Vaxt var idi sinfimizdəki əksər oğlanlar şənbə gününü səbirsizliklə gözləyirdilər ki, ANS-dən gecə seansındakı “bədii” filmə baxıb, bazar günü gördüklərini praktikada tətbiq edib, bazar ertəsi bu təcrübəni nəzəriyyə şəklinə salıb dostları ilə müzakirə və təhlil etsinlər.
Vaxt var idi çörək növbələrində uşaqlı qadınları növbədənkənar qabağa ötürürdülər.
Vaxt var idi bananla snickersi bayramdan-bayrama görür və yeyirdik.
Vaxt var idi futbol üzrə dünya çempionatının oyunlarını bütün il boyu gözləyirdik.
Vaxt var idi yerli kanallar əcnəbi dildə, əsasən rusca, kabel tv-də hələ indi nümayiş olunan filmləri verirdi.
Vaxt var idi ANS AzTV-ə oxşamırdı.
Vaxt var idi “Поле чудес” (“Möcüzələr tarlası”) səkkizinci mikrorayon bazarını xatırlatmırdı.
Vaxt var idi satiriklər tamaşaçını güldürmək üçün söyüşə, bayağı və vulqar zarafatlara əl atmırdı.
Vaxt var idi “Ну, погоди”də dovşan tərəfdə idik.
Vaxt var idi böyüyüb ya həkim, ya müəllim olmaq istəyirdik.
Vaxt var idi “Ananı çox istəyirsən, ya atanı” sualına “hər ikisini” deyə cavab verirdik.
Vaxt var idi dənizkənarı bulvarı ailəvi istirahət və gəzinti məkanı bilirdik.
Vaxt var idi “Laçın” univermağı qabağındakı fəvvarədə bütün yay uzunu uşaqlar çimişirdi.
Vaxt var idi səhərlər “Xlor var, xlor” nəğməsinə yuxudan ayılırdıq.
VAXT VAR İDİ…
Leave a Reply
You must be logged in to post a comment.