“Feminism for the 99%: A Manifesto” by Cinzia Arruzza, Tithi Bhattacharya, Nancy Fraser

Manifest ötən il fəaliyyətə başlayan gənc nəşriyyatlardan biri – “Egalite” nəşriyyatının növbəti tərcüməsidir. Nəşriyyat fəaliyyətini daha çox bədii və akademik ədəbiyyat üzrə aparır.

Əsər liberal feminizmdən fərqli olaraq problemlərə radikal baxış təqdim edir. İddia edilir ki, gender bərabərsizliyi kapitalist istehsal münasibətlərinin tərkib hissəsidir. Yəni kapitalist sistem məhv edilməyənədək bu məsələlər həll olunmayacaq: “Zorakılığın bütün təzahürləri kapitalist cəmiyyətin gündəlik fəaliyyətinin ayrılmaz hissəsidir. Bu sistem ən yaxşı vaxtlarda amansız məcburetmə və dolayı razılıqla öz dayanıqlılığını təmin edir. Zorakılığın büyün formaları aradan qaldırılmasa, ayrı-ayrı təzahürləri məhv edilə bilməz”.

Müəlliflərin hər üçü 2017-ci ildə prezident Donald Trampın inaqurasiya mərasiminə etiraz əlaməti olaraq başladılan tətillərin təşkilatçısı və əsas iştirakçıları olublar. Kitabın adı 2008-ci il maliyyə böhranından sonra meydana gələn “Occupy” hərəkatının şüarından – “Biz 99 faizik” şüarından götürülüb. 

Manifest on bir tezisdən ibarətdir. Bu rəqəm də təsadüfi seçilməyib, Karl Marksın “Feyerbax haqqında tezislər”inə göndərmədir.  Marks məhz on birinci tezisdə qeyd edir ki, “filosoflar dünyanı müxtəlif formalarda yalnız şərh etmişlər; halbuki məsələ onu dəyişdirməkdir“. Hərçənd feminizm manifestində mövcud vəziyyəti dəyişdirmək üçün həll yolları göstərilmir, yalnız kapitalizmlə mübarizə aparan digər hərəkatlarla əməkdaşlığın əhəmiyyəti vurğulanır. 

Kitabı oxuyarkən müəyyən çətinliklər yaşadım. Bunun da səbəbi o idi ki, qeyd edilən məsələlərin çoxu ilə səthi tanış idim, terminologiyadan xəbərsiz idim. Bu baxımdan Nurlana Cəlilin “Feminizm: anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri” başlığı altında “Bakı Araşdırmalar Mərkəzi”ndə yayınlanan məqaləsi çox kömək oldu. Düzdür, məndə xronoloji ardıcıllıq pozuldu, gərək birinci məqaləni oxuyardım, sonra manifesti. Ancaq necə deyərlər, gec olsun, güc olsun və ya Simon de Bovuara şəkk gətirən bizdən deyil. Məqalə vasitəsilə feminizmdəki əsas cərəyanlar və onların məzmunu ilə tanış oldum. Məsələn, liberal feminizmin hüquq bərabərliyi və emansipasiya uğrunda mübarizə apardığını, marksist feminizmin kapitalizmi, sosialist feminizmin isə həm kapitalizmi, həm də patriarxallığı tənqid etdiyini öyrənmiş oldum. 

Bütün bunlarla yanaşı, mənə məlum oldu ki, radikal, kuir və qaradərili feminizm deyə cərəyanlar var, habelə tarix boyu siyasi tələblərinə və ideoloji baxışlarına görə fərqlənən üç feminizm dalğası qeydə alınıb. Əgər XIX əsrdə formalaşan birinci dalğa qadınların kişilərlə eyni və bərabər hüquqi, siyasi və iqtisadi haqlara nail olmasını tələb edirdisə, 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində meydana çıxan ikinci dalğanın əsas mövzuları ev işinin mübahisə məsələsinə çevrilməsi, iş bölgüsü, ailədaxi zorakılıq, əmək və cinsi istismar kimi məsələlər olub.  1990-cı illərin əvvəlində müşahidə edilən üçüncü dalğa özü ilə ciddi dəyişikliklər gətirib. Feminizm təkcə qadın məsələlərini əhatə edən anlayış olmaqdan çıxıb gender və kuir araşdırmaları da əhatə etməyə başladı. 

Söhbətimizi yekunlaşdırsaq, sonda nə deyə bilərəm? Artıq mən də bioloji cins və sosial cins anlayışlarını bir-birindən fərqləndirə bilirəm. Mənim kimi müasir dövrlə ayaqlaşmağı gecikdirənlərin nəzərinə, məqalənin keçidini məlumat bölməsinə yerləşdirəcəm.