Dostumdan Frans Kafkanın seçilmiş əsərlərindən ibarət kitab götürmüşdüm. Paralel olaraq elektron versiyada “Milenaya məktublar”ını oxuyurdum. Bu vaxta kimi oxuduğum yazıçılardan Kafka yeganə yazıçı oldu ki, məni eyni vaxtda müxtəlif və bir-birinə zidd hisslər yaşamağa vadar etdi: tez-tez əsəbiləşir, əsəbiləşdiyim qədər ona və qəhrəmanlarına (ən çox Qreqor Zamzaya) rəhmim gəlir, valeh olur və eyni vaxtda qınayırdım.
Məktub oxumağı sevirəm, onları özüm yazmamışamsa, lap çox sevirəm. Çünki məktublar insanların yaşadığı real hadisələrlə bağlı hisslərdən doğur. Doğmayanları da var, amma bu başqa məsələ. Məktubların başqa rabitə vasitələrindən fərqli olaraq üstünlüyü də var: ətir. Hər məktubun öz ətri var. Yazanın ətri, oxuyanın ətri, dövrün, zəmanənin ətri, mövzunun, duyğuların ətri…Məktub yazmaq gözəldir, məktub almaq sevinc, hərdən kədərdir, məktub oxumaq həyəcandır. “Milenaya məktublar”ı oxuyanda bunlardan ikisini yaşadım: özümü Milena bilib, məktub aldığımı zənn etdim – həm sevindim, həm kədərləndim və sanki yeniyetmə qızlar kimi başqasının sirrinə burnumu soxub olmazın həyəcan yaşadım.
“Milenaya məktublar”. Onları çox şey birləşdirirdi: Kafka yəhudi, Milena antifaşist, Kafka yazıçı, Milena tərcüməçi-jurnalist, hər ikisi diqqətsizlikdən əziyyət çəkir, hər ikisinin atası tiran. Övladlarını mükəmməl görmək istəyən valideynlər çox vaxt tiran olurlar. Kafka bu mükəmməlliyə çatmaq üçün çox cılız idi – həm fiziki, həm mənəvi.
“Mən meşə heyvanıyam, meşədə də olmuşam, çirkli bir kahada uzanmışam da (əlbəttə, yalnız mənim burda məskunlaşdığıma görə çirkli olan) – və birdən orda, açıqlıqda səni gördüm, möcüzələr möcüzəsi və özümü,hər şeyi unutdum, qalxdım, yaxına gəldim, – hələ bu yeni, doğma azadlıqdan qorxa-qorxa, yenə də yaxınlaşdım, sənə lap yaxın, sənsə mehriban idin, yumaq kimi yığıldım, üzümü ovuclarında gizlətdim, guya buna icazəm var idi, elə xoşbəxt, elə qürurlu, elə azad, elə qüdrətli idim ki, sanki isti ev tapmışdım – bu fikir yaxamdan əl çəkmirdi – ev tapmışdım, – ancaq heyvan olaraq qalırdım, evi yalnız və yalnız meşə olan heyvan, bu açıqlıqda təkcə sənin mərhəmətinə görə yaşayırdım, özüm də dərk etmədən taleyimi gözlərində oxuyurdum.
…
Hiss edirdim ki, sürünərək geriyə, öz qaranlığıma getməliyəm. Gün işığına dözə bilmirdim, ümidsizlik içində idim, azmış heyvan kimi gücüm yetənə qədər yüyürürdüm və əl çəkməyən fikir: “Onu da özümlə götürüm!” – və tam buna zidd olan başqa bir fikir: “Məgər o olan yerdə qaranlıq ola bilər?”
Soruşursan necə yaşayıram; bax belə yaşayıram…“.
Belə gözəl sözlər yazdıran bir məhəbbət… Uğrunda mübarizə aparılmayan məhəbbət…Mübarizəsiz məhəbbəti acizlər yaşayır. Aciz bədbəxtlər. Bədbəxt olmaq istəyənlər, daha doğrusu, bədbəxt olmaqdan xüsusi zövq alanlar, hər səbəbi böyüdüb bəhanəyə çevirib, şişirtməyi sevənlər…
“…hərçənd mən belə şişirtməyə bir az meyilliyəm“. (Frans Kafka “Atama məktub”)
Sevən bir kişiyə yaraşmayan xüsusiyyətlər – cəsarət çatışmamazlığı, təhlükəyə atılmamaq, qərarsızlıq. Zira sevən qərarlı olmalıdır, sevgi qərarlı olmağı tələb edir. Qərarsız sevgi – əgər beləsi mümkünsə – uçuruma doğru gedir. Mütləq və mütləq. Bədbəxt olmaq istəyi isə bu uçurumu qarşıya daha tez çıxarır.
Çəlimsiz, qətiyyətsiz, qorxaq, sakit, itaətkar, utancaq və xəstə. Bəlkə də xəstə olduğuna görə çəlimsiz, qətiyyətsiz, qorxaq, sakit, itaətkar, utancaq… Frans Kafka.
Yaratdığı qəhrəmanlar da özünə oxşayır. “Daha doğrusu…”, “Yəni…”, “Baxmayaraq ki…”, “Amma…” sözləri ilə başlayan cümlələri lazımından daha tez-tez işlədən qəhrəmanlar Kafka qətiyyətsizliyindən (tibbi termin kimi əlavə etmək lazımdır) əziyyət çəkir.
Və bütün bunların səbəbini xəstəliyində görür. Bu yanaşmada nə dərəcədə haqlıdır onu bilmirəm. Bir onu bilirəm ki, sağlam və xəstə adamın dünyaya baxışı, gələcəkdən gözlədiyi, ümidləri, arzuları bir-birindən çox fərqlidir. İkinci bunu dar çərçivəyə sığışdırmalı olduğu halda, birinci bu baxımdan tam sərbəst hərəkət edə bilər, önündə keçilməz maneə yoxdur. Olsa-olsa tənbəllik. Vay o adamın halına ki həm tənbəldir, həm xəstə. Məncə Kafka təbiəti tənbəlliyə meyillidir. Baxmayaraq ki, bu qədər əsər yaradıb. Ancaq yaratdıqlarını sevdiyindən və ya sevə-sevə yaratdığından əmin deyiləm.
“Elə sənət seçmək lazımdır ki, mənim şöhrətpərəstliyimə çox toxunmasın, eyni zamanda da biganəliyimə dözə bilsin“. (Frans Kafka “Atama məktub”)
Tarix, ədəbiyyat, incəsənət bizə dəfələrlə öz fiziki qüsurlarına, fiziki zəifliklərinə baxmayraq, Kafkanın söylədiyi kimi, “cəngavər mübarizəsi” aparan insanlar nümunə gətirib. Yazıçı “həşərat mübarizəsi” ilə ən azından mənə nümunə ola bilmədi.
“Boynuma alıram ki, biz mübarizə aparırıq, amma mübarizənin də iki növü var. Biri cəngavər mübarizəsidir ki, orda hər iki rəqib bir-birinə layiqdir, hərə öz gücünə görə döyüşür, hərə özü üçün məğlub olur, hərə özü üçün qalib gəlir. İkincisi isə zərərli həşarat mübarizəsidir ki, orda biri digərini sancmaqla kifayətlənmir, yaşamaq üçün onun qanını da sorur“. (Frans Kafka “Atama məktub”)
“Sevimlilər” bölməmə düşən əsərləri:
“Çevrilmə” – yaradıcılığının şah əsəridir, ən azından mənimçün. Hərçənd, müəllif özü bu novellasını bəyənmirmiş. “Çevrilmə” nə qədər vaxt keçir keçsin, həmişə aktuallığını qoruyub saxlayacaq. Zira insanların görmək istədiyi kimi deyilsənsə, mühakiməsiz-filan onlar səni insanlıqdan çıxaracaqlar.
“Cəza koloniyası” – məni təəccübləndirdi. Tamam başqa tərz, tamam başqa yanaşma, fərqli süjet, orijinal təhkiyə üslubu. İnsanda qəddarlıq və zalımlığa olan meylin, xeyirxahlıq və mərhəmətə olan meyldən daha çox olduğunu bir daha sübut edən hekayə.
“Çaqqallar və ərəblər” – sanki indiki siyasi mühit üçün qələmə alınıb.
“Böyük əməl üçün bu, hər avropalıya təklif edilir; onlar üçün hər avropalı bu işin öhdəsindən gələ bilən adamdır. Bu heyvanların mənasız arzusu var; axmaqdırlar, həqiqi axmaq. Bu səbəbdən onları sevirik: onlar bizim itimizdir; sizinkilərdən daha yaxşıdır“.
“Qanun qarşısında” – mən yazıçı olsaydım, belə bir pritça yazmaq istərdim. O qədər xoşuma gəlmişdi.
p.s. Yəhudilər həmişə məndə birmənalı təəssüratlar qoymadan gedirlər. Bunun səbəbini də onların “çox şey yazmaqla, əslində az şey demək” üsulu ilə əlaqələndirirəm.