Lidiya Tar. Tanınmış bəstəkar və dirijor. Qəzetlər tez-tez ondan yazır, aparıcılar onu verilişlərinə qonaq etmək istəyir.Uğurlu və istedadlıdır. Yediyi önündə, yemədiyi arxasında (düzdür, vegetarian olduğu üçün bütün günü xiyar salatı ilə qidalanır).

Tiran və despotdur. Etiraza dözümü yoxdur, ətrafındakıları eninə-boyuna istismar edir, daha lazım olmayanda isə dallarına bir təpik vurur, özü də çox siyasi şəkildə. Gücünün fərqindədir, gücsüzləri görən gözü yoxdur, özündən güclüləri isə həzm edə bilmir. İtdən qaçdığı üçün yıxılıb şil-küt olduğunu boynuna almayacaq qədər eqoludur.

Tar, 2022

Və təbii ki, bu, belə davam edə bilməzdi. Allah da göydən sopasını göndərir. Bir vaxtlar Lidiyanın havadarlıq etdiyi tələbələrindən biri intihar edir. Bununla da internetdə ona qarşı hücumlar başlayır. “Ləğv mədəniyyəti”nin işləmə mexanizmi isə hamıya yaxşı məlumdur: vəzirdən səfil düzəltməkdə ustadır. Elə bu rolun ifaçısı Keyt Blanşet kimi.

Rejissor sanki bir neçə məsələni bir çuvala yığıb, hamısını birdən mühakimə masasına çəkir. Əbədi dilemmaları (sənətkarın yaratdığı önəmlidir, yoxsa vətəndaş mövqeyi?) lağ predmetinə çevirir. Bu film klassik musiqi sevərlər, filarmoniya binalarının sehrinə qapılmaq və əlbəttə ki, Blanşetin möhtəşəm maskulin tərzini izləmək istəyənlər üçün əla fürsətdir.