“Everything I Never Told You” by Celeste Ng

Amerikalı yazıçı Seleste İnqin “Fabula” nəşriyyatında işıq üzü görən “Sənə deyəsi o qədər sözüm var ki” romanında cəmiyyətin xor baxdığı bir ailədən bəhs edilir. Bunun səbəbi isə çox sadədir: ata çinlidir, ana ağdərili. Ata bir vaxtlar daha yaxşı həyat üçün Amerikaya üz tutan çinli imiqrantların oğludur. Ömrü boyu yaşadığı sosiumla ayaqlaşmağa, həmin sosiumun bir hissəsi olmağa, sosiumun bir gün onu qəbul edəcəyinə ümid edən bir adamdır. Ana isə əksinə, ömrü boyu ağdərili qızlara biçilən standartlardan kənara çıxmaq istəyir, dövrünə meydan oxumaq istəyir, anası kimi evdarlıq edib, ərinin şıltaqlarına dözən ideal həyat yoldaşı olmaq istəmir. Və iki fərqli qütbü təmsil edən bu iki adam ailə həyatı qurur, birlikdə üç uşaq böyüdürlər. Lakin günlərin bir günü ortancıl qız – Lidiya göldə ölü tapılır. Bununla da ailənin həyatı darmadağın olur. Hamısı baş verənlərə səbəb axtarmağa başlayır. Əsər də ailə üzvlərinin Lidiya ilə bağlı xatirələri üzərində qurulub. Hər biri olanları öz rakursundan qiymətləndirir. 

Yazıçı ailədaxili məqamları elə incəliklə təsvir edir ki, o saat bilinir, bu, təkcə yaxşı müşahidə qabiliyyətinin nəticəsi deyil. 

O səhər o və Nat atalarına sosiskalı sendviç, hot doq və hava fişəngləri haqqında danışdılar, ataları da ötəri: “Baxarıq”, – dedi. İkisi də bunun “yox” demək olduğunu bilirdi.

Sonra müəllifin həyatını araşdıranda bu cür səhnələrin mənbəyi aydın olur. Sən demə, Selesta İnq də çinli immiqrantların ailəsində böyüyüb. Atası NASA-da işləyən fizik, anası isə bu əsərdəki ana obrazı kimi kimya müəllimi olub. İnq yazıçılığın elmdən çox az fərqləndiyini düşünür. Belə ki, onun fikrincə, alimlər də müəyyən hadisələrin səbəblərini öyrənmək üçün sınaqlar keçirməlidirlər. Müəllif də eyni şeyi öz beynində edir, xəyalən insanları müxtəlif vəziyyətlərə salır. Bu işdə ona müşahidə qabiliyyəti və introvertliyi kömək olur. 

Məktəb illərində Selesta yerli qəzetin redaktorlarından biri olub. Məzun olduqdan sonra yazıçılıq sənətini daha dərindən öyrənmək üçün Harvarda qəbul olub. Ardınca aspiranturanı bitirib, təhsil illərində əsərləri çap olunub. Lakin debüt romanı “Sənə deyiləsi o qədər sözüm var ki” hesab edilir. 

İlk baxışda adi ailə dramı kimi görünsə də, sosial bərabərsizlik, rasizm, ayrıseçkilik, səthi də olsa bullinq kimi çox ciddi məsələlərə toxunulur. Qəhrəmanlar Lidiya ilə bağlı xatirələrini paylaşdıqca, bütün mənzərə göz önünə sərilir. Valideynlər həyata keçməyən arzularını, reallaşdıra bilmədikləri planları necə övladlarına proyeksiya edirlər. Uşaqlar bu təzyiqin, razısalma istəyinin, özünütəsdiq prosesinin altında necə əzilirlər. Sevdiyini, əzizini, doğmanı xilas etmək üçün, sevgini birbaşa deyil, dolayı yolla göstərmək üçün yalan danışırsan, amma bu yenə də yalan olaraq qalır. Travmalı valideynlər istəmədən də olsa övladlarına travma yaşadır. Yaxşı niyyət, qarşılıqlız sevgi, həddindən artıq qayğı və fədakarlıq da bəzən adamı boğa bilir. Hamı bir-birinin yaxşılığını istəyir, amma bu yaxşılıq onun şəxsi lüğətindən götürülüb, qarşı tərəfin lüğətindəki yaxşılıqdan xəbərsizdir. Hamı yaxşı adamdır, heç kimə pis deməyə adamın dili gəlmir. Ancaq bu yaxşı adamlar elə bərkdən susur ki, sonda ölüm səssizliyi hamını öldürür, birini fiziki, o biriləri mənəvi. 

Roman həm də ona görə mənim üçün təsirli oldu ki, həyatımın müəyyən dövründə hər iki düşərgəni  təmsil etmişəm: həm Lidiya kimi həyatımın böyük bir hissəsini perfeksionist bir atanın gözləntilərini doğrultmağa çalışmışam, həm də bir xala kimi yeniyetmə bir qızın böyümə prosesində yol göstərən rolunda çıxış edirəm. Oxuduqca mənə danq elədi ki, Lidiyanın anası qızına bütün bayramlarda, ad günlərində ensiklopediyalar, kitablar, lüğətlər aldığı kimi mən də bacım qızına elə hey kitab hədiyyə edirəm. Onun bu il Şaxta Babaya yazdığı məktubdan necə böyük səhvə yol verdiyimi anladım. Lidiyanın anası onun nə istədiyini soruşmadan eləcə qızına kitablar hədiyyə edir. Lidiya isə sadəcə yaşıdları kimi boyunbağı istəyir. Oxşar səhnələrdən qorxuya düşdüm, ona görə taktikanı dəyişmək qərarına gəldim. Bu, bir kitabın oxucunun baxışını dəyişmək qabiliyyətinə kiçik bir nümunə idi.