“The Only Story” by Julian Barnes

Kitabın önsözündə müəllif etiraf edir ki, personajları düzüb, sonra onların başına oyun açmıram, beynimdə bir situasiya, inanılmaz dilemma, əxlaqi və ya emosional bir vəziyyət canlandırıram, bundan sonra özümə sual verirəm: bu hadisə kimlərin başına gələ bilər?

The Only Story (Russian Edition) by Julian Barnes | NOOK Book (eBook) |  Barnes & Noble®

Əsər bir növ müəllifin “Aqibət duyğusu” (The Sense of Ending) romanının davamı hesab edilir. “Aqibət duyğusu”nda cavan oğlanla orta yaşlı qadının məhəbbət macərasına ötəri yer verən yazıçı “Yeganə hekayə”də bu məsələni cikinə-bikinə kimi araşdırır, mövzuya hər rakursdan baxır, hər detalını incələyir.

Deməli, hadisələr 1960-cı illərdə başlayır və 2000-ci illərədək davam edir. On doqquz yaşlı Pol tələbədir, varlı-karlı ailənin yeganə oğludur. Yay tətilini keçirmək üçün ailəsinin yanına gəlir. Qəhrəmanın öz təbirincə desək, “açıq-aydın və vicdansızcasına” darıxdığı üçün tennis klubuna yazılır. Orada 48 yaşlı Syuzen ilə tanış olur. Syuzen evlidir, Poldan da böyük iki qızı var, evdar qadındır. Amma işlər elə gətirir ki, bu ikilinin arasında məhəbbət macərası başlayır.

846-02797695 © ClassicStock / Masterfile Model Release: Yes Property Release: No 1960s SMILING PORTRAIT COUPLE STANDING BEHIND NET HOLDING RACQUETS


Barns elə əsərin başlanğıcında yazır ki, “çoxumuzun hazır bir hekayəsi olur. Baş verən hadisələr çoxdur, onlar haqqında ürəyin istədiyi qədər hekayə uydura bilərsən. Ancaq yeganə bir hekayə olur ki, nəticə etibarilə təkcə onu danışmağa dəyir”.

Bu roman da Polla Syuzenin “yeganə hekayəsi”dir. Amma daha çox Syuzenin, baxmayaraq ki, hadisələrin mərkəzində Polldur, hətta əsərin üçdə birini təhkiyəçi qismində çıxış edir. Kitab üç hissədən ibarətdir və hər hissənin təhkiyə dili də fərqlidir.

Birinci hissədə hər şey güllük-gülüstanlıqdır, qəhrəmanlarımız “can” deyib, “can” eşidirlər, aşiq olmanın o ilkin mərhələsindədirlər. Qarınlarında kəpənəklər uçuşur, bir-birlərini tanımağa çalışırlar və bu tanışlıq hər ikisinə xoş gəlir. Və hekayə də birinci şəxsin təkində nəql edilir. Bu yolla Polun hadisələrə çox yaxın olduğunu görürük: Gənclərə xas sadəlövhlük və özündənrazılıqla başına gələn bu qeyri-adi hadisə ilə öyünür, elə bilir ki, qaydaları pozmaqla dostları arasında ad çıxaracaq, üsyankar ruhunu sübut etmiş olacaq.

İkinci hissə Syuzenin Londona – Polun yanına köçüb, onunla birlikdə yaşadığı dövrü əhatə edir. Yazıçı burada daha sərt üslub seçir: ikinci şəxsin təkinə keçir, bununla da Pol ilə baş verənlər arasındakı məsafəni artırır, ona əlavə məsuliyyət yükləyir, hər iki kəlmədən bir oğlanı pazlayır: “sən belə edirsən, sən elə edirsən”. Pol böyüyüb, sahiblənmək istəyi artıb, sevdiyi qadının qəhrəmanına çevrilmək istəyir, onun yaralarını sağaltmaq, ona pis günlərini unutdurmaq istəyir.

Üçüncü hissədə Polla Syuzen ayrılır. Və həmin ayrılıqdan sonra Polun həyatı təsvir edilir. Əslində isə Polun həyatı bir növ Syuzenin həyatı üçün proyeksiya rolunu oynayır. Polun həyatı barədə oxuya-oxuya əslində Syuzenin həyatına şahid oluruq. Bu hissədə Barns üçüncü şəxsin təkində danışır. Bu da həm qəhrəmanla müəllif, həm də hadisələrlə qəhrəmanan arasındakı məsafəni daha da uzaqlaşdırır. Soyuqqanlı, laqeyd təhkiyə alınır. Hadisələr o qədər ciddiləşir ki, artıq burada lağlağıya, şıltaqlığa yer qalmır. Baş verənləri Polun rakursundan görsək də, onun dilindən eşitsək də, bütün hekayənin mərkəzində Syuzen və onun əzab-əziyyətli, sevgisiz həyatıdır. Aralarında olan böyük yaş fərqinə görə Syuzenin daha təcrübəli olacağını gözlədiyimiz halda, yazıçı yenə sürpriz edir. Məlum olur ki, qadın təkcə ağrı mövzusunda təcrübəlidir. Çünki bütün evlilik həyatı məişət zorakılığına dözməklə keçib. Xoş duyğular, sevgi, diqqət, qayğı – bütün bunlardan ömrü boyu uzaq olub. Ona görə onlarla necə davranacağını bilmir. Ya da Polu o qədər çox sevir ki, onun da bu zibilə batmasını istəmir.

Lap əvvəldən bilinir ki, xoşbəxt sonluq olmayacaq, ümumiyyətlə, bir şeyin adı “sondursa”, o necə xoşbəxt ola bilər? Syuzenin sonu məni ikiqat təsirləndirdi. Çünki ən çox qorxduğum bədbəxtliklə üzləşdi: yaddaşını itirməyə başladı.

Syuzenin xətrinə böyüməyə də hazır olduğunu deyən Pol birinci hissədə özlərinə belə tərif verir: “Mən balaca oğlanam, o isə ortayaşlı evli qadın. Mənim tərəfimdə sinizm və xəyali həyat bilgisi var, amma bununla yanaşı, idealistəm, özü də qatı idealist, inanıram ki, istənilən problemi həll etməyə iradım gücüm çatacaq. Bəs o? Onda nə sinizm var, nə də idealizm, o, fikir burulğanından xəbərsiz yaşayır, problemləri onlar meydana çıxdıqca həll edir. Asanlıqla gülür, və elə həmin dəqiqə gülüşü ona aşkar, ağrılı həqiqətdən qaçmağa, düşünməməyə imkan yaradır. Lakin nədənsə məndə belə bir hiss var ki, o, reallığa məndən daha yaxındır”.
Və sonda məlum olur ki, sən demə, bu gənc oğlanın bəsirət gözü açıq imiş. Həqiqətən də Syuzen reallığa daha yaxın imiş. Və bir daha əmin oluruq ki, həyat hər şeydən güclüdür, sevgidən də.