Tanışlıq

Pandemiya dövründə mədəniyyət müəssisələrinin çoxu əllərindən gələni edirdilər ki, camaat evdə havalanmasın. Elə biz kasıblar da yüksək mədəniyyət adına nə gördüksə, həmin dövrdə gördük. Həmin vaxt günümün böyük bir hissəsi Kral Milli Teatrının sosial şəbəkə hesablarında keçirdi. Elə “Frankenşteyn”ə də onda baxmışdım.

Qatı Şerlok həvəskarıyam və bu obrazı canlandıran iki aktyorun səhnəni bölüşdüyünü görmək mənim üçün inanılmaz hadisə idi. Özü də hər dəfə hərəsi bir rolda olurdu: bir dəfə Viktor Frankenşteyn Benedikt Kamberbeç olurdu, Bədheybət isə Conni Miller, gələn dəfə yerlərini dəyişirdilər. Tamaşadan o qədər zövq almışdım ki, əsəri bir gün oxuyacağımı ağlımın bir küncünə yazmışdım.

Ötən ay  “Dartanyanlar” kitab klubunun Novruz marafonuna qoşuldum. “Od qrupu”nda adı çəkilən romanı görən kimi öz-özümə dedim ki, fürsət ayağına gəldi, haydi.

Yaranma tarixi

Bəxtim həm də onda gətirdi ki, kitabı oxumadan öncə müəllifin həyatından bəhs edən bioqrafik bədii filmi izlədim. Ona görə hazırlıqlı idim. Əvvəldən bilirdim ki, əsər hansı əlamətdar hadisələrin fonunda, hansı şərtlər daxilində və hansı mühitdə yazılıb.

Əsərin yaranma tarixi çox maraqlıdır. Meri Şelli bir neçə ay sevgilisi şair Persi Şelli ilə lord Bayronun İsveçrədəki villasında qonaq qalır. Günlərlə yağış yağır və villa sakinləri gəzintiyə çıxa bilmirlər. Başlarını qatmaq üçün bir-birlərinə qorxulu alman nağılları oxuyurlar. Elə həmin günlərin birində lord Bayron bir növ müsabiqə keçirmək qərarına gəlir. Şərti belə olur ki, qonaqların hər biri oxuduqları nağıllar kimi qorxulu hekayə yazmalıdır. Meri Şelli də bir neçə ayın içərisində “Frankenşteyn”i qələmə alır. Düzdür, əsər anonim şəkildə çap olunur. Lakin işıq üzü görən kimi dərhal ictimaiyyətin diqqətini cəlb edir.

Süjet

Bəs bu qədər marağa səbəb olan kitabda söhbət nədən gedir?  Viktor Frankenşteyn adlı gənc alim müəlliminin təsiri ilə həyat və ölümün səbəblərini araşdırır. Saysız-hesabsız təcrübələr həyata keçirir. Nəticədə topladığı insan cəsədlərinin hissələrini diriltməyi bacarır və nəhəng insan yaradır. Amma yaratdığı məxluqun simasını görəndə qorxusundan qaçıb uzaqlaşır. Bədheybət isə öz eybəcərliyi ucbatından insanlar tərəfindən qəbul edilmir. O da öz növbəsində qarabaqara yaradıcısını izləməyə başlayır, onun həyatını göy əskiyə bükür.

Assosiasiya

Bədheybəti yaratdıqdan sonra onu taleyin ümidinə buraxan, ondan üz döndərən, heç bir istəyini yerinə yetirməyən Frankenşteyn insanoğluna münasibətdə Yaradanı xatırlatmırmı? Hətta insanoğlu ilə müqayisədə Bədheybətin vəziyyəti daha ağırdır.

Adəm kimi, mən də başqa varlıqlarla açıq-aşkar heç bir əlaqə olmadan yaradılmışdım. Bütün digər hallarda isə onun vəziyyəti mənimkindən tamam fərqlənirdi. Tanrı onu öz əlləri ilə mükəmməl varlıq kimi yaratmışdı, xoşbəxtlik və rifah içində idi, yaradıcısının xüsusi himayəsi ilə qorunurdu. Özündən daha üstün təbiətli varlıqlarla ünsiyyət qurur, onlardan yeni biliklər öyrənirdi. Buna icazəsi var idi. Mən isə biçarə, köməksiz və tənha idim. Çox vaxt düşünürdüm ki, mənim vəziyyətimə ən uyğun simvol iblisdir. Hamilərimin xoşbəxtliyini gördükdə içimdə eynilə onun kimi həsədin acı toxumları cücərirdi.

Fiziki görünüşünə görə təcrid olunan Bədheybət müasir obrazdır. “Bəyin oğurlanması”nda Hidayət müəllimin sözü olmasın, həm müasirdir, həm aktual. O, “Disney” kinostudiyasının başlatdığı konsepsiyaya (məkrli qəhrəmanlar doğuşdan belə olmur, onları pis yola çəkən düşdükləri şərait və uşaqlıq travmaları olur)  uyğun xarakterdir. Düzdür, Meri Şellinin müasir “Disney” standartlarına cavab vermək kimi bir istəyi olmayıb.

Zəif cəhətləri

Müəllif əvvəlcə mövzunu hekayə şəklində işləmək istəyir. Lakin həyat yoldaşı Persi Şelli romana çevirməsini təkid edir, o da nümunəvi arvad kimi ərinin sözündən çıxmır (feminist anasının, radikal siyasi fikirləri ilə ad qazanan filosof atasının qulağından iraq). Format dəyişikliyi mətndə özünü bəlli edir. Bəzi təbiət təsvirləri, qəhrəmanların daxili monoloqları və motivasiya nitqləri təkrarlanır.

Bütün ədəbiyyat dünyası tərəfindən ilk elmi-fantastik əsər kimi qəbul edildiyi üçün “ilk”lərə xas müəyyən məntiq xətaları var: Bədheybətin qısa müddət ərzində bəlağətli danışığı, o boyda bədəni ilə hər yerdə gizlənə bilməsi, Frankenşteynin əsassızcasına özünə bəraət qazandırma cəhdləri və s.

Müsbət cəhətləri

Bütün bunlarla yanaşı əsərin ana ideyası çox yaxşı işlənib: mərdi qova-qova namərd etmək mümkündür. Yaxşı olmağa, yaxşılıq etməyə imkan verməmək də elə pislik etməyə bərabərdir. Səbəb nə olursa olsun, ayrıseçkiliyin hər növü yeni bir faciəyə yol açır. Birliyə can atdığın halda, yalnızlığa itələnmək, tənhalığa sürüklənmək çox vaxt həsəd və qisasla yekunlaşır.

Hər yerdə xoşbəxtlik görürəm. Lakin mənə qəti şəkildə bu xoşbəxtliyə daxil olmaq qadağandır. Xeyirxah və yaxşı biri idim. İztirablarım məni caniyə çevirdi. Mənə xoşbəxtlik ver və mən yenidən ləyaqətli olum.

Müdrikliyi və odu oğurlayıb insanlara verən və bu yolla bəşəriyyətin inkişafına yol açan Promotey kimi Viktor Frankenşteyn də insanlara həyat “oğurlamaq” istəyir. Onun qaraciyərini didib yeyən isə “oğurluq həyat” olur.

Nəticə

Roman mənim yaddaşımda yalnızlığın kitabı kimi qalacaq. Əsər yalnızlığın məsum bir varlığı caniyə çevirməsi haqqındadır.

İstənilən halda qovulmuş mələk xəbis şeytana çevrilir.