə yola çıxmışdılar. 

Bir də kitabın içindəki kitabda “İpə düzülən sözlər” pritçası var idi ki, “Kitab oğrusu” əsərindəki “Sözləri silkələyən qız” hekayəsini yadıma saldı. Maraqlıdır ki, hər iki romanın ekran versiyasında eyni aktrisa çəkilib və hər iki filmdə də qıza kitab oxutdururlar. 

Və ən bəyəndiyim hissəsi çaxmaq daşı, alovun kəşfi iləhisslərin kəşfi arasında paralel apardığı hissə oldu. Krauss qeyri-adi yazır, nisgilində, kədərində qəribə xeyirxahlıq, qayğı var. Oxucunu qəm-qüssə ilə yükləmir, oxucuya həmin qəm-qüssənin nostalji tərəflərini göstərir. Həyatın ən pis üzünü görsələr də, həmin pisliyə batıb qalmayan, istehzası və içindəki sonsuz məhəbbəti ilə həmin pislikdən üstün qəhrəmanlar yarada bilib. Göstərir ki, bəzən sevgi sevgilidən uzunömürlü olur. Bu kitab uzunömürlü sevginin verdiyi ağrı haqdadır.