Salman Rüşdini ilk dəfə “Bricit Consun gündəliyi” (Bridget Jone’s diary) filmində görmüşdüm. Bricit Cons məsləhət xarakterli kitabların birindən öyrəndiyi qaydanı təqdimat mərasimində həyata keçirməyə çalışır. İntellektual söhbətə qoşulmaqla ağıllı qadın olduğunu nümayiş etdirmək istəyir. Həmin söhbətin iştirakçılarından biri də yazıçı Salman Rüşdi (Salman Rushdie) olur. Qızğın mübahisənin ortasında Rüşdü məsələyə münasibətini öyrənmək üçün Bricitə sual verir, o da öz növbəsində pərt olur, vəziyyətdən çıxmaq üçün tualetin yerini xəbər alır.

Rüşdinin kameosu xoş təsadüfün nəticəsi olub. Sən demə, “Bricit Consun  gündəliyi” romanının müəllifi, həmçinin filmin ssenari müəllifi ingiltərəli yazıçı Helen Fildinq (Helen Fielding) ilə Rüşdi köhnə dost imişlər. Fildinq həmkarına zəng edərək ona ritorik sualla müraciət edir: “Özünü necə axmaq yerinə qoymaq istərdin?” və qarşı tərəf  həmin kiçik epizodda çəkilmək təklifini qəbul edir.

Həmin filmi izləyəndə İranda hansısa yazıçıya qələmə aldığı əsərə görə mürtəd fətvası verildiyini bilirdim. Daha doğrusu, evdə həmin xəbərin müzakirəsi getmişdi. Ancaq ölüm cəzası verilən yazıçının bu epizoddakı Salman Rüşdi olduğunu bilmirdim. Nə isə… Bricit Cons sayəsində bilmiş oldum. Qiyabi tanışlıqdan sonra dərhal müəllifin əsərlərini alıb oxumağa başladım desəm, yalan söyləmiş olaram. Bu vaxta kimi cəmi bir kitabını oxumuşdum. O da 1994-cü ildə çapdan çıxan “Şərq Qərb” adlı hekayələr toplusudur. 9 hekayənin yer aldığı kitab üç hissəyə bölünüb: “Şərq”, “Qərb” və “Şərq Qərb”. Müəllif burada şərq və qərb mentaliletini müqayisə edir, onların kəsişmə nöqtələrini tapmağa çalışır.

Şərq-Qərb qarşıdurması müəllifin şəxsi həyatında da baş roldadır. 47-ci ildə Bombeydə kəşmir məşəli müsəlman ailəsində anadan olan Rüşdi 14 yaşında təhsil almaq üçün İngiltərəyə yollanıb. Üç ildən sonra Britaniya vətəndaşlığını alan Rüşdi Kembric universitetində tarix fakültəsini bitirib. Teatrda işləyib, sonra jurnalist kimi fəaliyyət göstərib. Ardınca “Ogilvy & Mather” reklam agentliyində kopirayter kimi çalışıb. Məhz həmin vaxt “Gecəyarısı uşaqları” (Midnight’s Children) romanını yazıb. Yazıçının həmin dövrlə bağlı xatirələrinə göz atdım. O yazır: “1968-ci ildə universiteti bitirmişdim, “Gecəyarısı uşaqları” isə on iki il sonra çap olundu. Həmin müddət ərzində birtəhər başımı saxlayırdım. Həftədə iki-üç gün reklam agentliyində işləyirdim ki, digər dörd-beş günü evdə oturub yazı yaza bilim. Başdan çıxaran şirnikdirici şeylərlə mübarizə aparmalı olurdum, çünki reklam verənlər elə hey pulla məni almağa çalışırdılar. Yazıçı kimi uğur qazana bilmirsənsə, bu cür perspektiv cəlbedici görünməyə başlayır. Daxili səsin deyir ki, “axmaq olma”. İndi düşünürəm ki, o vaxt həmin gənc oğlan cəsarətli davranıb: o, axmaq qalmaq qərarına gəlib.  Heç nəyə baxmayaraq, öz fikrini, prinsipini yeridib”.

Bu yaxınlarda işimlə əlaqədar material axtarırdım. Təsadüfən, qarşıma bir məqalə çıxdı. “Gecəyarısı uşaqları”nın qırx illiyi münasibəti ilə “The Guardian” qəzetində Salman Rüşdinin məqaləsi çıxmışdı. Yazıçı məqalədə ilham mənbəyindən, müvafiq təhkiyə dilinin axtarışından və romanda təsvir etdiyi Hindistanın daha mövcud olmamasından yazır. O, hələ təzə-təzə vaxtlarda, heç kimin onu tanımadığı, məşhur olmadığı dövrdə  Hindistan haqqında böyük bir roman yazmağı fikirləşir. Çoxsaylı süjet xətti, bir çox qəhrəmanı olan geniş hekayələr həmişə yazıçının xoşuna gəlib. O da böyük miqyaslı əsər yaratmaq istəyib, amma işə necə yanaşacağını bilməyib. Onda qərara gəlib ki, bu meyarlara cavab verən sevimli romanlarını yenidən oxusun. Rüşdinin məqalədə qeyd etdiyi əsərlərin siyahısı olduqca uzundur. O, birinci rus müəlliflərin əsərlərinə müraciət edir. Bunların arasında “Cinayət və cəza”, “Anna Karenina”, “Ölü canlar” olur. Sonra ingilis yazıçılarının kitablarına keçir: Çarlz Dikkesin (Charles Dickens) “Soyuq evi”ni (Bleak House), Uilyam Tekkereyin (William Makepeace Thackeray) “Şöhrətpərəstlik yarmarkası”nı (Vanity Fair). Fransızlardan Fransua Rablenin (François Rabelais) “Qarqantüa və Pantaqrüel”ini (Gargantua et Pantagruel) oxuyur. Sonra müasir yazıçıları mütaliə etməyə başlayır: Günter Qrassın (Günter Wilhelm Grass) “Tənəkə təbili”ni (Tin drum), Qabriel Qarsia Markesin (Gabriel Garcia Marquez) “Yüz ilin tənhalığı”ni (Cien años de soledad), Cozef Hellerin (Joseph Heller) “Maddə 22”ni (Catch 22), Ayris Merdokun (Iris Murdoch) “Qara şahzadəsi”ni (The Black Prince), Doris Lessinqin (Doris Lessing) “Planet səkkiz üçün nümayəndənin hazırlanması”nı (The Making of the Representative for Planet 8).  “Mahabharata”, “Ramayana” kimi hind eposları da  Rüşdiyə ilham verən mənbələr arasında olur. O, həmçinin “Min bir gecə” nağıllarına da müraciət edir. Gələcək roman ailə saqası olacağı üçün Rüşdi Tomas Mannın (Thomas Mann) “Buddenbroklar” (Buddenbrooks) əsərini yenidən oxuyur.  Əsərdə hadisələr Bombeydə (indiki Mumbayda) baş verəcəyi üçün Rüşdi Bollivud ənənələrinə sadiq qalır: klişe üsula əl atır, yeni doğulan körpələrin yerinin dəyişdirir.

Netflix to Adapt Salman Rushdie's Midnight's Children into Original Series

Rüşdi beş il bu əsərin üstündə işləyir. Yazıçının qarşısında duran məsələlərdən biri də təhkiyə dili ilə əlaqəli olur. O, bədii ingiliscədə yazmaq istəmir, çünki Hindistanın dil və etnik müxtəlifliyini ötürməyə hazırlaşır. Hindistanın beş rəsmi dili var – hindi, urdu, qucarati, marathi və ingilis dili. Bundan başqa əhali bu dillərin qarışığından da istifadə edir. Bombey sakinləri çox vaxt belə danışırlar. Bundan başqa Bombeydə küçə slenqi “bambaiya”dan istifadə edilir ki, ölkənin başqa yerlərində bu başa düşülmür. Tez-tez öz əsərlərində idiş dilində sözlərdən istifadə edən yəhudi məşəli amerikalı yazıçı Filip Rot (Philip Milton Roth) Rüşdiyə analoji üsuldan yararlanmağı məsləhət görür. Ondan nümunə götürən Rüşdi romanına ingiliscə olmayan sözlər daxil edir. Həmin sözlərin bəzisinə mətndə  aydınlıq gətirir, kontekstə görə mənası bilinənlərə isə izahat vermir.

“Gecəyarısı uşaqları” Hindistanın Britaniyanın müstəmləkəsi olmaqdan çıxıb müstəqillik əldə etdiyi gün doğulan bir uşağın həyatından bəhs edir. Hadisələri də elə bu uşaq  – Salem Sinay nəql edir. Kitab 1910-1970-ci illəri əhatə edir.

Kitab Gecəyarısı uşaqları | Salman Rushdie | 9789952366471 | Alinino.az

 Rüşdi məqaləsində baş qəhrəmanla bağlı bəzi məsələlərə aydınlıq gətirir, əsərdə çoxlu avtobioqrafik detaldan istifadə etdiyini yazır. Salem Sinay yazıçının uşaq vaxtı Bombeydə yaşadığı rayonda yaşayır, onun getdiyi məktəbə gedir; yazıçı Salemin yoldaşlarının çoxunu özünün uşaqlıq dostlarından təsirlənərək yaradıb. Sinayın böyümə hekayəsinin fonunda ölkənin tarixi, baş verən mühüm hadisələr, qalmaqallar, siyasətçilərin həyata keçirdiyi əməliyyatlar təsvir olunur. Mətn başdan-ayağa simvollarla doludur: Hindistanın müstəqillik əldə etdiyi gün 1001 uşaq doğulur, supergücə, mistik bacarığa malik bu uşaqların hər biri – məsələn, Sinay başqalarının fikrini oxuya bilir, başqa bir uşaq suya girib cinsini dəyişə bilir, biri çayda balıqların sayını artıra bilir, biri bədəninin ölçüsünü dəyişə bilir, biri uça bilir, biri dizləri ilə istənilən adamı boğub öldürə bilir – bunların hamısı müstəqilliklə birlikdə gələn ideologiyaları təmsil edir və hamısı sonda tirana, diktatora məğlub olur, Sinay Şəhrizad kimi hər fəsli ən maraqlı yerində kəsir, doğum evində müsəlman uşaqla hindli uşağın yerinin dəyişdirilməsi Britaniyanın gedişi ilə bir-birini qırmağa başlayan Hindistan və Pakistana işarədir, burada ögey atalar da Britaniyanı təmsil edir və sair və ilaxır bu kimi nümunələr çəkmək olar. Çox danışıb başağrısı vermək istəmirəm. İstəyirəm, əsərin xoşuma gələn və gəlməyən tərəflərindən danışım. “Sizə bir pis, bir yaxşı xəbərim var” cümləsinə ilk reaksiya – “pis xəbərlə başla” olur. Bu tendensiyanın əksinə, mən bəyəndiyim cəhətlərdən başlayacam:

  • Toxunmaq istədiyim birinci məqam: baba obrazı Adəm Əziz və onun həyat hekayəsidir. Bu obraz mənə o qədər doğma və soyadı kimi o qədər əziz gəldi ki… Deşikli mələfədən arvadının ayrı-ayrı hissələrinə aşiq olub, sonra pazlın tamamını sevə bilməyən, bütün ömrü boyu xurafatla mübarizə aparıb, axırda evindəki xurafata məğlub olan Adəm Əziz… Adəm Əziz müəyyən mənada Rüşdinin ana babasına bənzəyir. O da həkim işləyirmiş, o da son dərəcə sakit təbiətli bir insan imiş. Adəm Əzizdən yeganə fərqi qatı dindar olması imiş. Müəllif zarafatla etiraf edir ki, dalay-lama ilə görüşsə də, rastlaşdığı ən müdrik adam babası olub.
  • İkinci cəhət: mətnin rəngarəngliyidir. Əsər başlayan kimi sanki Hindistanda holi bayramının düz ortasına düşürsən. Səs-küy qulağını batırır, baş verənlərin sürətinə çatmağa çalışırsan, hərdən qorxursan ki, təngnəfəs qalacaqsan, hekayə axıb gedəcək, sən bayramdan kənarda qalacaqsan.
  • Bəyəndiyim növbəti məqam yazıçının tarixi hadisələrə “kəpənək effekti” verməsi oldu. Salem Sinaya elə gəlir ki, bütün mühüm hadisələrin mərkəzindədir, hətta əksəriyyətinin səbəbkarıdır. Sinay kimi bir çoxumuz bu sadəlövh inancın tələsinə düşürük, hər şeyin bizim ətrafımızda cərəyan etdiyini, heliosentrik sistemdə günəş rolunu oynadığımızı hesab edirik.
  • Məcazlar çox yaxşı idi. Bəziləri əyləncəli idi. Xüsusilə siyasi hadisələrlə uşaqların nadinclikləri arasında aparılan paralellər. Bir də ən çox xatirələri turşu bankalarına oxşatmasını bəyəndim. Hər fəsli bir bankaya yığıb, fəslin adını bankanın üstünə yapışdırırdı.
  • Mənim üçün növbəti müsbət tərəfi o oldu ki, bu kitabdan sonra bir neçə sənədli film izlədim. Bəzi məlumatları təkrarladım, bəzi yeni faktlarla tanış oldum. İndira Qandi hökuməti, bu hökumətin yürütdüyü siyasət, 50-ci illərdə KQB-nin Hindistandakı rezidenturasının İndira Qandi ilə maraqlanması, ona xəz hədiyyə etməsi, Amerika əleyhinə təbliğat aparması üçün partiyasına külli miqdarda vəsait ayırması (Brejnevlə Qandinin görüşlərinə baxanda, anamın o vaxt bizə müraciətdə məzə ilə Brejnevdən sitat gətirib dediyi söz yadıma düşdü: Doroğaya İndira Qandi),  75-77-ci ildə tətbiq olunan fövqəladə vəziyyət adı altına Qandinin kiçik oğlu Sancayın əli ilə keçirilən məcburi sterilizasiya, axtalama əməliyyatı, siyasi azadlıqların məhdudlaşdırılması, müxalif qəzetlərin bağlanması,  Amritsar qırğını, Qızılı məbəddə sikxlərin öldürülməsi, bu hadisənin İndira Qandinin qətlə yetirilməsinə səbəb olması, sikxlərin adət-ənənələri və sair və ilaxır.

İndi isə keçim bəyənmədiyim tərəflərinə:

  • Mənə görə pafosun barıtı bir az çox idi. Hərdən adi dialoqlar da türk seriallarında qoca müdrik mafiozi ilə cavan qəhrəmanının dialoqunu xatırladırdı, elə bilirdim, indicənə kənardan biri çıxıb, pritça danışacaq;
  • İkinci xoşuma gəlməyən tərəfi o oldu ki, Salem Sinayın uşaqlıq dövrü başa çatdıqdan sonra təhkiyənin dinamikasında bir balaca axsama oldu, sanki, Rüşdi nəfəsini dərmək üçün əyləci basmışdı;
  • Vurğulamaq istədiyim növbəti məqam: məndə elə təəssürat yarandı ki, sanki Rüşdi Qandi hökumətindən incik düşüb və bu əsəri ondan qisas almaq üçün yazıb. Hərçənd, “Kommersant” qəzetinə müsahibəsində heç vaxt siyasi yazıçı olmadığını deyir: “Məni şəxsi həyatın tarix ilə kəsişməsi, onların qarşılıqlı münasibəti maraqlandırıb. “Gecəyarısı uşaqları” tarixin şəxsən ona toxunduğuna inanan oğlan haqqındadır. Bu əsər onun ailəsi, şəhəri, müstəqil hind dövləti ilə bir gündə doğulduğu,  “əkizi” olduğu ölkəsi haqqındadır. Romanın mövzusu yalan-doğru xatirələrdir, qan bağıdır və eyni bu bağ qədər möhkəm olan sevgi-nifrət qohumluğudur. Romanın eyni zamanda əyləncəli və kədərli olduğuna ümid edirəm”. Başqa bir müsahibəsində bildirir ki, “tarix ehtirassızdır, “qarışıq zəmanə”, “böyük depressiya”, “dəmir pərdə” deyə keçmişə yarlıq asmağa adət edən bizlərik. Əslində isə dünyada baş verən bütün hadisələri yalnız bir şey birləşdirir – bizim onları bir-biri ilə əlaqələndirmək istəyimiz”. Yeri gəlmişkən, 1984-cü ildə baş nazir İndira Qandi Britaniya məhkəməsində kitaba qarşı iddia qaldırır. 28-ci fəsildə axırıncı abzasdan qabaqkı abzasda istifadə edilən cümlə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirir. Həmin cümlədə iddia edilirdi ki, İndiranın oğlu Sancay Qandi anasının üzərində güc sahibi olub. O, anasını atası Feruz Qandiyə məhəl qoymamaqla onun ölümünə səbəb olmaqda günahlandırırmış. İş məhkəmədən kənar həll edilir. Rüşdi həmin hissəni mətndən çıxarmağa razılıq verir.
  • Bəyənmədiyim növbəti məqam da məhz bununla bağlıdır. Rüşdinin tez geri addım atması ilə. “Şeytan ayələri”ndən sonra İranın dini lideri Xomeyninin yazıçının başına pul kəsməsi onun uzun illər gizlənməsinə səbəb olur. Rüşdinin həmin dövr üzləşdiyi çətinliklər haqqında BBC-nin çəkdiyi sənədli film var. Filmdə göstərilir ki, fətva veriləndən bir müddət sonra Rüşdi üzrxahlıq edir, sonra onun müdafiəsinə qalxan həmkarlarının gözündən düşməmək üçün əslində üzrxahlıq etmədiyini, səhv anlaşıldığını deyir və malalamağa başlayır. Məni uzun müddət yazıçının yaradıcılığından uzaq durmağa məcbur edən də məhz onda hiss etdiyim bu səmiyyətsizlik idi. Və bu hiss bütün əsər boyu məni tərk etmədi. Rüşdinin özü yaradıcılıqda səmimiyyət mövzusuna belə aydınlıq gətirir: “Məncə, müəllif yaratdığı personajları, istər “pis”, istər “yaxşı” personajları eyni səmimiyyətlə sevməsə, oxucular da onlara laqeyd yanaşacaq. Personajlara canlı insanlar kimi yanaşıram, onlara qulaq asıram, ehtiyaclarını başa düşməyə çalışıram. Yaradıcılıq müəllifin tiraniyasından (istibdadından) deyil, bu cür dinləmək qabiliyyətindən doğur. Çalışıram ki, diktə etməyim”.
  • Oxucu ilə siçan-pişik oynamasını da sevmədim. Hekayəyə başlamadan öncə süjetlə bağlı müəyyən ipucları verir. Guya intriqa yaradır, amma boş yerə adamın enerjisini alır. Elə bil, bütün kitab boyu, çiynimdə oturub qulağıma fısıldayırdı ki, gör indi, nə edəcəm, gör indi bunun başına nə oyun açacam, yadında iki səhifə əvvəl xəbərdarlıq etmişdim?

Romanı oxuyandan sonra 2012-ci ildə çəkilən filmə baxdım. Ekran işinə çox böyük ümidlər bəsləyirdim. Çünki rejissoru Dipa Mehta idi. Onun əl işləri keyfiyyəti ilə seçilir. Üstəlik, ssenari müəlliflərinin arasında Salman Rüşdi də var idi. Bundan başqa, filmi səsləndirən elə yazıçının özü idi. Di gəl ki, bütün “var” lara rəğmən, nəsə yox idi, nəsə çatmırdı. Magik realizm janrında qələmə alınan əsərlərin çox vaxt bəxti gətirmir. Magizm yerini ekrana transfer etmək uğurlu olmur. Bu romanın ekran versiyasında isə “magizm”dən əsər-əlamət yox idi. Düzü, heç bu janrın həvəskarı da deyiləm. Ancaq məncə, mətnin duzu-istiotu elə onda idi. Bu məqamda Rüşdinin “magik realizm” terminindən xoşu gəlmədiyini qeyd etmək yerinə düşər. O, üslubunun təsvir etdiyi reallıq tərəfindən diktə edildiyini, bəzi kitablarda sürreal elementlərin çoxluq təşkil etdiyini deyir.

Bundan başqa, filmdə bəzi səhnələr, obrazlar ixtisara salınmışdı. Halbuki həmin səhnələrin xüsusi bədii yükü olduğunu düşünürdüm.

Roman bir neçə nüfuzlu ədəbi mükafatın qalibidir. Bura “Buker” də daxildir. Özü də əsər bu mükafata iki dəfə layiq görülüb: birinci dəfə 1981-ci ildə, ikinci dəfə 1993-cü ildə “Bukerlərin Buker”ini alıb. Nəsibə Zeynalovanın “oğlanların oğlanısan” şərqisi yadıma düşdü. 2008-ci ildə isə mükafatın təqdim edildiyi 40 il ərzində ən yaxşı roman elan edilib.