Dəbdə olan yazıçılara xüsusi antipatiyam var. Atam isə həmişə deyir: “sevgidən fərqli olaraq nifrətə əsasların olmalıdır”. Bu prinsipi əsas götürərək, oxumamağıma baxmayaraq, sevmədiyim yazıçıların əsərlərini mütaliə etməyə başladım. Birincisi Pamuk oldu.
Boynuma alıram, əsərinin (“Mənim adım Qırmızı”) ilk səhifəsindən nifrətimi daha da artırmaq üçün bəhanələr toplamağa qərarlı idim. Bu ali məqsədə çatmağa maneçilik törədən Pamuk və Pamukun yazı üslubu ona nifrətimi soyudur, amma əvəzində hiddətimi artırırdı. Çünki ən pis vəziyyət “qınamaq istədiyin halda, onun haqlı olduğunu görmək”dir.

“Mənim adım Qırmızı”

…yeddi yaşımdan iyirmi iki yaşımacan rəssam olcağımı söyləyirdilər.
…Yalnız otuz yaşım tamamlananda qərara gəldim ki, “Rəssamlıq qismət olmadı” mövzusunda roman yazım”.
 
Əsərdə baş verənlər 1591-ci il, Sultan Muradın dövrünə təsadüf edilir. Nəqqaş Əniştə əfəndiyə şahzadələrin sünnət mərasimini firəng üsulu (perspektiv) ilə rəsm edib, kitab şəklinə salmaq tapşırılır. O da ətrafına ən bacarıqlı Zərif, Kəpənək, Leylək və Zeytun ləqəbləri ilə tanınan ustaları yığır. Zərif əfəndinin ölümü ilə başlayan və Əniştə əfəndinin əri müharibədən qayıtmamış qızı Şəkurənin ərə getmək cəhdlərinin rəng qatdığı əsərdə nə əsl məhəbbətə, nə əsl dostluğa, nə əsl etibara rast gəldim. Hamı bir-birinə paxıllıq edir, hamı bir-birinə həsəd aparır, hamı bir-birinin torbasını tikir. Yazıçının adəm övladının içinə bu qədər yaxşı bələd olması məni təəccübləndirdi, təsvirlərinin gözəlliyi məni valeh etdi, təhkiyə üslubu maraqlı gəldi, qəhrəmanlarının bu qədər real olması kədərləndirdi.
Sonra müsahibəsində dediyi: “Nəsrim mahiyyətcə təsvir enerjisiylə bağlıdır, təsvirsə – hakim olmaq, nəzarət etmək, malik olmaqdır” fikri məni bir az hövsələdən çıxardı. Təvazökarlıqdan uzaq, “niyə” məhz bu cür yazdığını bilən, oxucuların onlardan nə gözlədiyini artıq özləri üçün aydınlaşdıran yazıçılar mənə çox uzaqdırlar.
Əsərdə qətllər, səfeh aşiq kişilərin qısqanclığı fonunda gözümdən qaçmayan bir şey də oldu: Herat nəqş məktəbi ilə firəng rəssamlıq sənətinin üzləşdirilməsi, islam və xristian dininin sənətkarlığa göstərdiyi təsir, mühafizəkarlarla müasir fikirli ustadların mübarizəsi, hər iki tərəfin haqlı və haqsız tərəfləri. Ancaq nədənsə oxuduqlarım mənə yazıçının qərb sənətinə meyilli olması, bu mövzuda obyektivliyini qoruya bilməməsi təsirini bağışladı.
Bütün ömürləri boyu şəxsi üslubları olmasına görə firəngləri təqlid edəcəklər. Firəngləri təqlid elədiklərinə görə də şəxsi üslubları heç olmayacaq.
Sonra müsahibəsində oxuduğum bu fikri romanının bağışladığı təsirin doğruluğunu bir daha sübut etdi: “İstanbul kitabları, ədəbiyyatı vardı, bir də ona heç bənzəməyən, bənzəməməsi bizə həm əzab, həm də ümid verən Qərb dünyasının kitabları”.Hər şey bir yana əsərdə rəsm, nəqş, çəkilən əşyaların təsvirləri yazıçının rəssamlıq sənətinə, rənglərə, tablolara, şəkillərə olan məftunluğunu və sonsuz məhəbbətini nümayiş etdirirdi. 

 Sonda Şəkurə belə bir istəyini dilə gətirir: “Xoşbəxtliyin rəsminin çəkilməsini istərdim. Bunun necə rəsm ediləcəyini çox yaxşı bilirəm. Bir ana rəsminin çəkilməsini istərdim, iki uşağı olsun; qucağında gülümsəyə-gülümsəyə tutub əmizdirdiyi kiçiyi o ananın iri döşünün ucunu xoşbəxtliklə gülümsəyə-gülümsəyə əməndə, yüngülcə qısqanan böyük qardaşla ananın gözlərinin tapışmasını istərdim”.
Bunu oxuduqdan sonra xeyli düşündüm, “mən xoşbəxtliyin rəsmini necə görürəm” deyə xəyala daldım. Amma ağlıma bir şey gəlmədi. Bu haqda siz nə düşünürsünüz?Sonda Paulonun hər zaman söylədiyi, o məşhur işarələrə fikir verdim:

  1. Atamın adı Rasimdir, mənası “rəssam” deməkdir.
  2. Zərif və Əniştə əfəndini öldürən qatil Zeytun çıxdı. Mən zeytunu heç sevmirəm.
  3. Romanı bitirməyimə az qalmış, anam mənə qırmızı yun sapdan köynək hörməyə başladı.
  4. Bütün bunları qələmə alan yazıçının adı Orxandır.