Bayram münasibətilə anamla bacımgilə getmək qərarına gəldik. Nəqliyyat vasitəsi kimi metrodan istifadə elədik. Stansiyaların birində vaqona girən və qatar hərəkət etdikdən sonra dilənməyə başlayan, əyyaşlıqdan üzü qızarmış və şişmiş qoca qarı xeyli pul topladı. Axırda qapı şüşəsinin “Söykənməyin” yazısına söykənən polisə yaxınlaşdı və uca səslə nəsə deməyə başladı. Dediklərini ayırd edə bilmirdim. Amma mimikası və jestlərindən narazıçılıq və nifrət hiss olunurdu. Növbəti stansiyada dilənçi qarı düşdü. Polis özünə bəraət qazandırmaq məqsədilə üzünü bütün vaqona tutub gülə-gülə, sanki heç görünməmiş bir zarafat edircəsinə dedi:
– Dərd orasındadır ki, azərbaycanca da dilənmir e.
Nəticə 1. Ana diliniz olmasa belə deyilən sözlər sizə səmimi gələcək, əgər ürəkdən deyilibsə.
Nəticə 2. Üsyan edən, düzünü deyən həmişə əcnəbi olacaq. Dilənçi olsa belə.
Nəticə 3. Azərbaycan polisi sağlam rəqabətə söykənən mühitdə yaşamaq istəyir.
Bayram günü Elmlər Akademiyasından çıxandan sonra 96 nömrəli marşrutda oturub, avtobusun nə vaxt yola düşəcəyini gözləyirdik. Qapıya yaxınlaşan, başında fəs, saqqallı, barmağında gümüş üzük olan bir kişi göz-qaşla sürücüdən nəsə soruşdu, sonra başı ilə “yaxşı, oldu” anlamına gələn jest etdi və avtobusdan bir az aralandı. Siqaretini yandırıb çəkməyə başladı. O, siqaretini çəkincə avtobus adamla doldu. Bayaqdan tərpənəcəyimizi gözləyən sərnişinlərin hiddətini və arxadan siqnallayan kolleqalarının hirsini soyutmaq məqsədilə sürücümüz qaza basdı, ancaq hələ ki yerindən tərpənmədi. Elə bu vaxt molla sifətli kişi özünü avtobusa atdı və uca səslə dilənməyə başladı. Nitqinin mövzusu “yeni il münasibətilə Allahın yazıq bəndəsinə kömək etmək, əl tutmağa çağırış” idi. Bununla yanaşı, sərnişinlərə “müsəlman bacı və qardaşlarım” deyə xitab etməyi də unutmurdu.
Nəticə 1. Bir dini bayram üçün digər dinin terminlərindən istifadə edən dindarlara inanmayın.
Nəticə 2. Avtobus sürücülərinə “haqq” verən dilənçilər görəndə, “Ziya həyəcan xidməti”nə müraciət edin.
Nəticə 3. Bayram günləri evdən çıxmayın.
Toylar kralı Manaf Ağayevin yeni il şənliyində oxuduğu mahnının sözləri belə idi: “Pəncərəni bağlama, ay qız. Gedib yenə gələrəm, Elmira”.
Nəticə 1. Fəsillərin ağına-bozuna baxmadan eyni mahnını hər yerdə ifa edən müğənniyə qulaq asmayın.
Nəticə 2. Həmin müğənniləri bayram tədbirlərinə çağıran kanallara baxmayın.
Nəticə 3. Kanallarının hamısı bu cür müğənnilər oxutduran ölkədə yaşamayın ya da kabel televiziya xidmətindən istifadə edin.