İş yerim evimdən uzaqdır. Özü də çox uzaqdır. Ona görə işdən qayıdanbaş gündəlik məsələləri götür-qoy eləməyə vaxtım olur. Özü də çox vaxtım olur. Və ictimai nəqliyyat sistemimizin təhlükəsizliyinə etibarım o qədər böyükdür ki, bu prosesdə fikirlərim dönüb-dolaşıb həyatımı film lenti kimi gözlərimin önünə sərir.  

Növbəti “seans”ların birində fərqinə vardım ki, ta uşaqlıqdan bu yana ətrafımda həmişə güclü (oxu: mübariz) qadınlar olub. Bilmirəm, mən onları cəlb etmişəm, ya onlar məni… Heç səbəbi maraqlı da deyil. Bir onu bilirəm ki, həyatımın hər mərhələsində, istər ailəmdə, istər yaxın çevrəmdə, istər məktəb illərində, istər tələbəlik, istərsə də iş həyatımda mübarizəsini beynimin bir küncünə yazdığım qadınlar olub.

Düzdür, bunlar böyük ideologiyalar uğrunda aparılan mübarizələr olmayıb, daha çox məişət səviyyəsində qırılan buxovlar, ehtiyatlı üsyanlar olub. Amma əsas odur ki, olub. İstifadə olunan vasitələri də çox vaxt dəstəkləməmişəm, qınamışam. Bəzisi manipulyasiyaya əl atıb, bəzisi yalana, bəzisi casus kimi qalanı içindən fəth etməyə çalışıb. Amma hər dəfə qınaq bataqlığına yuvarlanmamaq üçün Qetsbinin atasının qızıldan da qiymətli bu sözlərini xatırlamışam: “Əgər nə vaxtsa kimisə ittiham etmək fikrinə düşsən, unutma ki, səndə olan üstün cəhətlər dünyadakı bütün insanlarda yoxdur”.

Anam daxil olmaqla, bəzilərinin mübarizəsi indi mənə elə lazımsız və mənasız gəlir ki… Danışılası dərd deyil. Sonra ölçüb-biçirəm və görürəm ki, onlar doğru bildikləri dəyərlər uğrunda mübarizə aparıblar. Düzdür, indinin meyarları ilə o vaxtkı dəyərləri tərəziyə qoymaq da məntiqsiz addımdır. Zamanla dəyərlər də aşınır. Ancaq bu, onların doğruları olub. Çünki nəyi istədiyini bilməklə yanaşı, nəyi istəmədiyini bilmək də həyatda qalmağa çox kömək olur.

Ümid edirəm, uğrunda mübarizə apardığımız doğrularımız aşınmaya məruz qalmaz, ya da gələcək nəslin qınaq obyektinə çevriləcək qədər qalmaz. İstənilən halda, yeni dəyərlər formalaşdıran mübarizənin iştirakçısı olmaq insanı həvəsləndirir.