“Puslu Kıtalar Atlası” by Ihsan Oktay Anar

Türk yazıçısı İhsan Oktay Anarın İmanyar Quliyevin tərcüməsində “Fabula” nəşriyyatında işıq üzü görən “Dumanlı qitələr atlası” tərtibatı ilə göz oxşayır.

Müəllif Ege universitetinin fəlsəfə fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Özü də bu universitetinin məzunudur. Deyilənlərə görə, yazıçılıqla bir növ hobbi olaraq məşğul olur. Halbuki məktəb illərində dərsdən qaçıb Mopassan, Çexov və Qoqol oxumaq üçün kitabxanaya gedən  və buna görə liseydən qovulan müəllifin daha böyük iddialarla çıxış edəcəyi gözlənilir. 

Ümumiyyətlə, İhsan Oktay Anar televiziya verilişlərində iştirak etməyi, müsahibə verməyi xoşlamır. Heç bir sosial platformada da aktiv deyil.

Ədəbiyyatşünaslar deyir ki, postmodernizm türk ədəbiyyatına çox gec gəlib. Oxucular, tənqidçilər uzun müddət bu janra qərəzli olublar. Orhan Pamuk, Murathan Mungan, Bilge Karasu və s. realizmdən gəldikləri üçün postmodernizmin birinci dalğasının nümayəndələri hesab edilirlər. İkinci dalğanın ən nüfuzlu nümayəndələrindən biri məhz İ.O.Anardır. Əsərlərində zaman və məkan, insanın tarixdəki rolu, milli özünüdərk və milli arxetipin formalaşması kimi mövzulara toxunur. 

“Dumanlı qitələr atlası” Anarın nəşr olunan ilk romanıdır. Və yayımlandığı ilk gündən böyük rəğbətlə qarşılanıb. İyirmidən çox dilə tərcümə edilib. Elə iyirmi ildən sonra bir də illüstrasiyalı versiyası çap olunub. İllüstrasiyaların müəllifi isə məşhur karikatürist İlban Ertem olub. 

Roman XVIII əsr Osmanlı imperiyası dövründə İstanbulda baş verir. Əsərdə şəhərin adı Kostantiniyədir. Əvvəlcə bir-birindən rəngli, bir-birindən maraqlı müxtəlif obrazlar haqqında qəribə hekayələr təqdim edilir. Məsələn, ayağını evindən bayıra atmayan, ancaq dünyanın xətitəsini çəkmək istəyən, dünyanı yuxuları ilə kəşf etməyə çalışan Uzun İhsan Əfəndi. Tənqidçilər bu obrazın müəllifin prototipi olduğunu deyirlər. Romanın əsas qayesini təşkil edən bir ifadə – filosof Rene Dekartın məşhur ifadəsi – “Düşünürəmsə, deməli varam” ifadəsi də məhz Uzun İhsan Əfəndinin düzəlişlərinə məruz qalır. Belə ki, İhsan Əfəndi iddia edir ki, “düşünürəmsə, nəinki mən varam, düşündüklərim də var”. Sonra İhsan Əfəndinin ölümə meydan oxuyan xortdan oğlu Bünyamin var. Əvvəlcə Qalatada kilsə zəngçisi işləyən, sonra keşişi aldadaraq oruc imtahanından keçmək istəyən, lakin buna müvəffəq olmadığı üçün Osmanlı ordusuna lağımçı olaraq işə düzələn erməni Vardapet var. Sonra əyyaşlığa qurşandığı üçün Venesiya səfirliyindən qovulan katib var, başına kəlbətin düşdüyü üçün diş həkimliyi, ardınca cərrahlıqla məşğul olmağa başlayır. Qrim bacarığından istifadə edərək oğurluq edən, ardınca dilənçiliyə başlayan və eyni zamanda casus kimi fəaliyyət gösrərən Xınzıryerdi. Altı dəfə ildırım vursa da sağ çıxa bilən, sonradan ətrafdakıları ildırımla şantaj edən Dərdli ləqəbli avara. Zamansızlığı kəşf etmək istəyən kəşfiyyat rəisi Əbrəhə. Yuxusuzluqdan əziyyət çəkən tacir, uzunmüddətli yuxuya dalan karvansaray gözətçisi (peşəsinə nə qədər zidd olsa da). “Yox” yoxdur.  Adamın heyfi də gəlir. Bu qədər maraqlı hekayəni balaca bir kitaba sığışdirmayıb, hərəsi haqqında tam roman yaza bilərdi. 

Əsər böyüklər üçün yazılmış nağıla oxşayır. Saray əhlindən, yüksək təbəqədən, əsilzadələr deyil, küçələrdən, tinlərdən, qumarxanalardan, qəhvəxanalardan, limanlardan, meyxanalardan, dilənçilərdən, qumarbazlardan, tacirlərdən bəhs edən bir nağıl. Bu cəhətdən “Dumanlı qitələr atlası” daha əvvəl oxuduğum üç əsərin qarışığı kimi gəldi: Milorad Paviçin “Xəzər sözlüyü”, “1001 gecə” nağılları və Orhan Pamukun “Mənim adım qırmızı”. Düzdür, Paviçin “Xəzər sözlüyü”ndə sürrealistik elementlər çoxluq təşkil edirdi, amma əsərlərin pazzlvari strukturunda, yuxu və reallıq anlayışlarının qarşılaşdırılmasında oxşarlıq çox idi. İstanbul təsvirləri, Osmanlı dövrünün təsvirləri isə “Mənim adım qırmızı” əsərindən səhnələri yadıma saldı. 

“Dumanlı qitələr atlası”nın önsözündə şair Hulki Aktunç əsərin tarixi roman olmadığını, başdan-ayağa bir roman olduğunu iddia edir. Ancaq elə təsvirlər var ki, adam həmin təsvirlərdən, səhnələrdən sonra tarixin, zəmanənin, vərdişlərin, kök salan mənfi ənənələrin necə dövrü xüsusiyyətə malik olduğunu görüb təəssüflənir. Məsələn, sultanın, paşanın qəbuluna düşmək üçün keşikçinin bığının altından keçmək lazım gəlir. Başqa bir yerdə belə bir ironik bir cümlə işlədilir: “Həkim ürəkli olduğu üçün yox, xortdanlardan çox, əsgərlərin qılınclarından qorxduğu üçün oğlana yaxınlaşıb Bünyaminin nəbzini tutdu”. Görürük ki, güc strukturlarından qorxu bütün qorxulardan güclüdür və bu, əsrlər keçsə də, dəyişmir. 

Roman dünyanı, dünyadakı yerini başa düşmək istəyənlər, sonda başa düşməyin də minlərlə yolu olduğunu görənlər haqdadır. Dünya da böyük bir İstanbuldur. Burda yəhudisi də var, ermənisi də, türkü də, italyanı da, rusu da. Zorbalıq edəni də, mübarizə aparanı da, yatıb qalanı da, hər şeyi axışına buraxıb yaşayanı da. Elə İstanbulu, dolayısıyla həyatı gözəlləşdirən də budur: fərqlilik, müxtəliflik.