“Life of Pi” by Yann Martel

Düz 9 il əvvəl filminə baxmışdım. 2012-ci il idi, hamı dünyanın sonundan danışırdı. 3D filmlər mənim üçün əsl “Tantal əzabı” olsa da, “Pinin həyatı”nı acgözlüklə izləmişdim, uzun müddət təsirindən çıxa bilməmişdim, gedib-gəlib rəfiqəmlə səhnələrini müzakirə edirdik.

Life of Pi [2012] ~ A MOVIE COLLECTION

Ona görə də əsəri oxumağı planlamırdım. Çünki gözlənilməz sonluqdan xəbərim var idi, mənə elə gəlirdi ki, hekayənin bütün gözəlliyi finalındadır.

Bilmirəm niyə, ancaq bu yay Pinin həyatı ilə tanış olmaq istədim. Bəlkə də, gecikmiş qərarım pandemiya dövründə “sağ qalmaq” ideyasının yenidən bədii ədəbiyyatda trendə düşməsi ilə əlaqədar idi.

Kitabın ilk səhifəsindən son səhifəsinədək peşmanlıq hissi məni tərk etmədi. Peşman idim, həm də çox. Bu əsəri bu qədər gec oxuduğum üçün peşman idim.

Bilməyənlər üçün qısaca qeyd edim ki, əsər yapon yük gəmisində Hindistandan Kanadaya köçən və yolda qəzaya düşən Pi Patel adlı gəncin sağ qalma hekayəsidir. Hekayənin özünəməxsusluğu ondan ibarətdir ki, Pi zoopark sahibinin oğludur və qəzaya düşdükdən sonra qayıqda benqal pələngi ilə birlikdə yaşamalı olur. Heç vaxt təsəvvür etməzdim ki, 75-80%-i flora və fauna dünyasından bəhs edən bir roman məni belə valeh edə bilər. Müəllifin sadə məsələlərlə başlayıb, onları fəlsəfi mövzulara calamağı, Pi Pateli Pi Patel edən aqressiv istehzası, sürrealistik elementləri bu qədər inandırıcı təsvir etməsi, qeyri-adi təşbehləri möhtəşəm idi.

Əsəri oxuyandan sonra oturdum bir də filminə baxdım. Məncə ən uğurlu adaptasiyalardan biridir. İlişdiyim yeganə məqam o oldu ki, filmdəki Pi romandakı Pidən daha böyükdür, kitabdakı Pini daha balaca təsəvvür edirdim.

Bir də qəribə bir vəziyyət alındı: əsərin finalına doğru Patelin Yaponiyadan ezam edilən müstəntiqlərə ünvanladığı o məşhur sual var ha. Açıqlayıb, ləzzətini qaçırmaq istəmirəm. Həmin suala filmdə “heyvanlar” deyə cavab vermişdim, kitabda “insanlar”. Maraqlıdır, sizin seçiminiz hansı variant olub? İmkan olsa, şərhdə qeyd etməyi unutmayın. Niyə belə fərqli cavablar oldu, bilmirəm. Yəqin, əsəri oxuyandan sonra romandakı zooloqlar kimi o qənaətə gəldim ki, zooparkda ən təhlükəli heyvan insandır.