“Sandvargen” by Åsa Lind

Osa Lindin “Fabula” nəşriyyatında işıq üzü görən “Qum canavarı” seriyası üç kitabdan ibarətdir: “Qum canavarı”, “Yenə qum canavarı” və “Bir daha qum canavarı”. 

Əvvəl jurnalist kimi fəaliyyət göstərən, ardınca uşaqlar üçün kitablar yazmağa başlayan Osa Lind 2014-cü ildə Kulla-Qulla mükafatına layiq görülüb. Yazıçı həmçinin İsveç Uşaq Kitab Akademiyasının üzvüdür. Bundan başqa, müəllif “Qum canavarı”na görə Nils Holgerson diplomu ilə təltif olunub. Bu mükafat İsveçin uşaq kitabxanaları tərəfindən verilir. 

Əsərə gəldikdə, ümumi bir süjeti yoxdur, ayrı-ayrı kiçik hekayələrdən ibarətdir. Hekayələrin isə baş qəhrəmanı Zakarina adlı balaca qızdır. Bu qızcığaz anası-atası ilə dəniz sahilində bir evdə yaşayır. Uşaq ədəbiyyatına xas bir hadisə baş verir: Zakarina da bütün həmkarları kimi darıxmağa başlayır. Bilmirəm fikir vermisiniz, ya yox. Uşaqlar üçün nəzərdə tutulan əsərlərin demək olar hamısında hadisələri tətikləyən, trigger rolunu oynayan baş qəhrəmanın darıxmağı olur. Günlərin bir günü Zakarina atasını tələyə salmaq üçün çimərlikdə çala qazır. Gözlənilmədən həmin çaladan qəribə bir heyvan çıxır. Heyvanın qəribəliyi ondan ibarətdir ki, o, qum canavarıdır, lakin başqa canavarlardan fərqli olaraq, günəş və ay işığı ilə qidalanır. Bundan sonra Zakarinanın həyatı iki dünyadadavam edir: anası-atası ilə real dünyada, bir də qum canavarının sehrli dünyasında. Maraqlıdır ki, birinci dəfə bu iki dünya müqayisə edilmir, hansının yaxşı yer, hansının pis yer olduğu deyilmir, hətta Qum Canavarı real dünyanın daha möcüzəvi yer olduğunu söyləyir. Çünki real dünyada ürəyin nə istəyir baş verə bilər.  

Əsər kiçik epizodlar üzərində qurulub. Hər növbəti epizod Zakarinanın üzləşdiyi yeni hadisə, yeni termin və ya yeni çətinliklə əlaqəli olur. Və qızcığaz suallarına cavab tapmaq üçün həmişə Qum canavarına üz tutur. Qum canavarı bir növ Zakarinanın müdrik müəllimi, indiki dillə desək, uşaq auditoriyası üçün filterdən keçirilmiş “Google”dur. Ümumi nəzər yetirsək, hər uşağın bu cür həyat müəllimi olur. Bəzilərində bu cizgi filmləri, ardınca filmlər, bəzilərində kitablar olur. Bəzilərində isə elə həyatın özü. 

Bu seriyanın ən çox xoşuma gələn tərəflərindən biri o oldu ki, digər uşaq ədəbiyyatında tez-tez rast gəlinən “tərəfkeşliy”ə yer verməyib. Müəllif uşaqları haqlı, böyükləri haqsız çıxarmağa çalışmır. Valideyn işləyir, uşaq evdə darıxırsa, bunun günahı birincidə deyil. Həyat belə qurulub. Əsər hər iki cəbhəyə loyal yanaşır. Uşaqlar üçün dənizdə çimmək, balıq tutmaq necə vacibdirsə, böyüklər üçün də qəzet oxumaq və işə getmək elə vacibdir. Uşaqlar üçün ən çətin iş sakit oturmaqdırsa, böyüklər üçün ən çətin iş hər səhər yuxudan ayılıb rutinə atılmaqdır. Bütün bu qarışıqlığın ortasında əsas məsələ ortaq dil tapa bilmək, qarşındakının dərdini dinləyə bilməkdir. Doğru başa salındığı təqdirdə, uşaq da böyüklərin niyə işlədiyini, zamanın, dost-düşmənin nə olduğunu bilir.